İqtisadi nəzəriyyə bir elm kimi inkişaf etdikcə nəzəriyyəçi alimlərin onun predmetinə, əsas funksiyasına və əsas praktik və nəzəri nəticələrinə baxışları dəyişirdi. Belə ki, ilk siyasi iqtisad məktəbinin nümayəndələri - ilkin kapital yığımı dövrü ticarətçilərinin maraqlarını əks etdirən merkantilistlərin elmi tədqiqatlarının predmeti milli sərvət idi. Sərvətin mənbəyi ticarət elan olunurdu, sərvətin özü isə əsasən pulla eyniləşdirilirdi. Bu təlimin əsas vəzifəsi əmtəə-pul münasibətlərinin aktivləşdirilməsi, pula tələbatın artması ilə bağlı ölkəyə qızıl və gümüşün cəlb edilməsi hesab edilirdi. Bu təlimin gəldiyi əsas nəticə təsərrüfat həyatında mühüm rol oynayan dövlətin iqtisadi siyasətinə təsirin zəruri olması idi. Fiziokratlar məktəbi siyasi iqtisadın predmetini - milli sərvəti - tədavül sahəsindən istehsal sahəsinə keçirtdi. Bu, iqtisadçıların böyük nailiyyəti idi, baxmayaraq ki onlar yanlış olaraq «sərvət»in mənbəyinin yalnız kənd təsərrüfatı əməyi olduğunu hesab edirdilər. Bununla da elmin praktik funksiyası kənd təsərrüfatında istehsalın həvəsləndirilməsi ilə məhdudlaşdırılırdı, gəlinən əsas nəticə iqtisadiyyatın təbii inkişafının gedişinə dövlətin qarışmasının məhdudlaş- dırılmasının zəruriliyi oldu. Klassik ingilis siyasi iqtisad məktəbinin nümayəndələri siyasi iqtisadın predmetini istehsal şərtlərinin və yığımın (A.Smit), həmçinin sənaye, kənd təsərrüfatı, tikinti, meşə təsərrüfatını və s. özündə ehtiva edən maddi istehsalın bütün bölmələrində yaradılan milli sərvətin bölgüsünün (D.Ri- kardo) tədqiqinə qədər genişləndirdilər. Siyasi iqtisadı milli sərvətin istehsalı, bölgüsü və istehlakı haqqında elm hesab edən ayrı-ayrı müasir Qərb iqtisadçıları da siyasi iqtisadın predmeti haqqında həmin fikirdədir. Lakin milli sərvət məfhumunun dərki iqtisadi fikrin tarixi inkişaf prosesində dəyişkən olmuşdur. Əvvəlcə milli sərvət deyəndə pul, sonralar istehsalın nəticəsi başa düşülürdü, hazırda isə milli sərvətə insanın özü, intellekti və cəmiyyətin sonrakı inkişafının mənbəyi kimi informasiya da daxildir. Klassik siyasi iqtisadın praktik funksiyası milli sərvətin artırılması amillərinin əsaslandırılması (ictimai əmək bölgüsünün dərinləşməsi, istehsalın genişlənməsi, məşğulluğun və əmək məhsuldarlığının artması, cəmiyyətin milli gəlirində dövlət xərcləri payının minimuma endirilməsi və s.) ilə məhdudlaşırdı. Bu təlimdə iqtisadi nəzəriyyənin pozitiv (necə varsa) və normativ (necə olmalıdır) funksiyaları göstərilir. Əldə olunmuş praktik nəticə dövləti bazar proseslərinin təbii gedişinə istənilən şəkildə qarışmaqdan çəkindirməkdir. Marksist siyasi iqtisadının tədqiq predmeti ictimai həyatın təhlilində sinfi yanaşmaya müvafiq olaraq əsasını mülkiyyət münasibətləri təşkil edən istehsal münasibətləridir. Bu, mühüm əhəmiyyət kəsb edirdi, çünki bundan istehsal münasibətləri sistemindən iqtisadi qanunlar, ziddiyyətlər, sinfi münaqişə, proletar diktaturası və inzibati-amirlik təsərrüfat sistemi hökmranlığının zəruriliyi irəli gəlirdi. İstehsal münasibətləri həyat nemətlərinin istehsalı, bölgüsü, mübadilə və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir. İstehsal münasibətlərinin bu ən ümumi xarakteristikası istehsal münasibətlərinin ictimai istehsalın zəruri hissəsi olduğunu söyləməyə əsas verir. «İstehsalda insanlar yalnız təbiətlə münasibətə girmirlər. İstehsal etmək üçün insanlar müəyyən əlaqə və münasibətlərə girirlər və yalnız bu ictimai əlaqə və münasibətlər çərçivəsində onların təbiətə münasibəti mövcuddur, istehsal var*.1 Siyasi iqtisadın (ümumi iqtisadi nəzəriyyənin) predmeti- nin əməyin yaratdığı ictimai münasibətlərin və əməyin tabe olduğu qanunların olması fikri hələ XVIII əsrdə bir sıra iqtisadçılar, o cümlədən Koklen tərəfindən söylənilmişdi. Bu fikir ən çox XX əsrin əvvəllərində rus iqtisadçıları arasında yayılmışdı. Bu istiqamətdə Q.V.Plexanov çox iş görmüşdü. O, siyasi iqtisadın istehsal münasibətlərinin inkişafı haqqında elm kimi yalnız predmetini müəyyənləşdirməmiş, həm də xeyli dəqiqləşdirmələr apararaq bilavasitə istehsal münasibətlərini (ictimai-iqtisadi, əmlaki münasibətləri, mülkiyyət münasibətlərini) və məhsuldar qüvvələrin ictimai təşkilinə aid olan təşkilati-istehsal münasibətlərini ayırmış, ictimai münasibətlər sisteminin daxili ziddiyyətlərini göstərmişdi. Marjinalistlər siyasi iqtisadın predmetinin fərdlərin və sosial institutların (firma, qrup, insanlar və s.) davranışı, onların öz məqsədlərinə çatma yolları və vasitələrinin təhlili olduğunu bildirirdilər. Praktik funksiya subyektin konkret iqtisadi şəraitdə davranış motivlərini diqqətlə öyrənib izah etmək idi. Əsas praktik nəticə firmanın iqtisadi siyasətinin əsaslandırılmasıdır. Mikroiqtisadiyyatın yaranması bu istiqamətlə bağlıdır.
Klassik siyasi iqtisadın və marjinalizmin əsas müddəalarını sintez etməyə cəhd etmiş A. Marşal 1 iqtisadi nəzəriyyənin və ya siyasi iqtisadın predmetini insan cəmiyyətinin normal həyat fəaliyyətinin tədqiqi: sərvətin və qismən insanın, daha doğrusu, fəaliyyətə həvəsləndirmələr və müqavimətə motivlərin tədqiqi kimi təyin etmişdi. Bu kimi tərifdə insanın iqtisadiyyatdakı rolu vurğulanır.
Keynsian məktəbinə görə iqtisadi nəzəriyyənin predmeti milli iqtisadiyyatın vahid bir tam kimi fəaliyyət göstərməsi olur. Praktik vəzifə dövlətin iqtisadi siyasətinin hazırlanması hesab olunur. Əsas praktik nəticə əhalinin məcmu tələbinin və özəl sahibkarlığın həvəsləndirilməsinin zəruriliyidir.
Mikro- və makroiqtisadiyyatın sintezini həyata keçirmiş Pol Samuelson özünün bütün dünyada məşhur olan «Ekono- miks» dərsliyində iqtisadi nəzəriyyənin (siyasi iqtisadın) çoxsaylı təriflərini verir və göstərir ki, ekonomiks insanla- rin gündəlik işgüzar həyatı və fəaliyyəti haqqında elmdir. Müasir iqtisadi ədəbiyyatlarda siyasi iqtisadın predmeti- nin resursların «nadirliyi»ni, məhdudluğunu öyrənən elm olması fikirləri yayılmışdır. Məsələn, C.Robinson yazır ki, siyasi iqtisad məqsəd və tətbiqinin alternativ yolları olan məhdud vasitələrin arasında əlaqələr kimi insanların davranışını tədqiq edən elmdir. P.Samuelsona görə isə o, qoyulmuş məqsədə nail olmaq və ya alternativ üsullarla tətbiqini nəzərdə tutan məhdud istehsal resurslarından istifadə olunması yollan haqqında elmdir. İqtisadi nəzəriyyənin predmetini öyrənərkən onu daha yaxşı dərk edə bilmək üçün diqqət mərkəzində aşağıdakıların olması daha məqsədəuyğundur: tədqiqat dairəsi - təsərrüfat fəaliyyətinin həyata keçirildiyi iqtisadi həyat və ya mühit; tədqiqat obyekti - iqtisadi hadisələr; tədqiqat subyekti - insan, bir qrup insan, dövlət; tədqiqat predmeti - «iqtisadi adanmn, bir qrup insanın və dövlətin həyat fəaliyyəti, onların içərisində olduqları iqtisadi mühitlə bağlı iqtisadi davranışları. Bu zaman mütləq qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin əsas vəzifəsi sadəcə olaraq iqtisadi hadisənin təsvirini vermək deyil, onların qarşılıqlı əlaqəsini və qarşılıqlı şərtlənməsini göstərmək, iqtisadi proses və qanunlar sistemini açıqlamaqdır. Onun konkret iqtisadi fənlərdən fərqi bundadır.