2. Şüurun mahiyyəti, strukturu və funksiyaları
Dialektik materialist konsepsiya şüuru inikasla bağlı nəzərdən keçirir ki, bu da onun mahiyyətini və yaranma şəraitini aydınlaşdırmağa kömək edir. Materiyanın atributiv xassələrindən biri inikasdır. İnikas maddi obyektlərin qarşılıqlı təsiri prosesi və nəticəsini, digər obyektlərin xüsusiyyətlərini öz strukturunda təkrar etmək, qarşılıqlı təsirin izini saxlamaq qabiliyyəti başa düşülür. İnikas xassəsi müxtəlif təzahür formalarına malikdir və materiyanın inkişafında aşağı pillələrdən daha yüksək pillələrə keçdikcə keyfiyyətcə dəyişilir.
Cansız təbiətdə inikas mexaniki, fiziki, kimyəvi proseslərdə təzahür edir və nisbətən passiv xarakterə malikdir. Bir obyektin o birinə təsiri cavab reaksiyası təsiri törədir, müəyyən iz qoyur. Məsələn, insanın dəniz sahili boyunca hərəkəti onun qum üzərində izlərində təkrar olunur.
Ətraf mühit temperaturunun dəyişilməsi cismin genişlənməsinə və ya sıxılmasına səbəb olur. Xarici kimyəvi təsir cismin molekulyar quruluşunda cavab dəyişiklikləri törədərək yeni əlaqələr, elementlər, yeni birləşmələr əmələ gətirir. Canlı təbiət səviyyəsində olan inikasın bioloji forması daha aktiv uyğunlaşdırıcı-qabaqlayıcı xarakterə malikdir. Burada inikasın nəticələrindən dünya haqqında informasiya kimi istifadə edilir ki, bu da orqanizmin həyat fəaliyyətini tənzim etməyə imkan verir.
Elmi məlumatlara görə, 3-5 milyard ildən artıq mövcud olan canlı aləmin inkişafı prosesində uyğunlaşdırıcı – qabaqlayıcı inikas ən sadə bioloji formalarda (qıcıqlanma fəaliyyəti, sinir toxumasının oyanma qabiliyyəti) ali heyvanlarda isə inikasının psixi formalarınadək (psixi aktlar, şərti refleks) uzun yol keçmişdir.
Ali heyvanlarda inikas fəaliyyəti psixi proseslər (hisslər, qavrayışlar, təsəvvürlər) şəklində gedir. Lakin heyvanlarda psixi proseslər insanın psixikası ilə eyni deyildir. Heyvanlar mühitə münasibətlərini dərk edib onu məqsədyönlü surətdə dəyişdirməyə qadir deyillər. Onlar informasiyanın məzmununu onun daşıyıcısından, siqnaldan ayırmırlar və mücərrəd anlayış təfəkkürləri yoxdur. Vaxtilə İ.P.Pavlovun dediyi kimi, insan ağlından fərqli olaraq, heyvanların psixikası, yalnız “intellektin rüşeymi, predmetli təfəkkürdür”.
Sosial səviyyədə inikas prinsipcə yeni xarakter kəsb edir. İnsanda inikas dərk olunan, hissetmə və təfəkkür tam mənada aktiv, əməli-yaradıcı olur. Dünyanı aktiv surətdə əks etdirərək insan özünü təbiətdən ayırır, fəaliyyətdə olan şəxs kimi dərk edir, qarşıya məqsəd qoyur, hərəkətləri planlaşdırır, şeyləri düzəldir. Sosial inkişaf səviyyəsində inikasın forması da dəyişir. O, spesifik insana xas olan ideal şəkil alır, hissi inikas daha dərin və dərk edilmiş məzmun kəsb edir. Onun üzərində dünyanı anlayışlarda ümumiləşdirilmiş şəkildə əks etdirən mücərrəd təfəkkürdən özünəməxsus üstqurum yaranır. Beləliklə, cansız və canlı təbiətin uzun sürən özinkişafı prosesində insanın formalaşması cansız təbiətdəki formaca maddi inikas öz əksinə- materiyanın sosial təfəkkürlü səviyyəsində ideal formaya keçir. İnikasın sosialdan əvvəlki inikas formalarının inkişafı insan şüurunun tarixdən əvvəlki dövrüdür. Tarixə qədərki dövrün bu mərhələsində ümumi və bilavasitə bioloji ilkin şərtləri mühüm rol oynayır. Şüurun yaranmasının ümumi bioloji ilkin şərtlərinə aşağıdakılar aid edilir: canlı orqanizmlərin əmələ gəlməsi, canlı materiyanın differensasiyası, diffuz sinir hüceyrələrinin yaranması, sonra isə mərkəzi sinir sisteminin (xüsusən baş beyinin) formalaşması və inkişafı.
Bilavasitə bioloji ilkin şərtlər qədim antropoidlərin-insanın və müasir insanabənzər meymunların ümumi əcdadının təkamülü ilə əlaqədardır. Şüurun yaranmasının ən yaxın zəmini, hər şeydən əvvəl, əsəb sisteminin inkişafı, həmçinin, insanabənzər məxluqların bədən təşəkkülü və onların mövcudluğunun sürü formasıdır.
Bilavasitə bioloji ilkin şərtlər şüurun yaranmasına imkan hazırlamışdır. Lakin həmin imkanın gerçəkliyə çevrilməsi üçün bunlar kifayət deyildir. Şüurun meydana gəlib inkişaf etməsində sosial şərait, ictimai həyat amilləri həlledici rol oynamışdır: əmək, aydın nitqin əmələ gəlməsi, sözlə ünsiyyət, cəmiyyət əlaqələrinin yaranması, insan kollektivində yaşama: şüurun yaranmasında ən mühüm amil kimi əmək, formalaşan insanların əmək fəaliyyəti olmuşdur.
Əmək fəaliyyətinin yaranmasında və inkişafında üç mərhələ ayırd edilir:
1. Ali meymunların (driopiteklərdən tutmuş avstralopiteklərədək) alətlə uyğunlaşma fəaliyyəti;
2. Formalaşan insanların (pitekantropların, sinantropların və s.) əmək fəaliyyəti;
3. Müasir fiziki tipli insanların əməyi.
Birinci mərhələdə qida əldə etmək, hücüm və ya müdafiə üçün alət kimi təbii əşyalar tək-tək, təsadüfi istifadə edilməsindən müntəzəm istifadəyə keçilir. Alətlə fəaliyyətin təsiri altında antropoidlərin şüurdanqabaqkı psixikası inkişaf etmiş, predmetlər arasında ən sadə əlaqələr yaratmışdır. Əmək prosesinin rüşeymlərinə özündə bilavasitə analiz, sintez, müqayisə, ümumiləşdirmə elementlərini birləşdirən və predmet fəaliyyətində cəmlənmiş əyani—aktiv “əl” təfəkkürünün formaları uyğun gəlir.
Əcdadlarımızın psixikasının inkişafında dərin dəyişikliklər ikinci mərhələdə baş vermişdir. Bu mərhələ antropoidlərin alətlə uyğunlaşma fəaliyyətinin tədricən şüurun oyanması ilə formalaşmaqda olan insanların əməyinə çevrilməsi ilə səciyyələnir. Əmək aləti ilə müntəzəm fəaliyyət insanın anatomiyasını dəyişdirmişdir. Əmək düz yeriməyə keçidi başa çatdırdı, əli təkmilləşdirdi, insan beyninin kəskin sürətdə informasiya ilə zənginləşməsinə səbəb oldu və onun sürətli inkişafına kömək etdi. Əmək ünsiyyət tələb edir. O, nitq orqanlarının inkişafını stimullaşdırır, birgə hərəkət formalarını möhkəmləndirir və təkmilləşdirir. Bu mərhələdə keyfiyyətcə yeni fəaliyyət forması yaranır. Əmək alətlərindən istifadə edilməsi, onların digər alətlərin köməyi ilə düzəldilməsi. Daşdan, ağacdan sadə əmək alətlərinin düzəldilməsi insanın heyvan vəziyyətindən ayrılmasını müəyyən edən amildir. Alətlərin hazırlanması prosesi tədricən ali sinir fəaliyyətini təkmilləşdirmişdir. Təfəkkür müstəqillik elementləri kəsb edir, əvvəlcə əyani – obrazlı formada mövcud olur, sonra isə getdikcə daha çox ondan yayınma xarakteri alır və mücərrəd-obrazlı təfəkkürə çevrilir.
Əmək özünün inkişafının üçüncü, ali mərhələsində sözün əsl mənasında insani xarakter kəsb edir. Müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş mürəkkəb əmək alətlərinin tətbiqi, əməyin istehsal fəaliyyəti formalarının ayrılması, yaradıcı xarakterə malik olması, təbiətin özündə mövcud olmayan yeni əşyaların hazırlanması kimi ən mühüm xüsusiyyətlər yaranır. Beləliklə, inkişaf etmiş əmək prosesinə mücərrəd anlaşıqlı təfəkkür, insan ağlı uyğun gəlir.
Əmək insan şüurunu törətmiş, şüur isə əməyi səmərələşdirərək onu məqsədyönlü və yaradıcı etmişdir. Obrazlı desək “əl başı yaratmışdır”. İnsan şüurunun yaranmasında və inkişafında nitqlə ünsiyyətin, dilin böyük əhəmiyyəti vardır. F.Engelsin yazdığı kimi “Əvvəlcə əmək, sonra isə onunla birlikdə aydın nitq iki ən başlıca amil olmuş və bunların təsiri altında meymunun beyni tədricən insan beyninə çevrilmişdir; bu beyin meymun beyninə çox bənzəməklə bərabər, böyüklüyü və mükəmməlliyi cəhətdən ondan olduqca üstündür”.
Əvvəllər, alətlə fəaliyyət mərhələsində siqnal vasitələri kimi konkret əşyalardan, sonralar isə silahla hərəkət etməyin simvolu olan jestlərdən və səslərdən ibarət olurdu. Görünür, dilin yaranmasına doğru yol, heyvanların çıxardığı səslərin siqnal əhəmiyyətindən başlanır. Təkamülün gedişində aydın nitq formalaşmağa başlayır. Nitqin verdiyi üstünlüklər nəzərə alınsa, güman etmək olar ki, həmin mərhələdə təbii seçmə öz işini daha yaxşı danışanların xeyrinə davam etdirmişdir. Beləliklə, təkmilləşən ikinci siqnal sistemi ilə nəsillərin inkişafı üçün imkanlar açılmışdır. Tədricən mühakimə və anlayışların həm daxili, həm də xarici nitqdə mövcud olması üçün şərait yaranmışdır. Sonra aydın səslər sözlərə keçmiş, artikulyasiya aparatını inkişaf etdirmişdir.
Beləliklə, nitq dilin özünü mürəkkəbləşdirmiş, artikulyasiya aparatının inkişafını təmin etmiş, ikinci siqnal sistemini yaratmaqla əşyalar əvəzinə anlayışlardan istifadə etməyə imkan vermişdir. İ.P.Pavlov yazırdı ki, “söz birinci siqnalların siqnalı olub, gerçəkliyin II siqnal sistemini təşkil etmişdir”. Ona görə də insanın fəaliyyəti ilk növbədə bioloji yox, ictimai qanunlarla müəyyən edilir. Lakin bu hələ insanın hazırda malik olduğu şüurun yaranması üçün kifayət deyildir. Bunun üçün daha bir şərt lazım idi-insanın əcdadlarının birlik forması, elementar əxlaq normalarının (qarşılıqlı kömək, qarşılıqlı müdafiə, birgə həyacanlanma, altruistik qurbanlar) formalaşmasına səbəb olan kollektiv həyat. Bu, sərt təbii seçmə şəraitində insanı qoruyub saxlayan ən vacib səbəblərdəndir. İcma həyatı fərdlərə özləri, ətraflarındakı özlərinə oxşar fərdlər haqqında təsəvvür əldə etməyə imkan verdi. Bu yolla “Mən” və “Qeyri-Mən”, “Biz” meydana gəldi, mənlik şüuru formalaşdı.
Beləliklə, şüurun bioloji və sosial ilkin şərtlərinin təhlili belə bir nəticəyə gəlməyə imkan verir ki, sosialla biolojinin qarşılıqlı təsiri prosesində insan şüurunun formalaşmasına sosial şərait həlledici təsir göstərmişdir. Məhz bunlar insanın təbiətdən ayrılmasını, predmet və zehni fəaliyyətini şərtləndirmiş və şüurun inkişafına şərait yaratmışdır.
Şüurun mövcudluğu meyarlarına bilikdən istifadə etmək, informasiyanın mücərrəd simvollar şəklində bir şəxsdən digərinə istiqamətlənmiş surətdə ötürmək qabiliyyəti və s. kimi əlamətləri aid etmək olar. Bu, şüurun obyektiv əlamətləri şüurlu həyatın hiss edilməsi, onu əhatə edən dünyada öz varlığının hiss edilməsidir. Şüur özünün ətrafdakıları qavramaq və başa düşmək, öz tələbatına uyğunlaşdırmaq qabiliyyətinin dərk edilməsindən ibarətdir. Bu, şüurun subyektiv meyarıdır.
Şüura tərif vermək üçün çoxlu cəhdlər edilmişdir. Formulları və mənaları çox müxtəlif olsa da, şüurun təriflərinin böyük əksəriyyətində ümumi cəhətləri vardır. Onları cəmləşdirsək aydın olur ki, əvvəla, təriflərdə şüurun nə olması, nə vaxt və necə formalaşması suallarına cavab verilmir, ancaq onun funksiyaları sadalanır, ikincisi, şüurun funksiyaları inert obyektlər qiymətində deyil, fəal proseslər kimi təsvir edilir.
Şüurun əsas funksiyaları təfəkkür, xatiratlar, hisslər, arzular və digər proseslərin vasitəsilə həm daxili, həm də xarici təsirlərin ardıcıl səfərbər edilməsi, qiymətləndirilməsi və onların saxlanılmasından ibarətdir. Bunları daha konkret nəzərdən keçirmək üçün aşağıdakıları aydınlaşdırmaq zəruridir: 1. Şüurun daxili və xarici təsirlərlə əlaqədar olmayan hər hansı bir funksiyası vardırmı? 2. Şüur davranışla yanaşı başqa bir şeydə təzahür edə bilərmi? 3. Şüur beyin fəaliyyətindən kənarda mövcud ola bilərmi?
Bu suallar hamısı mənfi cavablandırılsa belə bir nəticəyə gəlmək olar ki, şüur hökmən xarici təsirlərlə, davranış və beyinin fəaliyyəti ilə əlaqədardır. Aydındır ki, beyin oyanmadan şüur mövcud ola bilməz, davranışsız isə onu axıra qədər dərk etmək olmaz. Şüur insanın doğulduğu andan bütün həyatı boyu bütövlüklə sensor informasiya axınından asılı olduğundan ona daxil olan informasiyanın beyində işlənilməsi kimi müəyyən etmək olar. Bu zaman ağırlıq mərkəzi həmin informasiyanın mənşəyinin, qəbul edilməsinin, verilməsinin, saxlanmasının, səfərbər edilməsinin və nəticələrinin aydınlaşdırılmasına keçirilir.
Materialist dialektika yanaşmaya görə şüurun bilavasitə mahiyyəti şüurun mənşəyinin təhlilindən keçir. Bu da şüurun materiyaya nəzərən ikinciliyi aspektini aşkar etməyə imkan verir. Şüur yalnız materiyanın müəyyən inkişaf mərhələsində, onun ən mürəkkəb təşkili formaları meydana gəldikdə yaranır. Mürəkkəb təşkilli materiyanın konkret formalarının, şüurun bilavasitə daşıyıcılarının nəzərdən keçirilməsi şüurun öz orqanı olan beyinə nisbətən ikinciliyini göstərir. Beləliklə, şüur içtimai cəhətdən inkişaf etmiş insan beyninin funksiyasıdır. Gerçəkliyin inikasının xüsusi yüksək forması olan şüurun bir sıra mühüm, xarakterik xüsusiyyətində təzahür edən dərin mahiyyəti məhz bundan ibarətdir. Şüur varlığın insana məxsus olan spesifik, ideal inikasıdır. O, obyektiv məzmunu subyektiv formada təkrar istehsal edir. Şüur yaradıcı, gerçəkliyin fəal surətdə dəyişdirici inikasıdır. Şüur gerçəkliyi nəinki əks etdirir, eyni zamanda onu yaradır.
Bütün bu xarakteristikaları ümumiləşdirərək, belə nəticəyə gəlmək olar ki, şüur materiyanın tarixi inkişafının məhsulu, ictimai insana xas olan beyinin ali funksiyası olub, gerçəkliyin ideal, adekvat, fəal dəyişdirici inikasıdır.
Şüurun strukturuna bilik, emosiyalar, iradə daxildir. Bu, şüurun strukturunun komponentinə ən çox yayılmış baxışdır. Bilik-gerçəkliyin obyektiv xarakteristikalarının insan şüurunda əks olunmasıdır. Başqa sözlə, bilik gerçəkliyin mənəvi mənimsənilməsidir. Biliklər adi, məişətə aid və elmi ola bilər.
Elmi biliklərlə yanaşı, şüura müxtəlif növ illüziyalar, uydurmalar, qeyri-elmi baxışlar da aid ola bilər. Bilik müasir dövrdə insanın informasiya ilə həddən artıq yüklənməsini vacib problemlərdən biri kimi irəli sürülmüşdür. Fiziki gərginliyin azalması ilə zehni əməyin payı artır və bu da insanın fəaliyyət strukturunda psixosomatik vəhdət və tarazlıq problemlərinin həllini tələb edir.
İdrak həmişə insanın dünya ilə onun haqqında biliklərlə, mühüm komponentini emosiyaların təşkil etdiyi təəssüratlarla bağlıdır.
Emosiyalar gerçəkliyin real hadisələrini fərdin dərk etməsini stimullaşdırır və ya ləngidir. Göz oxşayan şeylər daha asan və daha yaxşı yadda qalır. Nəzərə almaq lazımdır ki, qorxu hissi insanın baş verənləri dərk etməsinə mane olur. Son illərdə fizioloqlar və psixonevroloqlar emosiyalarla əlaqədar beyin strukturlarını- xoşa gələn və xoşagəlməz mərkəzləri, dominant və şərti reflekslərin qarşılıqlı əlaqələrini ətraflı öyrənirlər. Məlum oldu ki, xoşagələn və xöşagəlməz mərkəzlər-muxtar törəmələr olmayıb, vahid beyin sisteminin “düyün nöqtələri”dir. Bunların da məqsədi gerçəkliyi bilavasitə həyacan formasında və orqanizmi zəruri hərəkətlərə hazırlamaqla yanaşı gedən fizioloji dəyişikliklər şəklində qiymətləndirməkdir. Siçovulun beyin maddəsinin təxminən 40%-i həmin xassəyə malik olub, yəni qıcıqlandırıldıqda xoşagələn (35%) və ya xoşagəlməz (5%) hissiyyatı göstərərn reaksiya törədir. Qalan 60% hissi-neytral maddəyə aiddir. Belə guman etmək məntiqidir ki, insanda da hissiyatın xoş və ya xoçagəlməz çalarlarının anatomik-fizioloji əsası təxminən eynidir. Əlbəttdə, insanlar üzərində təcrübə aparmaq olmaz. Lakin insan beyninə elektrodların yeridilməsi müalicə və diaqnostika məqsədilə tətbiq edilir. Bu zaman müəyyən nöqtələri elektrik cərəyanı ilə qıcıqlandıraraq, sonraki neyrocərrahi müdaxilə üçün xəstə ocağın yerini dəqiqləşdirirlər. Təcrübələr isə işin gedişində xəstələrin razılığı ilə aparılmır. Belə eksperimentlər aparan X.Delqado zəif elektrik impulsları vasitəsilə qorxu, dost münasibəti, kin və hətta hiddət törədə bilmişdir. Bunlar onun “Beyin və şüur” kitabında ətraflı verilmişdir.
Emosiyalarla yanaşı, şüur fəaliyyətində iradə kimi vacib komponent də böyük rol oynayır. İradə insanın öz fəaliyyətinin şüurlu və məqsədyönlü tənzim edilməsi fəaliyyətə cəhdin və meylin dərk edilməsi kimi başa düşülür. İradə insanların məqsədə və ona nail olmaq vasitələrini müəyyən edərkən, çətinlikləri və onlara üstün gəlmək yollarını qiymətləndirərkən vacib şərt olur.
Mövcud mülahizəyə görə, şüur komponentlərinin tərkibinə adı çəkilən biliklərdən, emosiyalardan və iradədən başqa, diqqət, həmçinin mənlik şüurunu, yəni insanın öz hərəkətlərini, hisslərini, fikirlərini, davranış səbəblərini, maraqlarını, cəmiyyətdə mövqeyini dərk etməsi də daxildir. Mənlik şüuru ilə yanaşı qeyri-şüurunun da olduğunu nəzərə almaq lazımdır. Z.Freyd şüursuzluqda psixi pozulmaların mənşəyini və səbəblərini görürdü.
Z.Freydin şüurlu və qeyri-şüur probleminin şərhi də maraqlıdır. Birinci (yuxarı) qat - şüurdur. Psixikanın ən cüzi hissəsi olan bu qata yalnız hər an dərk etdiklərimiz daxildir. Şüur nəsə axan gündəlik, dəyişilən bir şeydir. İkinci qat- şüuraltıdır. Bu , faktların, məlumatların, xatirələrin yığıldığı geniş “anbar”dır. Təhtəlşüura həmin anda şüurda olmayanların, lakin asanlıqla şüur sahəsinə keçə bilənlərin hamısı daxildir. Üçüncü qat- şüursuzluqdur. Bu, psixikanın daha geniş və zəruri qatıdır. Qeyri –şüuri instinktiv cəhdlərdən, həmçinin, vaxtilə şüur sahəsində olub, sonra sıxışdırılmış fəaliyyət və ehtiraslar haqqında xatirələrdən ibərətdir. Freydin fikrincə, şüur şüursuzluqla müəyyən edilir və şüur özü isə yüksək enerjiyə malik instinktin məcmusundan ibarətdir. O, insan psixikasında şüursuzluğun olması faktından çıxış edərək göstərir ki, insanlara anadangəlmə meyllər xasdır, onlarda ən mühüm olanı isə cinsi instinkdir və ya “libido”dur. Libidonun psixik enerjisi bütün psixikanın əsas mənbəyidir
Şüurun strukturunun təhlilinə yekun vuraraq qeyd etməliyik ki, şüur onu təşkil edən elementlər çoxluğunun məcmusu deyil, onların inteqral, mürəkkəb strukturlu tamıdır. Biliklər, emosiyalar, iradə və digər komponentlərin vəhdətində onlar şüurun fəaliyyətini səciyyələndirir və insan üçün həyatı vacib funksiyaların yerinə yetirilməsini təmin edir.
Şüurun funksiyalarının müəyyən edilməsində çoxlu yanaşmalar mövcuddur. Belə ki, Sankt Peterburq Universitetinin professoru V.Saqatovski şüurun üç funksiyasını ayırmağı təklif edir: 1. Proqnostika, layihələşdirmə, məqsədqoyma (mənanı başa düşmə, yaradıcılıq) funksiyası; 2. İnikas funksiyası; 3. Biliyə maraq funksiyası. Bu zaman həyatın özünüdəyərləndirməsı ən yüksək tələbat kimi nəzərdə tutulur. Görkəmli filosofun fikrincə, şüurun bu ən mühüm funksiyalarının hamısı qarşılıqlı əlaqədədırlər. Bunların məcmusu şüurun sosial fəallığının lazımi zəminini təşkil edirlər. Bununla yanaşı şüurun altı funksiyası ən çox yayılmışdır: 1. Adekvat əks etdirmə funksiyası (idrak, dərketmə və özünüdərkin vəhdəti). 2. Akkumulyativ funksiya- biliklərin toplanması. 3. Aksioloji funksiya-qiymətləndirmə və özünüqiymətləndirmə. 4. Məhsuldar yaradıcı planlaşdırma və konstruksiya etmə funksiyası. 5. Məqsədyönlülük funksiyası. 6. Kommunikativ- tənzimləyici, idarəetmə funksiyası.
Şüurun funksiyalarının sayı onların zərurilik və qaneedicilik kimi meyarlarından asılıdır. Beyin və şüur probleminə son onillərdə üç əsas konseptual yanaşma ayırd edilir: fizikalist, bixevrorcual (ing. behaviour-davranış) və sinerqetik (funksionalist).
Fizikalist yanaşma şüur hadisələrinin izahında fizikalist monizm prinsipinin tətbiqindən ibarətdir. Dünya fiziki proseslərin məcmusundan artıq bir şey deyildir. Bu fiziki-kimyəvi terminlər insanın tam təsvirini vermək vəzifəsini daşıyırlar. Belə yanaşmanın mənbələri ssiyentizmdə, Lametrinin, Kabanisin, həmçinin, vulqar materialistlər Büxnerin, Foqtun, Maleşottun fəlsəfi görüşlərindəndir. Onların baxışlarında şüur son dərəcə sadələşdirilmiş şəkildə təqdim edilir.
Bixeviorçu yanaşmada şüur hadisələri və beyin prosesləri tam şəkildə, vəhdət halında götürülür və davranış terminləri ilə təsvir edilir. Davranış aktı özündə psixi ilə fiziolojinin vəhdətini ehtiva etdiyindən bixeviorçu istiqamətin dərin mənası vardır. Şüur burada davranışla, reflekslə bərabər tutulur, ali sinir fəaliyyəti nəzəriyyəsi psixofizioloji problemin özünəməxsus həlli iddiasındadır. Bixevioristlər belə hesab edirlər ki, şüurun hüceyrəsi, rüşeymi hərəkətdir. Vulqar materialistlərin fikrincə qaraciyər öd ifraz etdiyi kimi beyin də şüur ifraz edir. Onlar şüurun təbiətinə məhəl qoymur, onun məzmununu hər şeydən əvvəl, fərdlərin yediyi qidaların kimyəvi tərkibi ilə müəyyən edirlər.
Sinergetik yanaşma, ideyaları beyin fəaliyyətinə yeni yanaşmanın planını irəli sürməyə, beyin-şüur problemini həll etmək imkanı yaradır. Sinergetika canlı sistemlərdə, o cümlədən, beyində özünütəşkil proseslərinin rolunu aydınlaşdırır. Beyin fəaliyyətində özünütəşkil hadisələri buna əsaslanır ki, bir tam kimi beyinin elementlərini törədir. Onların sistem halında birləşməsinə kömək edir.
Psixofarmakologiya şüur probleminə çoxlu maraqlı məsələlər gətirir. Burada “Əhval-ruhiyə kimyası”nın artmaqda olan böyük əhəmiyyətindən söhbət gedir. Lakin bu zaman şüurun sosial təbiətinin başa düşülməməsi ilə əlaqədar mübahisələrə yol verilir. İnsanın psixikasına, o cümlədən, “əhvalına” dərman maddələri vasitəsilə təsir etmək müəyyən hədlərdə mümkündür və hər hansı belə təsir insanın ictimai mahiyyətini kölgədə qoya bilməz. İnsanın sağlamlığı naminə farmakoloji maddələrlə ali sinir fəaliyyətinin fiziologiyasına yönəldilmiş təsir imkanları getdikcə artır. Lakin nəzərə almaq lazımdır ki, “həblərlə” insanın mənəvi aləmini əvəz etmək və ya dəyişdirmək mümkün deyil.
Təbii-elmi tədqiqatlar şüurla dilin əlaqəsini inandırıcı surətdə sübut edir. Onlar göstərir ki, zamanın 100% də (dincələn zaman) insan “danışır”, bu halda, əlbəttə, təfəkkürü müşayiət edən daxili nitq (yəni qırtlaq əzələlərinin modulyasiyası) də nəzərə alınır. Nitq sözün hərfi mənasında ucadan fikirlər deməkdirsə, “daxili nitq”-insanın ürəyində özü haqqında fikirləridir. Oyaq dövründə insan təxminən 30% də ucadan danışır, 45% dinləyir, 16% oxuyur, 9% yazır.
İnsanın şüuru onun həyat fəaliyyətində böyük rol oynayır. Müəyyən şəraitdə söz həm müalicəvi amil, həm də xəstəliyin səbəbi, komponenti ola bilər. Psixi zədənin nəticəsi kimi xəstəlik hallarının, nevrozlarının inkişafının təhlili bu cəhətdən daha çox səciyyəvidir. Çoxsaylı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, nevrozların səbəbləri bir qayda olaraq, həmin şəxs üçün fərdi əhəmiyyətli psixi amillərdir. Bu amilləri bilmək həm patoloji genetik müalicə sistemini, həm də psixoterapiyanın effektli sistemini işləyib hazırlamağa imkan verir. Nevrozlar bir qayda olaraq, daxili orqanların fəaliyyətində baş verən dəyişikliklərlə müşayiət olunur. Öz növbəsində bir çox somatik xəstəliklər “ikinci xəstəlik” kimi qeyd edilən nevrotik hallarla ağırlaşır. Bu isə başlıca, somatik xəstəlik müalicə edildikdən sonra yenə də yeganə xəstəliyə çevrilir. Müasir şəraitdə psixosomatik problem xüsusi aktuallıq kəsb edir.
Cəmiyyətinin inkişafı insan həyatının bütün sahələrində dəyişikliklərlə müşayiət olunur. Əmək getdikcə daha yüksək dərəcədə intellektuallaşır, şəxsiyyətlərarası münasibətlər mürəkkəbləşir, informasiyanın həcmi kəskin surətdə artır, ona görə də hər kəsin məsuliyyəti qarşıya çıxır. Müasir insanın artan psixolojiləşməsi, subyektivləşməsi prosesi gedir. Həmin proseslərin tibbi mahiyyəti psixoloji yüklərin səviyyəsinin artmasından, sinir sisteminə olan tələbatların yüksəlməsindən ibarətdir. Nəticədə psixi halın pozulması, daxili orqanların xəstələnməsi, psixi və somatik patologiyanın birləşməsi kimi özünü göstərə bilər.
Klinik təfəkkürün müasir inkişaf mərhələsinin özünəməxsusluğu bundan ibarətdir ki, indi insanın patologiyasını başa düşmək üçün sistemli yanaşmanın tətbiqinin zəruriliyini heç kim inkar etmir. Lakin tibbi-bioloji, elmi-tədqiqat və həkimlik fəaliyyətinin praktikası başlıca olaraq birtərəfli-bioloji yanaşmanın olduğunu göstərir. Hətta tədqiqatçının diqqətində mərkəzi sinir sistemi olduqda belə o, əsasən neyrofiziologiyanın və klinik nevrologiyanın üsul və vasitələri ilə təhlil edilir. Psixosomatik münasibətləri elmi konteksdə öyrənmək həkimin yalnız bir sıra elmlərin birgə yanaşması sayəsində mümkündür. Buraya fizioloji proseslərin müxtəlif səviyyələrdə tədqiqi ilə yanaşı özündə insanın psixoloji və psixiatrik təhlil metodları daxildir. Bu zaman çoxlu çətinliklər yaranır. Bunlar da qəbul edilmiş ümumi psixoloji terminologiyanın olmaması, psixoloji və psixiatrik müayinələrin nəticələrinin vahid şəkildə qiymətləndirilməməsi ilə bağlıdır. Psixosomatik problem filosoflar, fizioloqlar, patoloqlar, bütün ixtisaslar üzrə həkimlər arasında aktuallığını indi də saxlayır. İnsan haqqında müasir elm tədqiqat obyektinin müəyyən edilməsində fərdin biopsixososial mahiyyətindən çıxış edir. Bunun mövqeyinin etiraf edilməsi insan həyatının tibbi problemlərinə psixoloji, şəxsiyyət baxımından yanaşılması deməkdir.
Psixosomatik yanaşmanın mənimsənilməsi həkimdən şəxsiyyətin fərdi psixologiyasının əsaslarından çıxış edərək psixogen pozulmaların inkişafının qanunauyğunluqları, emosiyalar və emosional stress, beyin mənşəli distrofiya haqqında təlimi bilməkdən ibarət xüsusi hazırlıq tələb edir.
“ANTROPOLOGİYA”
(İnsan haqqında təlim)
Dostları ilə paylaş: |