4. Pedaqoji konflikt. Pedaqoji konflikt subyektlər arasında yaranmış müxtəlif növlü ziddiyyətlərdir. Bu zaman müəllimlərlə şagirdlər arasında , həmçinin şagirdlərin özləri arasında fikir ayrılığı, əks mövqelər formalaşır və tərəflər arasında mübahisələr əmələ gəlir. Bir texnologiya kimi pedaqoji konflikt üç mərhələdə həll olunur:
* konfliktin müşahidə olunması;
* tərəflər arasında qarşıdurmanın yaranması;
* konfliktin həlli.
Araşdırmalar göstərir ki, konfliktlərin həll olunmasında aşağıdakı yollardan istifadə olunması didaktik cəhətdən faydalı hesab edilir.
• Müvafiq faktlar gətirə bilmək;
• Ümumiləşdirilmiş arqumentlər söyləməyi bacarmaq;
•Tərəfmüqabilinə münasibətdə həssaslıq nümayiş etdirmək;
• Kompromisə getməyi bacarmaq;
• Şagirdləri birgə müzakirəyə səsləmək.
Bu gün təhsilin, məktəbin mənzərəsi dəyişdikcə şagirdlərin maraq dairəsi, təhsil ehtiyaclarına olan tələbatları da dəyişir. Belə olduğu təqdirdə təhsilin məzmununda olan yeniləşmələrlə yanaşı, onun müvafiq strategiya və texnologiyalarında da innovativ dəyişikliklərin aparılmasına ehtiyac yaranır.
5.Təlimin fəlsəfi- idraki əsasları İdrak prosesi biliksizlikdən biliyə doğru yüksəlmək prosesidir. O, 3 mərhələdən – canli müşahidə, mücərrəd təfəkkür və təcrübədən ibarətdir. Canli müşahidə mərhələsində bilik mənbəyi duyğular mühüm rol oynayir. Pedaqoqlar duyğuları əqlin bələdçiləri, əqlin şahidləri, əqlə açılan pəncərə, xarici aləmlə şüur arasında caynaqlar və s. adlandırmışlar. Bu mərhələdə duyğularla yanaşı qavranış, təsəvvür və təxəyyül kimi psixi proseslər də fəal iştirak edir, ikinci mərhələyə keçid yaranır. Abstrakt təfəkkür mərhələsində müşahidə edilmiş fakt və hadisələri təfəkkür ümumiləşdirib qanunauyğunluqları, qanunları müəyyənləşdirir, nəzəriyyələr və fərziyyələri irəli sürür. Üçüncü mərhələdə biliklər yoxlanılır. Buna görə də praktika biliyin meyarı, həqiqətin məhək daşı hesab edilir. Təlim prosesinin mərhələləri idrak prosesinin mərhələlərinə oxşayır. Təlim prosesində də şagirdlər biliksizlikdən biliyə doğru inkişaf edir. Təlim bilik, bacarıq və vərdişləri mənimsəməyin, onlara yiyələnməyin mürəkkəb prosesidir. Bu prosesin psixoloji əsasını motivlər, maraqlar, tələbatlar təşkil edir.
Öyrənmə prosesinin birinci mərhələsini motivlərin, maraqların yaradılması təşkil edir. Öyrənmə prosesinin ikinci mərhələsiqavrama adlanır və idrakda olduğu kimi duyğulardan başlayır. Öyrənmə prosesinin üçüncü mərhələsi anlamadır. Bu mərhələdə şagirdlər əşyanın ən zəruri əlamətlərini mənimsəyirlər.
Öyrənmə prosesinin dördüncü möhkəmlətmə mərhələsindəbiliklər, anlayışlar, qanunlar möhkəmləndirilir. Öyrənmə prosesinin beşinci, tətbiq etmə mərhələsində mənimsənilmiş biliklər praktikaya tətbiq edilir, yoxlanılır. Göründüyü kimi elmi idrakla təlim prosesi bir-birinə oxşayır. Bununla belə həmin proseslər bir-birindən fərqlənir. Təlimdə şagirdlər bəşəriyyətin əldə etdiyi məlum biliklərə yiyələnir, onları özləri üçün kəşf edirlər. Elmi idrakda isə tədqiqatçı məlum olmayan həqiqətləri, bilikləri kəşf edir. Təlimdə idrak prosesi rəvandır, sadədir, müəllim onun yolunu işıqlandırır. Elmi idrakda tədqiqatçı çətinlikləri, yanılmaları özü aradan qaldırmalı olur.