5. Fəal təlimin mərhələləri Fəal təlim əsasında təşkil olunmuş dərs yeddi mərhələdən ibarətdir.
İlk mərhələ motivasiyanın yaradılmasıdır. Bu zaman müəllim qarşıya mövzu ilə bağlı problem qoyur və bu problemi həll etmək üçün şagirdləri tədqiqat aparmağa həvəsləndirir. Motivasiya dərsin vacib komponenti kimi təfəkkür prosesini hərəkətə gətirərək idrak fəallığına şərait yaradır.
Motivasiyanın qısa və mərhələli olmaqla iki növü var. Qısa motivasiya zamanı müəllim bir tədqiqat sualı verir. Mərhələli motivasiyada isə müəllim problemli vəziyyət yaratmaq üçün tapşırıq verir və yönəldici suallardan istifadə edir.
Motivasiya bu yollarla yaradıla bilər: müxtəlif suallar vermək, rəmzi simvolik materiallardan istifadə etmək, problemi müxtəlif yollarla həll etmək.
Motivasiya mərhələsi tədqiqat sualı ilə bağlı yaranan fərziyyələrlə yekunlaşır.
Tədqiqatın aparılmasıfəal təlimin ikinci mərhələsidir. Bu mərhələdə müəllimin əsas məqsədi şagirdlərin tədqiqat aparması üçün zəruri şərait yaratmaqdır. Müəllim şagirdləri qruplara bölür, hər qrupa tapşırıq verir. Şagirdlər tapşırıq üzərində işləyir, tədqiqat aparır, müstəqil şəkildə öyrənir , müəllim isə onlara nəzarət edir, istiqamət verir.Qruplara bölmə üsulları müxtəlif ola bilər: saymaqla, rəngli kağızlar, həndəsi fiqurlar və ya şəkillər paylamaqla və s.
Üçüncü mərhələ məlumat mübadiləsidir. Şagirdlər əldə etdikləri məlumatları digər yoldaşları ilə paylaşır, fikir mübadıləsi aparırlar. Bu mərhələdə əldə olunan yeni , lakin sistemsiz, natamam faktları tədqiqat sualına cavab tapmaq üçün sistemləşdirib qaydaya salmaq lazımdır.
Məlumatın müzakirəsi və təşkili fəal dərsin dördüncü mərhələsidir. Bu zaman şagirdlərin tədqiqat nəticəsində əldə etdikləri məlumatları öz aralarından seşdikləri lider vasitəsilə müəllimə və bütün sinfə təqdim edirlər. müzakirəsi aparılır və onlar arasındakı əlaqə müəyyənləşdirilir. Uşaqlar müzakirədə aktiv iştirak edərək öz fikirlərini irəli sürürlər, müəllim isə onlara yönəldici suallar verərək məqsədyönlü müzakirə təşkil edir. Sonda vacib məqamlar yazı lövhəsində qeyd edilir.
Beşinci mərhələ ümumiləşdirmə və nəticələrin çıxarılmasıdır. Müəllim şagirdlərin əldə etdiyi bütün informasiyaları səmərəli şəkildə ümumiləşdirmələri üçün əlverişli şərait yaradır. Problemin şagirdlər tərəfindən müstəqil formada həll olunması onlarda özgüvən hissi formalaşdırır və dərsə olan marağı daha da yüksəldir.
Altıncı yaradıcı tətbiqetmə mərhələsindəmüəllim sinifdə və ya evdə həll etmək üçün şagirdlərə yaradıcı tapşırıqlar verir. Yaradıcı tətbiqetmə əldə olunmuş biliklərin möhkəmlənməsini və daha uzun müddət yadda qalmasını təmin edir.
Fəal dərsin sonuncu mərhələsi qiymətləndirmə və refleksiyadır. Bu mərhələdə təlim prosesində iştirak edən şagirdlərin nailiyyətləri dəyərləndirilir, onların səhvləri üzə çıxarılır, uğur qazanmamaqlarının səbəbləri müəyyənləşdirilir. Ənənəvi dərsdən fərqli olaraq qiymətləndirmə istənilən mərhələdə aparıla bilər və qruplar özləri də biri- birinin nailiyyətlərini qiymətləndirə bilər.
Refleksiya təlim prosesi yekunlaşdıqdan sonra keçirilmiş bütün mərhələləri təhlil etməyə və dərindən dərk etməyə imkan yaradan mexanizmdir. Refleksiya əldə edilmiş məlumatların, biliklərin yenidən təkrar olunmasını təmin edir.