4.2.İqtisadi resurslar və onların bölgüsü
İqtisadi resurslar (ehtiyatlar) dedikdə, əmtəələrin istehsalı və xidmətlərin göstərilməsi üçün istifadə olunan bütün təbii, əmək və insan tərəfındən yaradılmış obyektlər, fabrik və zavodları, sənaye və kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan avadanlıq, alətlər, mexanizmlər, müxtəlif rabitə və nəqliyyat vasitələri, saysız-hesabsız əmək növləri, torpaq və faydalı qazıntılar nəzərdə tutulur. İqtisadi nəzəriyyədə bu resurslar maddi, yəni torpaq, xammal və kapital kimi maddi resurslara, insan resurslarına, yəni əmək və sahibkarlıq qabiliyyətinə bölünür. İqtisadi resurslar 4 kateqoriyaya ayrılır:
Torpaq anlayışı (kateqoriyası) bütün təbii ehtiyatları, istehsal prosesində tətbiq oluna bilən və təbiətin insanlara bəxş etdiyi nemətləri əhatə edir. İqtisadi resurs kimi torpaq kateqoriyasına becərilən torpaqlar, meşələr, su ehtiyatları, müxtəlif mədən və yataqlar daxildir. Tanınmış ingilis iqtisadçısı Uilyam Petti, torpağı bütün sərvətlərin anası adlandırmışdı.
Kapital, yaxud “investisiya ehtiyatları” bütün mövcud olan istehsal vasitələrini, əmtəələrin və xidmətlərin hazırlanıb son istehlakçıya çatdırılması üçün istifadə olunan avadanlıqları, maşınları, alətləri, nəqliyyat vasitələrini, satış şəbəkəsini əhatə edir. Həmin zəruri vasitələrin istehsalı və toplanması prosesi investisiya adlanır.
Bu prosesdə 2 cəhəti fərqləndirmək lazımdır. Əvvələn, investisiya əmtəələri (istehsal vasitələri) istehlak məhsullarından onunla fərqlənir ki, sonuncular tələbatı birbaşa, birincilər isə bilavasitə istehlak mallarının istehsalını təmin etməklə ödəyirlər. Sonra isə burada işlədilən mənada "kapital" termini pulu nəzərdə tutmur. Menecer və iqtisadçılar çox vaxt maşın, avadanlıq və digər istehsal vasitələrinin alınması üçün istifadə edilən məbləği "pul kapitalı" kimi qələmə verirlər. Amma qeyd etmək zəruridir ki, pul özlüyündə, yəni tətbiq olunmadığı və heç nə istehsal etmədiyi halda, əslində iqtisadi ehtiyat (resurs) sayıla bilməz. Bu mənada, real kapital istehsal avadanlıqları, dəzgahlar, maşınlar, mexanizmlər olub, iqtisadi resurslara (ehtiyatlara) aid edilir. Pul və maliyyə ehtiyatları isə nə qədər vacib olsa da, iqtisadi resurslara daxil edilmir, hətta bəzən "saxta kapital" kimi səciyyələndirilir.
Əmək, bütün sərvətlərin yaradıcısı (atası) kimi, hər bir istehsal prosesinin həlledici amillərindəndir. Əmək, insanın fıziki-əqli-mənəvi qüvvələrinin toplusu olub, maddi məhsulların və mənəvi sərvətlərin yaradılması işinə xidmət edir. Fəhlənin və fermerin, alimin və sürücünün, müəllimin və həkimin, aktyorun və qulluqçunun fəaliyyəti, onun əməyinin, zəhmətinin nəticəsidir. Elm və texnika nə qədər inkişaf etsə də, istehsal-xidmət prosesləri getdikcə mexanikləşdirilib avtomatlaşdırılmasa da, şübhəsiz insan əməyi, yaxud "insan kapitalı" həmişə öz mühüm rolunu oynayacaqdır. Təsadüfı deyilməmişdir ki, ən yeni texnika və mükəmməl dəzgahlar da onlara insan əli, əməyi toxunmadan hərəkətə gətirilə bilmədiyindən, sanki "ölüdür". Müasir dövr insan əməyinə, onun işgüzar peşəkarlıq qabiliyyətinə daha yüksək tələblər irəli sürdüyündən, aydındır ki, yalnız texniki nailiyyətlərin ixtisaslı kadrların peşə fəaliyyəti ilə üzvü surətdə bir-birini tamamlaması, şübhəsiz ən optimal səmərəli iqtisadi-sosial nəticələr əldə edilməsinə real şərait yarada bilər.
Sahibkarlıq fəaliyyəti (qabiliyyəti, bacarığı) xüsusi bir insan resursu kimi istehsal-xidmət dairəsində müxtəlif iqtisadi resursların (iqtisadi amillər kimi) fərqli surətdə əlaqələndirilərək (birləşdirilərək), keyfıyyətcə yeni təyinatlı məhsulların hazırlanması, yaxud xidmətlərin göstərilməsi işinin səmərəli təşkilidir. Orkestrə drijor lazım olduğu kimi mürəkkəb və özünəməxsus fərqli cəhətləri ilə seçilən ayrı-ayrı istehsal, habelə xidmət sahələrinin ahəngdar işinin fasiləsiz davamı üçün xüsusi istedad, habelə təşkilatçılıq mədəniyyəti tələb edən sahibkarlıq fəaliyyəti zəruridir. Mütəxəssislərin fikrincə, nadir bir məharət sayılan sahibkarlıq qabiliyyəti, hər 100 nəfər adamdan yalnız 5-7-də olur.
Bazar münasibətləri iqtisadi sistemi şəraitində sahibkarlıq bacarığı həm istehsal, həm təchizat, həm də satış mərhələlərinin normal fəaliyyətinin davamlı surətdə təşkil olunub həyata keçirilməsində mühüm rol oynayır. Çətin və riskli bir peşə seçmiş əsl sahibkar, öz gündəlik fəaliyyətində üzərinə müəyyən vəzifələr götürərək onların reallaşmasına çalışır.
1. Sahibkar əmtəə-xidmətlərin istehsalının vahid prosesini təşkil etmək üçün torpağın, kapitalın və əməyin birləşdirilməsi təşəbbüsünü öz üzərinə götürür.
2. Sahibkar işgüzar biznesinin aparılması prosesində, bütün əsas qərarların qəbul edilməsi, şirkətin fəaliyyət isti-qamətini müəyyənləşdirən qərarların qəbulu məsələsinin məsuliyyətini öz üzərinə götürür.
3. Sahibkar həmişə yenilikçi olub, istər məhsulların, istər istehsal texno-logiyalarının, istərsə də biznesin təşkili işinin ən yeni formalarının kommersiya prinsipləri əsasında tətbiq olunmasına təşəbbüs göstərir.
4. Sahibkar - riskə gedən adamdır. Bazar münasibətləri iqtisadi sistemində sahibkara əvvəlcədən mənfəət təminatı verilmir. Onun biznes fəaliyyətinə sərf etdiyi vaxtın, səylərin, qabiliyyətin son nəticəsi mənfəət yaxud ziyan, hətta müflisləşmə ola bilər. Sahibkar fəaliyyəti ilə təkcə öz vaxtı, zəhməti, işgüzar bir adam kimi nüfuzu ilə deyil, eyni zamanda şəriklərinin, səhmdarların vəsaitləri, habelə ona olan inamları ilə də "iqtisadi oyun" iştirakçısı kimi məsuliyyət daşıyır .
Dostları ilə paylaş: |