4.3. Resurslardan səmərəli istifadə olunması
Bazar münasibətləri iqtisadi sistemində bütün təsərrüfat və işgüzar biznes fəaliyyətinin son nəticəsi gəlirlə (mənfəətlə) ölçülür. İqtisadi nəzəriyyədə torpaqdan istifadə ilə əldə olunan gəlir venta adlanır. Müəyyən bir sahədə çalışan işçilərin və qulluqçuların gəlirləri, onlara əmək haqqı formasında çatır. Müxtəlif istiqamətli sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gəliri mənfəət adlanır. Əhalinin ayrı-ayrı təbəqələrinin, şirkətlərin banklarda saxladıqları əmanətlər, əldə etdikləri səhmlər, aldıqları dövlət istiqrazlarının müəyyən faiz şəklində onlara gətirdiyi gəlir (uduşlar) isə dividend adlanır.
Ona görə də bazar iqtisadiyyatı şəraitində istər bütövlükdə cəmiyyət miqyasında, istərsə kiçik-orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, istərsə də iri şirkətlər, inhisar birlikləri, transmilli korporasiyalar (TMK-lar) öz işlərini elə qurmağa çalışırlar ki, mövcud, məhdud resurslardan daha səmərəli istifadə etmək yolu ilə ən yüksək (maksimum) gəlir əldə edə bilsinlər. Bunun üçün isə aşağıdakı şərtlərə əməl olunması tələb olunur: a) ölkənin əmək ehtiyatlarından dolğun istifadə olunmalı və işsizlik səviyyəsi ən aşağı həddə saxlanmalıdır; b) istehsal proseslərində və xidmət sahələrində xərclər (məsrəflər) minimum səviyyəyə endirilməlidir; c) müxtəlif təsərrüfat sahələri arasında məhdud resursların bölgüsü elə aparılmalıdır ki, onlardan hazırlanan məhsullar-xidmətlər istehsalın ümumi həcmini artırmaqla yanaşı, bütövlükdə cəmiyyətin, о cümlədən də ailələrin, habelə ayrı-ayrı fərdlərin (şəxslərin) tələbləri daha dolğun surətdə ödənilə bilsin.
Dostları ilə paylaş: |