Təsirsiz feillər. Təsirsiz feillər subyektin obyekt üzərində təsirini göstərə bilmir, çünki subyektin icra etdiyi iş, hal və hərəkət heç bir obyekt tələb etmir. Məsələn: çalış, gəl, get, gül, otur, qaç və sairə. Bu feillərin heç biri özündən əvvəl ismin təsirlik halında olan obyekt tələb etmir. Ona görə də kimi?, nəyi?, nə? suallarını verib hansısa təsirə məruz qalan obyekti zahirə çıxarmaq qeyri-mümkündür.
Təsirsizlik anlayışı bir qisim feillərin leksik-semantik məzmununda olursa, bir qisim feillərdə isə şəkilçilər vasitəsilə yaranır. Həmin şəkilçilər aşağıdakılardır:
1. Felin məchul, qayıdış, şəxssiz növünün şəkilçiləri (-ın4, -ıl4,-l,-n) ilə: yaz – yazıl (maq), de – deyin (mək), gör – görün (mək) və s.
2. Felin qarşılıq-müştərək növünün şəkilçisi ilə: -ış4, -aş2, -ş: yaz–yazış (maq), mələ – mələş (mək), gül – gülüş (mək) və s.
İstər təsirli, istərsə də təsirsiz feilləri feillərin quruluşunda da izləmək lazımdır. Yəni sadə, düzəltmə, mürəkkəb feillərdə təsirlilik və təsirsizlik məsələləri özünü göstərir.
Təsirlilik kateqoriyası dilçilikdə bir sıra vacib məsələlərin aydınlaşdırılmasında mühüm əhəmiyyət daşıyır:
1. İsmin təsirlik halını müəyyənləşdirməkdə bu kateqoriyanın rolu vardır.
2. Sintaksis bölməsində vasitəli, vasitəsiz tamamlığın müəyyənləşməsində xüsusi əhəmiyyətə malikdir. Belə ki, ismin təsirlik halında olan sözlər sintaksisdə vasitəsiz tamamlıq kimi çıxış edir.
3. Təsirlilik kateqoriyası sintaksisdə şəxssiz cümlənin müəyyənləşməsində də mühüm rola malikdir.
4. Təsirlilik kateqoriyasının köməyi ilə felin növlərinin hansının təsirli, hansının təsirsiz olduğunu müəyyənləşdirmək mümkündür. Bu kateqoriyanın köməyi ilə aydın olur ki, məlum növ feillər həm təsirli, həm də təsirsiz olur; məchul, qayıdış, qarşılıq növ feillər təsirli feillərdən düzəlib təsirsiz; müştərək, şəxssiz növ feillər təsirsizdən düzəlib təsirsiz; icbar növ fellər təsirlidən düzəlib təsili olur.
5. Təsirlilik kateqoriyası ilə müəyyənləşdirmək olur ki, olmaq feli təsirsiz, etmək, eləmək feilləri isə təsirlidir.
6. Feillərin təsirli və ya təsirsiz olması başqa nitq hissələrindən düzələn feillərin məzmun və vəzifəsini müəyyənləşdirməkdə də xüsusi əhəmiyyət daşıyır. Məsələn, -la,-lə şəkilçisi vasitəsilə isim və sifət köklərindən təsirli feil, -al,-əl, -ar,-ər şəkilçiləri vasitəsilə təsirsiz feil yaranması asanlıqla müəyyən edilə bilər (başla, təmizlə, yağla, rəndələ, boşal, düzəl, ağar, göyər və s.).
Dostları ilə paylaş: |