Xəbər şəkli. Felin bu şəklində xüsusi morfoloji əlamət iştirak etmir, zamana və şəxsə görə dəyişir. Çünki felin xəbər şəkli icra olunmuş, olunan və olunacaq hər hansı bir işin hansı zamanda və hansı şəxs tərəfindən icra edilib-edilmədiyini başqasına xəbər vermək məqsədi daşıyır. Bu baxımdan da ayrı-ayrı zaman və şəxs şəkilçisi həmin məqsədin çatdırılmasına xidmət göstərir və xüsusi morfoloji göstəriciyə ehtiyac qalmır. Felin bu şəkli zamana görə dəyişən yeganə şəkildir. Hərəkət keçmiş, indiki və gələcək zaman çərçivəsində baş verir. İşin keçmişə, indiki və gələcək zamana aid olması, əsasən, danışanın nitq anına görə müəyyənləşir
Felin zamanları: a) keçmiş zaman; b) indiki zaman; c) gələcək zaman Dilimizdə feillərin üç zamanı vardır. Keçmiş zaman keçmişdə icra olunmuş iş və prosesin zamanı ilə həmin iş haqqında məlumat verilən vaxt arasındakı zamandır. 1937-40-cı illərə qədər yazılmış qrammatika kitablarında keçmiş zaman iş, hal və hərəkətin uzaq və yaxın keçmişdə icra olunmasına görə iki yerə ayrılmışdır. Yaxın keçmişdə icra olunmuş işin zamanına şühudi keçmiş, uzaq keçmişdə icra olunmuş işin zamanına isə nəqli keçmiş zaman deyilmişdir. Lakin əslində keçmiş zaman bu mühakimələrə görə yox, şahidlik dərəcəsinə görə iki yerə ayrılır. İşin icrasında şahid iştirak etdikdə şühudi keçmiş zaman, şahid olmadıqda isə nəqli keçmiş zaman yaranır.
Qeyd etdik ki, şühudi keçmiş zaman iş, hal və hərəkətin şahidlik yolu ilə icra olunduğunu bildirir. Bu zamanda iki iş özünü göstərir. Biri keçmişdə icra olunmuş iş, digəri isə həmin iş barəsində şahidlik yolu ilə məlumat verilən iş. Məs.: Usta qalxdı. Bu cümlədə iki iş, yəni həm ustanın ayağa qalxmağı, həm də həmin işin icrası haqqında verilən xəbər özünü göstərir. Və yaxud, Mən danışdım. Bu cümlədə işi icra edən də mənəm, onun haqqında məlumat verən də. Hər iki cümlədə əvvəlcə icra olunmuş iş, hərəkətlə həmin işin xəbər verildiyi zaman həm də şahidlik yolu ilə məlumat çatdırılır.
Şühudi keçmiş zamana xas olan cəhətləri aşağıdakı kimi səciyyələndirmək olar:
1. Şühudi keçmiş zaman -dı,-di,-du,-dü şəkilçisi ilə formalaşır: yazdı, gəldi, oxudu, gördü və s.
2. Şühudi keçmiş zamanda olan iş, hal və hərəkət bütün şəxslər üzrə dəyişir:
Tək Cəm
Mən yazdım Biz yazdıq ; gəldik Sən yazdın Siz yazdınız O yazdı – Onlar yazdılar 3. Şühudi keçmiş zaman iş, hal və hərəkətin şahidlik yolu ilə qəti şəkildə icra olunduğunu bildirir. Məs.: Qatar stansiyaya çatdı.
4. Şühudi keçmiş zamanda bir işin icrası nəticəsində yeni bir işin icra olunması üçün şərait yaranır. Proses bu şəkildə ardıcıl olaraq növbələşir: Başını buladı, gözündən güldü, Güləndə qadası canıma düşdü. (A.Ə.) Zeynəb bir xeyli yerindəcə dayandı, onun dodaqları səyridi, gözləri yaşardı, güclə hirsini boğub özünü ələ aldı, şalını düzəldə-düzəldə xəstəxananın yanından ötüb idarəyə yaxınlaşdı. (İ.Ə.)
5. Şühudi keçmiş zamanın hekayəti və rəvayəti yoxdur. Yəni şühudi keçmiş zaman idi, imiş köməkçi sözləri ilə işlənə bilmir. Çünki şühudi keçmiş zamanda şahidlik məzmunu, idi, imiş köməkçi sözlərində isə hekayə və rəvayət məzmunu var. Bunlar da bir araya gəlməz.