Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə79/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   189
2019-04-25 12-07-55

Müştərək feillər. Müştərək feillərdə işin icrası bir çox subyektlər tərəfindən icra olunur. İş, hal və hərəkət eyni vaxtda, birgə və paralel şəkildə yerinə yetirilir. Müştərək felin morfoloji əlaməti -ış,-iş,-uş,-üş; -aş,-əş; -ş şəkilçiləridir. Bu növ feillər təsirsiz feillərdən yaranır və nəticədə təsirsiz olur: gülüşmək, qaçışmaq, hürüşmək, mələşmək, ağlaşmaq və s.
Qarşılıq və müştərək feillər aşağıdakı xüsusiyyətlərə görə bir-birinə oxşayır:
a) hər ikisinin morfoloji əlaməti eynidir;
b) hər ikisi təsirsiz olur;
c) hər ikisində bir neçə subyekt iştirak edir.
Bu feillər həm də bir-birindən fərqlənir:
a) qarşılıq növdə olan feillər təsirli, müştərək növdə olan feillər təsirsiz feillərdən düzəlir;
b) qarşılıq növdə subyektlərin hərəkətləri qarşılıqlı və müxtəlif, bəzən də eyni zamanlarda, müştərək növdə isə paralel və eyni zamanda icra edilir;
c) qarşılıq növ felin subyektlərindən biri adlıq halda olur, digəri isə ilə qoşması ilə işlənir. Müştərək növün subyektləri isə bir leksik vahidlə ifadə olunur. Tələbə müəllimlə deyişirdi. Mən dostumla yazışırdım. Uşaqlar gülüşürdülər.
ç) qarşılıq növün subyekti daha çox insan məfhumunu bildirən adlarla, müştərək növünkü isə insanla bərabər, digər canlıların adlarını bildirən sözlərlə də bağlıdır.
5. İcbar növ. İcbar növ feillərdə iş, hal və hərəkətin icrası əmr, xahiş, rica, təkidlə baş verdiyi bildirilir. Felin bu növündə işin icrası bilavasitə 1-ci subyektə aid olmur. İşi, prosesi 1-ci subyektin ya əmri, ya xahişi, ya da tapşırığı ilə 3-cü bir şəxs icra edir. 2-ci bir subyekt isə bu prosesi, işin icrasını başqa bir şəxs vasitəsilə icra etdirir. Deməli, işi həqiqi icra edən subyekt kimi zahirə çıxa bilmir, qeyri-fəal olduğundan vasitəli obyekt kimi fəaliyyət göstərir.
İcbar növ feillər həmişə təsirli feillərdən yaranır və təsirli olaraq da qalır. Təsirsiz feillərdən icbar növ yaratmaq qeyri-mümkündür. Bu kimi feillər (qaç, yan, çat, öl və s.) təsirli feil halına salındıqdan sonra (qaçır, yandır, çatdır, öldür) icbar növün şəkilçisini artırmaqla icbar növ yaratmaq mümkündür: qaçır+t+dır, yandır+t+dır, öldür+t+dür və s.
Yuxarıda qeyd etdiyimiz kimi, həmin şəxs qeyri-fəal olduğundan subyekt yox, qeyri-müstəqim obyekt (vasitəli tamamlıq) vəzifəsini icra edir. Fəal subyekt (işin icrasını xəbər verən 1-ci şəxs) isə cümlədə mübtəda vəzifəsini icra edir. Məs.: Mən gülləri sulatdırdım. Gülləri sulatdıran kimdir? Mən fəal subyektdir. İşi icra edən, yəni gülləri sulayan isə qeyri-fəaldır, cümlədə görünmür. İstər-istəməz sual doğur: Kimə sulatdırdın? Rövşənə. Bu söz vasitəli tamamlıq olur. Cümlədə həmin sözü yerinə qoysaq, işin həqiqi icraçısı meydana çıxır və yenə də vasitəli tamamlıq olur: Mən gülləri Rövşənə sulatdırdım.
İcbar növə aid xüsusiyyətləri belə xarakterizə etmək olar:
a) İcbar növün şəkilçiləri təsirli feillərə artırılır; yaz+dır+maq, al+dır+maq və s.
b) Xəbəri icbar növlə ifadə olunan cümlələrdə icraçı yönlük halda olur: Oqtay köynəyini anasına yudurtdu.
c) İcbar növün şəkilçisindən sonra məchul növün şəkilçisi qoşula bilər: yazdırıldı, aldırıldı və s.
İcbar növün şəkilçisi omonim xarakterə malikdir:
1. Təsirli feil yaradır: çatdır, öldür, güldür, yandır və s;
2. Digər nitq hissələrinə artırılaraq onların cümlədə xəbər olmasını təmin edir, yəni xəbərlik şəkilçisidir. Eşqdir mehrabı uca göylərin. (N.G.)
3. Feillərdə III şəxsin (təkin) şəkilçisidir: oxumuşdur, yazmışdır və s.
Qeyd etdik ki, icbar növ feillər yalnız təsirli feillərdən yaranır. Lakin bütün təsirli feillər icbar növ yaratmır. Məs.: al-dır-dım, bil-dir-din və s. Aldırdım felində 1-ci subyekt işin icraçısı, işi görən şəxs yox, işi icra etdirəndir. Həmin felin məzmununda icbarlıq xüsusiyyəti açıq-aydın hiss olunur. Lakin bildirdim felində formaca icbar növə oxşarlıq olsa da, həmin feil məlum növdədir. Baxmayaraq ki, təsirli feildən yaranıb və təsirli olaraq qalır. Çünki işin icrasında yalnız bir subyekt iştirak edir (Sənin düşündüklərini bilirdim və onu dostuma bildirdim). Burada bilən də, bildirən də yalnız 1-ci subyektdir. Həmin feillər özündən əvvəl müstəqim və qeyri-müstəqim obyekt (vasitəsiz və vasitəli tamamlıq) tələb edir. İcbar növdə də belədir (Mən çəkməni ustaya sildirtdim). Lakin burada işi icra edən qeyri-fəal subyekt də iştirak edir (nəyi sildirtdin və kimə sildirtdin?). Əsas fərq də məhz buradadır.


Suallar
1. Felin növ kateqoriyası necə meydana çıxır?
2. Aktiv növlə passiv növü fərqləndirən cəhətlər hansılardır?
3. Məlum növün əsas xüsusiyyəti nədir?
4. Məlum növ feilli cümlələrdə subyektin müstəqil söz şəklində iştirakı vacibdirmi?
5. Məchul və qayıdış növ feillərin oxşar və fərqli cəhətlərini necə müəyyənləşdirmək mümkündür?
6. Məchul növ feillərə oxşayan, lakin həm də ondan fərqlənən daha hansı növ feillər vardır?
7. Qarşılıq-müştərək növ feillərin oxşar və fərqli xüsusisyyətləri nədir?
8. Hansı növ feillər yalnız təsirlidən yaranıb təsirli olaraq qalır?
9. İcbar növ feilləri digər növ feillərdən nə ilə fərqləndirmək mümkündür?
10. “Aldırdım” və “bildirdim” feilləri ilə bağlı hansı fikirləriniz vardır?
11. Qarşılıq növ feillərlə icbar növ feillərin oxşar cəhətləri varmı, bəs fərqli cəhətləri?



Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin