-Dürür, -durur şəkilçi morfemi xəbərlik kateqoriyasının arxaik formasıdır və müasir ədəbi dilimizdə fəaliyyətdən qalmışdır. Tarixi qrammatikanın vəzifələrindən biri də məhz bu cür arxaik qrammatik formaların, dil faktlarının araşdırılması, inkişaf tarixinin izlənilməsi, qrammatik formaların dilin passiv fonduna keçməsi səbəblərinin müəyyənləşdirilməsidir.
Köməkçi nitq hissələrinin də inkişaf yoluna nəzər salsaq, onların bir qisminin tarixən dildə işlək olduğunu, zaman keçdikcə bəzilərinin arxaikləşdiyini və ya fonetik tərkibcə dəyişdiyini müşahidə edərik. Dilin müasir vəziyyətini əsas tutaraq müqayisəli-tarixi metod vasitəsi ilə köməkçi nitq hissələrinin diaxronik aspektdə araşdırılması, tarixi-linqvistik təhlilə cəlb edilməsi də tarixi qrammatikanın əsas vəzifələrindəndir. Nümunələrə nəzər salaq: Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan (İ.Nəsimi). Hər yerdə kim otura Xətai, o hurivəş, Göydə məlayik oxuya: “ya leytəni turab” (Ş.İ.Xətai). Gərçi Nəsimi sözün dadını verdi, vəli, Dadə gətirdi anı ləfzi-şəkərbarımız. (İ.Nəsimi) Qaşınlan qamətin şəkli mənə mehrabü minbərdir. (Ş.İ.Xətai) Al ilənol qara gözün qəmzəsilən dəldi bağrımı. (C. Həqiqi) Bu Xətai birlə solmuş bir dəxi, ey şahi-hüsn, Ta dəhanın xatəmi-mehri-Süleymandır mana. (Ş.İ.Xətai) Gəl kərəm birlə nəzər qılgil Həqiqi halına. (C. Həqiqi) Çün könül xalin ucundan düşdü zülfün qeydinə... (Ş.İ.Xətai) Dilbəra, sənciləyin billah ki, yarım yoxdurur. (Ş.İ.Xətai) Piri-künci-xəlvətəm, uş Misri-sultan məndədir. (Ş.İ.X.) Şahi-mərdan yolunda çox kişi vardır, vəli Afərin ol başə kim, min başə bir baş oynadır. (Ş.İ.X.)
2. Təsviri qrammatika. Təsviri qrammatika dilin qrammatik quruluşunun hazırkı inkişaf vəziyyətini öyrənir. Burada sözün tərkibi və quruluşu, nitq hissələri, onların leksik, morfoloji və sintaktik xüsusiyyətləri araşdırılır.
3. Müqayisəli qrammatikada qohum dillərin qrammatik quruluşları müqayisə yolu ilə öyrənilir, oxşar və fərqli cəhətləri araşdırılır. Bu cür tədqiqat işi bütün qohum dilləri və ya onların bir qismini əhatə edə bilər. Həmçinin müqayisəli-tarixi metodun köməyi ilə qohum olmayan dillərin qrammatik quruluşu da tədqiqata cəlb edilərək öyrənilir. “Son dövrlərdə dilçiliyimizin rus və Azərbaycan, fransız və Azərbaycan dillərinin qrammatik quruluşunun müqayisəli-tipoloji tədqiqinə meyil artmışdır”.
Qrammatika morfologiya və sintaksis şöbələrindən ibarətdir. Tarixən qrammatikaya fonologiya (fonetika), morfonologiya, orfoqrafiya, dialektologiya, etimologiya şöbələri də daxil olunmuşdur. Dilçilik elminin son nailiyyətləri isə təsdiq edir ki, qrammatika morfologiya və sintaksis şöbələrini əhatə edir. Morfologiya sözlərin qrammatik mənalarından, dəyişməsindən, müxtəlif şəkillərə düşməsindən, nitq hissələrindən bəhs edir.
Biz bir-birimizlə fikir mübadiləsi edirik. Fikrimizi isə cümlələrlə çatdırırıq. Cümlələr isə sözlərdən və söz birləşmələrindən təşkil olunur. Söz birləşmələri (sərbəst), cümlələr, onların quruluşu, növləri və s. isə qrammatikanın ikinci böyük bölməsi olan sintaksisdə tədqiq edilir. Məhz sintaksisin ən mühüm nəzəri məsələlərindən biri söz birləşmələrinin mahiyyətini, onların tiplərini, əmələgəlmə yolları və vasitələrini, söz birləşməsi ilə sözün, cümlənin, söz birləşməsi ilə mürəkkəb sözün oxşar və fərqli cəhətlərini aşkar etməkdir. Söz birləşməsinin növləri – ismi və feli birləşmələr, feli birləşmələrə əsaslanan feli sifət, feli bağlama və məsdər tərkibləri öz zəngin quruluş tipi və məna tutumu ilə sintaksisdə arasdırılır, tədqiq edilir. Həmçinin həmin birləşmələrin və tərkiblərin sadə cümlənin genişlənməsindəki rolu, tabeli mürəkkəb cümlələrlə məna ekvivalentliliyi, sintaktik sinonimliyi, lakin predikativ keyfiyyət qazana bilmədiyi üçün budaq cümlə vəzifəsi daşıya bilməməsi və s. sintaksisin məşğul olduğu sahələrdir. Sintaksisin məşğul olduğu sahələrdən ən başlıcası isə cümlədir. Cümlə dilin əsas ünsiyyət vahididir. Fikir mübadiləsi yalnız cümlələr vasitəsilə ilə yaranır, mümkün olur. Cümləni təşkil edən sözlər həm məna, həm də qrammatik cəhətdən əlaqəyə girir.
Morfologiya yunan mənşəli söz olub “morphe” (forma), “loqos” (elm, təlim), yəni “forma haqqında elm, təlim” deməkdir. Morfologiya geniş mənada sözlərin qrammatik tərkibini, qrammatik quruluşunu, nitq hissələrini öyrənən sahədir. Morfologiya düzgün nitq qurmaq bacarığı, ədəbi dilin normalarına riayət etmək vərdişlərini aşılayır. Fonetika, leksikologiya bölmələri ilə əks əlaqə qurur, sintaksis üçün, onun ayrı-ayrı mövzularının daha dərindən mənimsədilməsi üçün real imkanlar açır.
Morfologiyanın obyekti sözdür. Leksikologiyanın da obyekti sözdür. Lakin leksikologiyada sözün konkret mənası araşdırılır. Bu məna tək-tək sözlərə aiddir. Ağac, su, maral, daş, insan və s. sözlərin hər birinin özünəməxsus leksik mənaları vardır, hər biri leksik mənasına görə tamam fərqlidir, ancaq qrammatik mənasına görə eynidir, əşya bildirir. Deməli, qrammatik məna tək-tək sözlərə yox, böyük sözlər qrupuna aiddir. Sözün qrammatik mənası hər cür konkretlikdən məhrum, olduqca mücərrəd və sözlərin cümlə daxilində başqa sözlərlə əlaqəyə girərək kəsb etdiyi əlavə mənalara deyilir. Sözün qrammatik mənasının dildə əhəmiyyəti böyükdür. Birincisi, qrammatik məna nitqdə sözün anlaşılmasını dəqiqləşdirir. Məsələn, isim əşya bildirməklə yanaşı, kəmiyyət, hal, mənsubiyyət, xəbərlik şəkilçiləri ilə də işlənir və onun qrammatik mənası dəyişir. İkincisi, qrammatik məna sözlərin bir-biri ilə əlaqəsini göstərir. Məsələn, “Mən müəlliməm” cümləsi mübtəda ilə xəbərdən ibarətdir və xəbər uzlaşma əlaqəsi ilə mübtədaya tabedir. Üçüncüsü, qrammatik məna danışan şəxsin haqqında danışdığı əşya və ya hadisəyə münasibətini bildirir.
Dilimizdə qrammatik məna iki yolla: həm morfoloji (sintetik, şəkilçilər), həm də sintaktik (köməkçi sözlər, vurğu, intonasiya, söz sırası və s.) yolla yaranır.