I Adlardan düzələn sifətlər:
1. Azərbaycan dili isimlərindən və başqa dillərdən keçən isimlərdən Azərbaycan dili şəkilçiləri ilə düzələnlər: -lı4,- sız4, -kı4, -dakı2, -cıl4, -ı4: bilikli, yağlı, dərdli, maraqsız, axşamkı, bağdakı, evdəki, yuxucul, zarafatcıl, ölümcül, qızılı, turşu, gümüşü, zoğalı, buğdayı, sürməyi (saitlə bitən sözlərə şəkilçidən əvvəl “y” bitişdirici samiti artırılır) və s. Bu şəkilçilər öz məhsuldarlığı ilə seçilir. Bunlardan əlavə, adlardan sifət düzəldən qeyri-məhsuldar şəkilçilərə də təsadüf edilir: -sal (qumsal, duyğusal); -sul (yoxsul); -c (anac toyuq); -man (qocaman, şişman); -lam (sağlam) və s.
2. Ərəb-fars isimlərindən ərəb-fars şəkilçiləri ilə düzələnlər: -bi -ba, -na,-la, -i (vi), -kar, -baz, -pərəst, -pərvər, -xah, -dar, -gər, -əvər, -avər, -xor, -xar, -güzar, -pəsənd: bivəfa, baməzə, namərd, laməkan, hərbi, tarixi, inqilabi, dairəvi, zülmkar, kələkbaz, oyunbaz, şöhrətpərəst, vətənpərvər, dostpərəst, qonaqpərvər, xeyirxah, hiyləgər, dənəvər, dilavər, dilxor, çayxor, işgüzar, xudpəsənd və s.
3. Rus və başqa dillərin isimlərindən ön və son şəkilçilər vasitəsilə düzələn sifətlər: -anti, -ist, -iv, -l, -loji, -tik, -a: antihumanist, realist, idealist, obyektiv, formal, psixoloji, anormal, sistematik, problematik və s.
II Feildən düzələn sifətlər: -ağan-əyən; -qın-kin,-qun,-kün; -ğın, -gin, -ğun,-gün; -aq,-ək; -ıcı,-ici,-ucu,-ücü; -ıq,-ik,uq,-ük; -caq, -cək; -ınc,-inc, -unc,-ünc; -c, -ma,-mə; -maz,-məz; -əri; -qan,-kən; -ri; -ım, -u: ağlağan uşaq, qaçağan at, kəskin söz, tutqun hava, azğın adam, solğun çiçək, qorxunc hadisə, gülünc iş, iyrənc hərəkət, keçici xəstəlik, qaldırıcı kran, utancaq oğlan, sönməz alov, qorxmaz əsgər, burma saç, hörmə paltar, qıvrım saç, köçəri qəbilə, çalışqan şagird, əyri ağac və s. Bu şəkilçilərin bir qismi qeyri-məhsuldardır.
Sifət düzəldən şəkilçilərin bir çoxu omonim xarakter daşıyır, həm isim, həm də sifət düzəldir.
Mürəkkəb sifətlər. Azərbaycan dilində işlənən mürəkkəb sifətlər mənşə etibarilə iki qrupa bölünür:
I Azərbaycan sözlərindən əmələ gələn mürəkkəb sifətlər: Belə mürəkkəb sifətlər aşağıdakı qaydalar əsasında yaranır:
1. İki sadə sifətin təkrarı ilə: yaşıl-yaşıl, sərin-sərin, xırda-xırda;
2. Bir sadə sifətlə isimdən düzələn düzəltmə sifətin birləşməsi ilə: ucaboylu, iriyarpaqlı, uzunsaçlı;
3. İsimdən düzələn iki düzəltmə sifətin birləşməsi ilə: bağlı-bağçalı, dadlı-dadlı, güllü-çiçəkli, ucsuz-bucaqsız;
4. Bir sadə isimlə feildən düzələn sifətin birləşməsi ilə: ziyanverici, sözdüzəldici,;
5. Bir əsli sifətlə ismin birləşməsindən əmələ gələn mürəkkəb sifətlər: dikbaş, qaragöz;
6. Birinci və ikinci tərəfi mənsubiyyət şəkilçili isimlə sadə və ya düzəltmə sifətin birləşməsi ilə: ürəyiaçıq, qanıqara, qəlbitəmiz, gözütox;
7. Bir say və bir sadə isimdən və ya düzəltmə sifətdən düzələn mürəkkəb sifətlər: beşguşə (fiqur), ikimərtəbəli (ev), üçtelli (durna);
8. İkinci növ təyini söz birləşməsi modeli əsasında (1-ci tərəfi qeyri-müəyyən yiyəlik hal, 2-ci tərəfi mənsubiyyət şəkilçisi ilə formalaşan) formalaşan mürəkkəb sifətlər: bayramqabağı, ölkələrarası, seçkiqabağı.
Dostları ilə paylaş: |