Çoxaltma dərəcəsi. Əlamət və keyfiyyətin adi dərəcəyə nisbətən çox dəyişməsini göstərən dərəcəyə çoxaltma dərəcəsi deyilir. Çoxaltma dərəcəsində bəzən əlamət və keyfiyyət adi dərəcədən nisbətən çox, bəzən də həddindən çox olur. Buna görə də çoxaltma dərəcəsi iki yerə ayrılır: üstünlük və şiddətləndirmə. Üstünlük növü analitik yolla yaranır.
Çoxaltma dərəcəsinin bu növünü yaratmaq üçün ədatlardan istifadə edilir. Ən, lap, çox, daha ədatları sifətin qarşısına artırılır, əlamət və keyfiyyətin dərəcəsi çoxalır. Məsələn, ən gözəl, çox gözəl, daha gözəl və s.
Çoxaltma dərəcəsinin şiddətləndirmə növü əlamətin adi dərəcədən qat-qat çox olduğunu bildirir. Şiddətləndirməni bildirmək üçün aşağıdakı vasitələrdən istifadə edilir.
1. Sifətin ilk hecasındakı saitin sonuna m,p,r,s samitlərindən biri artırılır: gömgöy, sapsarı, tərtəmiz, dosdoğru, qısqıvraq və s.
2. Sifətin təkrarı ilə: qanlı-qanlı (irmaqlar), uca-uca (dağlar), dərin-dərin (dərələr), böyük-böyük (körpülər) və s. Qədim yazılı abidələrimizin, klassik ədəbiyyatımızın və həmçinin dastanlarımızın dilində çoxaltma dərəcəsinin bu şəkildə yaranmasına çox təsadüf edilir. Məsələn, “Qanlu-qanlu suların soğulmuşdu, çağladı axır! ... Souq-souqsular sana içət olsun, gəlinciyim!... Daşqın-daşqın suları aşub gəldiyində, keçdiyində Beyrək adlı bir yigidə buluşmadınmı?” Böyük-böyük suların köprisi ağac! (KDQ). “Uca-uca dağ başında, Baş bir yana, leş bir yana...” (“Koroğlu). Laf eyləmə, Aslan paşa, Ağır-ağır ellərim var. Sən bir tamaşa eyləyəsən, Qılınc çalan qollarım var. (“Koroğlu”)
Bəzən də təkrar olunan sifətlərdən birincisi substantivləşərək ismin çıxışlıq halında işlənir, əşyanın əlamət və keyfiyyətini müqayisə yolu ilə bildirir. Ya da birinci tərəf ismin çıxışlıq halında olan isimdən, ikinci tərəf sadə sifətdən ibarət olur. Məsələn: Yaxşıdan yaxşısan ellər içində, Yaşılbaş sonasan göllər içində. (R.H.) Elə söz var, zəhrimardan acıdır, Elə söz var, söhbətlərin tacıdır. (Z.A.)
3. Şiddətləndirmə növü tünd, zil sözləri ilə formalaşır. Məsələn: