On bir ondan yaxşıdır,
Çuxa dondan yaxşıdır.
Yağıya boyun əysən,
Ölmək ondan yaxşıdır.
(Bayatı)
Bu misalda substantivləşmiş saylardan birincisi (on) mübtəda, ikincisi isə (ondan) vasitəli tamamlıqdır.
Sayın məna növləri: miqdar sayları Saylar bir-birindən, əsasən mənalarına görə fərqlənir. Ona görə də sayları mənaları üzrə təsnif etmək daha münasibdir. Müasir Azərbaycan dilində saylar mənasına görə iki böyük qrupa ayrılır: a) miqdar; b) sıra sayları.
Miqdar sayları özü də dörd qrupa bölünür:
1) müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir, neçə?, nə qədər? suallarına cavab verir, quruluşca sadə və mürəkkəb (tərkibi) olur. Müəyyən miqdar sayları bütün say növlərinin əsasını təşkil edir. Müəyyən miqdar saylarının bir sıra xüsusiyyətləri vardır:
* Müəyyən miqdar sayları I növ təyini söz birləşməsinin 1-ci tərəfi kimi işlənir. Məs.: Dava günün-də Eyvaz xan, Yüz yağıya verməz aman (“Koroğlu”);
* III növ təyini söz birləşməsinin 2-ci tərəfi kimi çıxış edərək substantivləşir: qızların beşi, əsgərlərin onu. Belə birləşmələrdə bir çox qızların və əsgərlərin yalnız beşi və onu nəzərdə tutulur. Əgər birləşmədə say ümumi miqdarın müəyyən bir hissəsini ifadə etmirsə, 1-ci tərəfdə olan isim say kimi cəm şəkilçisini qəbul etmir. Kitabın üçü köhnədir. Belə birləşmələrdə əsas tərəflə asılı tərəfin yerini dəyişsək, cümlənin məzmununa xələl gəlməz: Üç kitab köhnədir. Deməli, III növ təyini söz birləşməsini (kitabın üçü) I növ halına salmaq mümkün oldu. Ancaq yuxarıdakı birləşmələrdə (qızların beşi, əsgərlərin onu) bu əməliyyatı aparmaq mümkün olmur. Çünki miqdar sayı qeyri-müəyyən miqdarın yalnız müəyyən bir hissəsini göstərir, ona görə də ondan əvvəlki isim cəm şəkilçisi ilə işlənir;
* Miqdar sayları ilə isimlər arasında müəyyən sözlər işlənir və həmin sözlər kəmiyyəti daha da konkretləşdirir. Bunlara numerativ sözlər deyilir: ədəd, dənə, baş, nəfər, göz, qaşıq, tikə, parça, yol, dəfə, dəst, nüsxə və s. Məsələn, Bir tikə çörəklə, bir qurtum suyla, Boş ciblə, ürək dolusu arzuyla, Yüyürdüm sabahıma. ( N. K. )
Azərbaycan dilində digər say növləri müəyyən miqdar saylarından yaranır. Bunların içərisində ən geniş fəaliyyət göstərən, söz yaradıcılığında iştirak edən bir sayıdır. Bu sayın sözyaratmada iştirakı haqqında əvvəlki sətirlərdə bir qədər məlumat verdik. Bir sayının digər xüsusiyyətlərinə də nəzər salaq:
* Qeyri-müəyyənlik və ümumilik bildirir: Bir səbəb göstərmədilər?
* gün, ay, vaxt, an, həftə, il, saat, dəqiqə kimi zaman məzmunlu isimlərin əvvəlində işlənərək zaman zərfi yaradır. Məs.: Bir zamanlar at oynadıb, Gəzdi bəylər bizim yeri. (A. Zodlu) Bir ay yarımnovbahardan keçəndə, Car olur köksündən sellərin, dağlar! (A.Ə.)
* təhər, cür, növ, sayaq sözləri ilə işlənərək tərzi-hərəkət zərfi yaradır. Məs.: Lalə İsmayılzadə bir təhər ayağa qalxdı. (M.H.)
* Mənsubiyyət şəkilçisi ilə işlənərək qeyri-müəyyən əvəzlik kimi işlənir: Biri (si) qapını döyürdü.
* Qüvvətləndirici ədat kimi işlənir. Məs.: Çərşənbə günündə, çeşmə başında, Gözüm bir alagöz xanıma düşdü. (A. Ələsgər)
* Bir sözü eyni sözünün sinonimi kimi işlənir. Məs.: Kəklik ötür qış keçəndə, Ovçu yanır boş keçəndə, Kimin ömrü xoş keçəndə Yay da birdir, yaz da birdir. (R.K.)
* Bir sözü elə işarə əvəzliyinin yerində işlənir. Məsələn: Ay ağalar, bir zəmanə gəlibdir, Ala qarğa şux tərlanı bəyənməz. (A. T.)
* Bir sözü gah (da) bağlayıcısının sinonimi kimi işlənir: Məsələn, Mübaşir Məmməd bir Firuduna, bir də dağılmış buğda tayasına baxıb tüfəngin qundağı ilə onu vurmağa başladı. (M. İbrahimov)