Təqribi miqdar sayları. Müxtəlif miqdar sayları yanaşı işlənərək təqribi miqdar sayları yaradır: Qırıcı təyyarələr 2-3 dövrədən sonra uçuş zolağına qayıtdı. Yüksək çinli 5-6 zabit təyyarəyə qalxdı. (İ.Ş.)
Qeyri-müəyyən miqdar sayları. Azərbaycan dilində qeyri-müəyyən miqdar sayları az, çox, bir az, bir çox, bir qədər, onlarla, yüzlərlə, minlərlə və s. saylardır ki, qeyri-müəyyən kəmiyyəti ifadə etməyə xidmət göstərir. Bu saylardan bir çoxu cəm şəkilçisi ilə işlənir. Araşdırmalardan məlum olur ki, qeyri-müəyyən miqdar sayları qədim türk və Azərbaycan yazılı abidələrinin dilində intensivliyi ilə seçilir: “az nənq – az nəsnə; köp saç –çox, sıx saç (M.Kaşğari. “Divan”); Tavla-tavla şahbaz atların kafər binmiş... Atub əlli-altmış adam həlak elədi... Ağız dildən bir qaç kəlmə xəbər mana (“Kitab”); Taliba əvvəl qədəm üç-dörd gərək... Zülfün ucundan nə çoq-çoq yelə vardı başlar (Nəsimi) və s.” .
Qeyri-müəyyən kəmiyyət bildirən sayların aşağıdakı vəzifələri vardır:
1. Əşyanın qeyri-müəyyən kəmiyyətini bildirir: xeyli kitab, xeyli meyvə, çox adam;
2. Qeyri-müəyyən miqdar sayları sifətlərin və zərflərin qarşısında işlənir. Sifətdən əvvəl gəldikdə təyinlik dərəcəsinin az və çox olduğunu, zərfin qarşısında gəldikdə isə əlamətin əlamətini bildirir. Məsələn, çox yaxşı insan, çox gözəl geyinmək, bir qədər yaxşı, xeyli yaxşı;
3. Qeyri-müəyyən miqdar sayları az və çox sözlərinin əvvəlində işləndikdə qeyri-müəyyən kəmiyyətin azalıb-artmasına xidmət göstərir. Məs.: çox az, xeyli az, bir qədər çox, bir az çox;
4. Bir sözü ilə işlənərək qeyri-müəyyənlik məzmunu yaradır. Məsələn, bir çox, bir az, bir bu qədər.
Bu xüsusiyyətlərdən əlavə çox, az sözlərinin özünəməxsus aşağıdakı əlamətləri də vardır:
1. Ən, lap, daha ədatları ilə işlənərək onların qeyri-müəyyən kəmiyyətini artırır və ya azaldır: lap çox, ən çox, daha az;
2. Bu sözlərdən (az, çox) -lıq4 şəkilçisi ilə isim düzəlir: çoxluq, azlıq;
3. Çox və az sözlərindən feil yaranır: çoxal, azal;
4. Çox və az sözləri birgə işləndikdə bir qədər mənasını ifadə edir: az-çox;
5. Çox və az sözləri kəmiyyət şəkilçisi ilə işləndikdə kəmiyyət məzmunlu qeyri-müəyyən əvəzlik əmələ gəlir: çoxlar, azlar;
6. Çox və az sözləri -ca şəkilçisi ilə işləndikdə qeyri-müəyyən kəmiyyət məzmunu ya artır, ya azalır: çoxca, azca.