Sifətin substantivləşməsi
Məlum olduğu kimi, cümlədə mübtəda, tamamlıq vəzifəsi, əsasən, isimlərə xasdır. Digər nitq hissələri cümlənin mübtəda və tamamlığı vəzifəsini icra edəndə öz əvvəlki keyfiyyətini dəyişir. Cümlədəki yerindən asılı olaraq, gözəl, yaxşı, qoca, böyük, ağıllı, dəli, çirkin və sairə sözlər mübtəda və tamamlıq vəzifəsində işləndikdə onlar əlamət və keyfiyyət bildirmək xüsusiyyəti ilə yanaşı, əşyalıq xüsusiyyəti də kəsb edir. Əks halda sifətlər cümlənin nə mübtədası, nə də tamamlığı ola bilər.
Sifətlər substantivləşdikdə özündən sonra gələn isim atılır, ismin morfoloji əlamətləri və sintaktik vəzifəsi onların üzərinə keçir. Substantivləşmə iki cür olur: daimi və müvəqqəti.
Daimi substantivləşmə hər hansı mətndən, şəraitdən asılı olmayaraq formalaşır. Bu cür substantivləşmə onomastik vahidlərdə, atalar sözlərində, aforizmlərdə, folklorun digər nümunələrində mətndən asılı olmadan geniş şəkildə işlənir. Nümunələrə nəzər salaq:
* Böyük körpü salar, kiçik keçər.
* Gözəl görünər, çirkin bürünər.
* Toxun acdan xəbəri olmaz.
* İlanın ağına da lənət, qarasına da.
* Ölülər elə bilir, dirilər halva yeyir.
* Keçəl suya getməz.
* Yersiz gəldi, yerli qaç.
* Pulluya “bəli” deyərlər, pulsuza “dəli”.
* Qurunun oduna yaş da yanar.
(A. sözü)
His eylər,
Piltə yanar, his eylər.
Zaman tərsinə dönüb,
Yaxşını da pis eylər.
(Bayatı)
Gəmiçi Qoca ətrafını ot basmış cığırla kəndin ucqarın-dakı evinə doğru addımladı. (İ.Ş.) Kim ağacların bircə yarpağına toxunsaydı, elə yerindəcə iflic olurdu. Sarı bəy bax beləcə qüdrətli idi! ( “ Əli və Nino” ) Şahnaz bu gecə Böyük bəyi xilas etməli idi, ya da heç vaxt. (İ.Ə.)
Müvəqqəti substantivləşmə mətndən, şəraitdən asılı olaraq, müvəqqəti xarakter daşıyır. Dilimizdəki sifətlərin hamısı eyni dərəcədə substantivləşmir. Əsli sifətlər daha çox substantivləşdiyi halda, törəmə sifətlər o qədər də substantivləşmir.
Sifətin dərəcələrdən də adi dərəcə substantivləşməyə daha çox meyillidir. Çünki adi dərəcə heç bir morfoloji əlamət daşımır. Bu fakt da mücərrədləşmə üçün şərait yaradır.
Say. Azərbaycan dilində say müstəqil bir nitq hissəsi kimi XX əsrin 30-cu illərindən öyrənilməyə başlanılmışdır. 1920-ci illərə qədər yazılmış qrammatika kitablarında saylar bəzən isim, bəzən sifətlərin tərkibinə daxil edilmiş, “ədədi isimlər”, “ədədi sifətlər” və ya “say sifətləri” adı altında verilmişdir.
Sayı ismin bir növü kimi verənlər onun ad bildirməsini əsas götürmüşlər. Lakin isim geniş mənada əşyanın, say isə həmin əşyanın miqdarının adıdır. Əşyaları bir-birindən fərqləndirmək üçün onlara ad verildiyi kimi, rəqəmlərin də birini digərindən fərqləndirmək üçün onlara ad verilmişdir. Ad bildirməsindən başqa, sayların isimlərdən ayrılaraq təklikdə hal, kəmiyyət və mənsubiyyətə görə dəyişməsi, mübtəda, tamamlıq vəzifəsini icra etməsi onların isimlər arasına daxil edilməsini şərtləndirən amillərdəndir.
Sayı sifətin bir növü kimi qəbul edənlər hər iki nitq hissəsinin təyin etmək xüsusiyyətini başlıca amil kimi əsas götürmüşlər. Məs.: beş qız, gözəl qız birləşmələrinin 1-ci tərəfləri heç bir qrammatik əlamət qəbul etmədən ismə yanaşır. Hər ikisi isimlə bağlıdır. Hər ikisi substantivləşir. Hər ikisi cümlə üzvü kimi, əsasən, təyin olur. Hər ikisində hansı? sualı da işlənir (hansı? sualı, əsasən, sıra sayına verilir. Məs.: beşinci – hansı? cərgə). Lakin bu yaxınlığa baxmayaraq, sayları isim və sifətin tərkibinə daxil etmək mümkün deyil. Çünki bu oxşarlıqlara baxmayaraq, say əşyanı fərqli cəhətdən təyin edir, onun kəmiyyətini, sırasını bildirir.
Azərbaycan dilçiliyində saylar müstəqil nitq hissəsi kimi 1933-cü ildən öyrənilməyə başlanılmışdır. Xüsusilə M. Hüseynzadə sayın məna növləri və üslubi imkanlarını geniş tədqiq etmişdir (1983).
Sayın özünəməxsus xüsusiyyətləri aşağıdakılardır:
* Say bir qayda olaraq, təyin vəzifəsində əşyadan qabaq, xəbər vəzifəsində əşyadan sonra gəlir;
* Say yanaşdığı sözün qrammatik əlamətlərini qəbul etmir;
* Azərbaycan dilində onluq say sistemindən istifadə olunur;
* Say sayılması mümkün olan əşya ilə işlənir. Buna görə də mücərrəd və küll halında olan əşya sayla işlənmir. Lakin istisnalar da var. Məsələn, Yüz fikir bir borcu ödəmir;
* Miqdar bildirən 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən istənilən sayı yaratmaq mümkündür;
* Azərbaycan dilində bütün ədədləri adlandırmaq üçün 22 müxtəlif sözdən istifadə edilir: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, milyon, milyard, trilyon. Bunlardan milyon, milyard, trilyon alınma, qalanları xalis türk sözləridir. Bəzən ehtiyac olmadığı halda səksən sayının leksik dubleti olaraq həştad sayından istifadə olunur. Mənşəcə fars sözü olan bu sayın dilimizdə istifadəsinə ehtiyac yoxdur. Bundan əlavə, nərdtaxta oyunu ilə əlaqədar dilimizdə yek, du, sə, çahar, pənc, şeş saylarından istifadə olunur. Yek sayı işləklik dərəcəsinə görə fəaldır. Belə ki, bu say yeni sözlərin yaranmasında tərkib hissə kimi iştirak edir: yeknəsəq, yekdil, yeksan...
Ədəbiyyatşünaslıqda ərəb mənşəli saylarla bağlı olan janr adları vardır: mürəbbe, (dördlük), müxəmməs, təxmis, xəmsə (beşlik), müəşşər (onluq) və s. Qeyd: aşura sözü də on günlük deməkdir. Yeri gəlmişkən, klassik şeir janrı olan rübai də dördlükdür, yalnız dörd misradan ibarətdir, mürəbbe sözü ilə eyniköklüdür.
Haşiyə: Süleyman Sani Axundovun təxüllüsü də ərəb mənşəli say adını bildirir, “ikinci” mənasındadır. Yəni ikinci Axundov. Çünki ondan əvvəl Mirzə Fətəli Axundov var idi.
* Say, əsasən, özündən yaranır. Düzdür, əvvəl, son, axır sözlərindən sıra sayları əmələ gəlir. Əslində bu sözlərin daxili məzmununda da sıra anlayışı vardır. Eləcə də ədəbi dilin tarixi inkişaf prosesini izləsək, qeyri-müəyyən miqdar saylarının bir qisminin sözlərin təkrarı əsasında yarandığını müşahidə etmək olar (Bu haqda bir qədər sonra məlumat veriləcəkdir).
* Say sözyaratmada çox geniş fəaliyyət göstərməsə də, bəzi saylardan müxtəlif nitq hissələri yaratmaq mümkündür: birlik, birgə, birləşmək, bir-bir, birlikdə, birdən-birə, əlbir, dilbir, birdəfəlik, arabir, hərdənbir, bir az, bir çox, bir qədər, bir təhər, bir sayaq, birbəbir, canbir, azlıq, çoxluq, beşlik, yüzlük, çoxdan, az-çox, azdan-çoxdan, az-maz və s.
Əvvəlki sətirlərdə qeyd etdik ki, sayların əsas sintaktik vəzifəsi təyindir. O, özündən sonrakı sözlə yanaşma əlaqəsində olaraq onu kəmiyyətcə təyin edir. Məs.: Az sözün inci tək mənası solmaz, Çox sözün kərpic tək qiyməti olmaz.(N.G.) Yüz sar gəlsə, bir tərlana neyləyər?
Saylar həmçinin mübtəda, tamamlıq, zərflik və xəbər vəzifəsində də işlənir. Məsələn: Əllisində əlif qəddin çəkili, Altmışında ön dişlərin tökülü, Yetmişində qəddin, belin bükülü, Karvanı kəsilmiş kola bənzərsən .(“Koroğlu”) Misralardakı saylar zaman zərfliyi vəzifəsində çıxış edir.
Əvət, üç ildir ki, ölmüş zövcəm, Qızım olmuş mənə yalnız həmdəm. (H.C.) Bu nümunədəki say isə xəbər vəzifəsini daşıyır.
Dostları ilə paylaş: |