Sənin kimi tələbə muəllimlərin sevimlisidir. Bu birləşmədə də kimi qoşması sənin və tələbə sözlərini bir-birinə bağlamağa xidmət göstərir. Əgər müqayisə məzmunu yaradan kimi qoşması işlənməsə, həmin leksik vahidlər sintaktik vahidə çevrilə bilməz.
IV. İsmi birləşmələrin 4-cü qrupu əlavəli birləşmələrdir. Məsələn, fizika - riyaziyyat təmayüllü litseyi qurtaran sagirdlər ali məktəbə yüksək balla daxil oldular.
Zərf birləşmələri Zərf birləşmələri adlanan birləşmələrin ikinci (əsas) tərəfi zərflərlə, xüsusilə yer, zaman, və tərzi-hərəkət zərfləri ilə ifadə edilir. Zərf birləşmələrinə nitqdə az təsadüf edilir. Bu birləşmələrin bəzən hər iki tərəfi zərf+zərf, bəzən isim+zərf, bəzən də əvəzlik+ zərf quruluşlu olur: bir qədər tez (yerimək), bir qədər ucadan (danışmaq), xeyli gec (barışmaq), hamıdan aralı (gəzmək), tısbağadan yavaş (yerimək) və s.
Bu birləşmələr arasında idarə əlaqəsi mövcuddur.
Feli birləşmələr Söz birləşmələri içərisində əsas tərəfi felin təsriflənməyən formaları feli sifət, feli bağlama və məsdər ilə ifadə olunan feli birləşmələr çox mühüm yer tutur. Çox zəngin xüsusiyyətə malik olan feil xarakterli məsdər, feli sifət və feli bağlama feli birləşmələrin müxtəlif tiplərinin ayrı- ayrı məna çalarlarının yaranmasını təmin edir. Feli birləşmələr sadə cümlələrin tərkib hissəsi olub, onların mürəkkəb üzvlərini təşkil edir. Bunlar mənasına görə budaq cümləyə çox yaxınlaşır, lakin predikativ keyfiyyət ifadə etmədiyi üçün budaq cümlə vəzifəsi daşıya bilmir. Sadəcə olaraq, tərkiblər iştirak edən sadə cümlələr tabeli mürəkkəb cümlə ilə məna ekvivalentliyinə malikdir, yəni hər ikisi sintaktik sinonimlik təşkil edir. Tabeli mürəkkəb cümlələrdə budaq cümlələr sadələşdirildikdə feli tərkiblərə çevrilir. Məsələn, Kim ki öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxarar (N.Gəncəvi) Cümlənin ikinci komponenti baş cümlədir, onun xəbərindən sual tələb olunur: Sudan dürr, daşdan gövhər çıxarar – kim? Sualın cavabını birinci tərkib hissədə axtarırıq: Öyrənməyi ar bilməyənlər. Budaq cümlə substantivləşmiş feli sifət tərkibinə çevrildi. Cümləni tam olaraq sadələşdirsək, belə alınacaq: Öyrənməyi ar bilməyənlər sudan dürr, daşdan da gövhər çıxarar. Göründüyü kimi, budaq cümlə substantivləşmiş feli sifət tərkibinə çevrildi və cümlənin mürəkkəb mübtədası vəzifəsini icra etdi. Deməli, cümlə mübtəda budaq cümləsidir. Lakin həmin tərkib predikativliyə malik olmadığından yalnız söz birləşməsi kimi fəaliyyət göstərir, cümlənin genişlənməsində, zəngin semantik mahiyyət qazanmasında yaxından iştirak edir. Feli birləşmələrdə hərəkətlə, həmin hərəkətə aid olan məfhumlar arasındakı əlaqə aşağıdakı şəkildə əks olunur: 1) hərəkətlə onu icra edən şəxs-subyekt arasındakı əlaqə: mən danışanda, sən oxuyanda, Arzu qayıdarkən və.s 2) hərəkətlə, proseslə üzərində iş icra edilən obyekt arasında: gülləri sulamaq, hədiyyəni göndərmək, otağı yığışdırmaq; 3) Proseslə onun məkanı arasında əlaqə: məktəbə getmək, şəhərə gəlmək, dağdan qayıtmaq, evdə işləmək; 4) proseslə onun zamanı arasında əlaqə: axşam oxumaq,gec oyanmaq,cavanlıqda öyrənmək; 5) proseslə onun kəmiyyəti arasında əlaqə: az danışmaq, çox oxuyan,xeyli gülən 6) proseslə onun səbəbi arasında əlaqə;sevincdən ağlamaq, qəsdən gülən, qorxudan titrəmək və.s 7) Proseslə onun məqsədi arasında əlaqə: qalib gəlmək üçün döyüşmmək, oxumağa getmək. Feli birləşmələrin ikinci_əsas tərəfinə görə 3 növü var.Yəni əsas tərəf felin hansı təsriflənməyən formaları ilə ifadə olunursa, onun adı ilə də adlanır. Həmçinin feli birləşmənin birinci tərəfi də müxtəlif nitq hissələri və müxtəlif hallarla ifadə olunur. Buna görə də feli birləşmənin aşağıdakı növlərini göstərmək olar: 1) Birinci tərəfi adlarla ifadə olunan feli birləşmələr; 2) Birinci tərəfi feli bağlama,feli sifət və məsdərlə ifadə olunan feli birləşmələ; 3) Qoşmalı feli birləşmələr; Birinci tərəfi adlarla (isim, əvəzlik, substantivləşmiş sifət, say ) ifadə olunan feli birləşmələrin əmələ gəlməsində, tərəflərin əlaqələnməsində hal şəkilçiləri mühüm rol oynayır. Bundan asılı olaraq, I tərəfi adlarla ifadə olunan feli birləşmələri aşağıdakı növlərə ayırmaq olar: 1) Adlıq hallı feli birləşmə 2) Təsirlik hallı feli birləşmə 3) Yönlük hallı feli birləşmə 4) Yerlik hallı feli birləşmə 5) Çıxışlıq hallı feli birləşmə