İsmi birləşmələr İsmi birləşmələrin Azərbaycan dilçiliyində tədqiq edilməsi tarixi o qədər də qədim deyil. Bu məsələ haqqında 1846-cı ildə Kazan universitetinin professoru Mirzə Kazım bəy “Türk-tatar dilinin ümumi qrammatikası“ adlı əsərində “izafət” termini adı altında bəhs etmişdir. Burada izafət adı ilə ismi birləşmənin I, II , III növündən söhbət açılır. Söz birləşməsinin sintaksisə daxil edilməsinə 1946-cı ildə çap olunmuş “Azərbaycan dilinin sərfi“ adlı dərslikdə rast gəlirik (M.Hüseynov, M.A. Şirəliyev). 1950-ci ildə M. Hüseynzadənin məqalələrində, 1959-cu ildə “Azərbaycan dilinin qrammatikası“, “Müasir Az. dili“ kitablarında ismi birləşmələr elmi şəkildə izah edilmişdir. İsmi birləşmədə isimlər aparıcı rola malik olur. Yəni I tərəf hansı nitq hissələri ilə ifadə olunur-olunsun, başlıca əlamət ondan ibarətdir ki, birləşmənin ikinci tərəfi əsasən isimlərlə ifadə olunur. İsmi birləşmələr iki üsulla –analitik və sintetik yolla əmələ gəlir. Analitik üsulla əmələ gələn ismi birləşmələrin əmələ gəlməsində xüsusi morfoloji əlamət olmur, yalnız semantik cəhətdən birləşir. Birləşmənin formalaşmasında söz sırası və intonasiya mühüm əhəmiyyət daşıyır. Bəzən də intonasiyanın, söz sırasının edə bilmədiyini qoşmalar yaradır: qızıl kimi insan, Lütfüzadə kimi alim və s.
Sintetik üsulla söz birləşmələrinin formalaşmasında şəkilçilər – hal və mənsubiyyət şəkilçiləri əsas vasitə hesab olunur; insan ömrü, qışın nəfəsi, körpənin gülüşü, ananın diləyi və s.
İsmi söz birləşməsi nitq hissələrindən, müxtəlif sintaktik əlaqələr əsasında əmələ gəlir və bunların morfoloji əlamətləri də müxtəlifdir. Buna görə də ismi birləşmələri 3 növə ayırmaq olar:
I növ ismi birləşmələr Bu birləşmələr morfoloji əlamətə malik deyil. Yəni bu qrupa daxil olan birləşmələrin I tərəfləri heç bir sözdəyişdirici (qrammatik )şəkilçinin iştirakı olmadan yaranır. Bu birləşmənin tərəfləri arasında yanaşma əlaqəsi mövcuddur. Birinci növ ismi birləşmənin elə qismi var ki, onlar lüğəvi vahidə çevrilir, digər qismi isə lüğəvi vahidə çevrilə bilmir.Yalnız sintaktik birləşmə olaraq qalır.Buna görə bu birləşmələri 2 yerə ayırmaq olar: 1) lüğəti birləşmələr; 2) sintaktik birləşmələr. Bunların ikisi də sintaktik birləşmədir. Ancaq bu birləşmələrin birində təyin edən (I tərəf ) təyin olunanla birlikdə yeni bir anlayış yaradır, lüğəti məna sintaktik mənadan üstün olur. Bu zaman mürəkkəb söz yaranır. Mürəkkəb söz dilin lüğət tərkibinə daxildir. Məsələn, Ağdas, Göyçay, Köhnəqala.
I növ ismi birləşmələrin 1-ci tərəfi müxtəlif nitq hissələri, II tərəfi isə isim və substantivləşmiş hər hansı bir sözlə ifadə olunur. Tərəflər arasında məntiqi əlaqə həmisə II tərəfin tələbinə görə yaranır. Məsələn, qızıl açar birləşməsində II tərəf məntiqi olaraq öz həcmini, çəkisini, keyfiyyətini, xassəsini və s. təyin edə bilən söz tələb edir.
I növ ismi birləşmələrin 1-ci tərəfi bir necə sözlə də ifadə oluna bilər və hər bir söz II tərəfi bir neçə cəhətdən təyin edər: həmin beş ədəd brilyant qaşlı qızıl üzük –qızıl üzük birləşməsində nədən hazırlandığı, maddi əsası bildirilir; brilyant qaşlı üzük birləşməsində üzüyün qaşının nədən hazırlandığı, maddi əsası bildirilir; beş ədəd sayını bildirir; həmin əvəzliyi isə məhz o üzüyə işarə edir və onu fərqləndirir.