Əvəzliyin özünəməxsus xüsusiyyətləri Hər bir nitq hissəsinin başqa nitq hissələri ilə oxşarlığı olsa da, özünəməxsus cəhətləri ilə də vardır. Əvəzliyin özünə məxsus əlamətləri aşağıdakılardır:
* Əvəzliyin əvəzetmə xüsusiyyəti vardır. Bu xüsusiyyət ancaq əvəzliyə aiddir. Məsələn: Aşiqin üzünə gülməsə vüsal, Ona təsəllidir yuxu ilə xəyal (N.G.)
* Əvəzliyin bir nitq hissəsi kimi özünəməxsus morfoloji əlaməti yoxdur. O, hansı nitq hissəsinin əvəzində işlənirsə, onun morfoloji əlamətlərini ya tamamilə, ya da qismən qəbul edir.
* Əvəzliyin konkret mənası mətnlə bağlı olaraq meydana çıxır.
* Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini daşıyır.
* Əvəzlik tarixiliyi ilə də seçilir. Xüsusilə şəxs və işarə əvəzliyinin tarixi daha qədimdir. Şəxs və mənsubiyyət şəkilçiləri də şəxs əvəzliklərindən formalaşmışdır.
* Tabeli mürəkkəb cümlələrdə budaq cümlələri baş cümləyə bağlayan vasitələrdən biri sual əvəzliklərindən formalaşan nisbi əvəzliklərdir: haçan ki, haraya ki, harada ki, kim ki, hər kim (ki), kimə ki, hansı (ki), nə zaman ki, nə vaxt ki, necə (ki), elə ki və s. Məsələn: Harada aş, orada baş. (A..sözü) Hər kim içər ol şərabı, məsti-cavidan olur. (İ.N.) Qaçan ki sünbüli-zülfün niqabı ayə düşər, Qəmər səhabə girər, afitabə sayə düşər. (İ.N.) Hər kim ki gül yüzün xəbərini gətirsə yar, Mən anə müjdə yerü gögü asiman derəm. (Ş.İ.X.) Kəssə hər kəs dünyada tökülən qan izini, Qurtaran dahi odur yer üzünü! (H. C. ) Kim ki camaata xor baxır, elə bil o, öz əli ilə öz gözlərini bağlayır, öz şamını söndürür. (M. İbrahimov ).
Hər bir nümunədə 1-ci cümlələr budaq cümlələrdir, baş cümləyə bağlayıcı sözlərlə (harada, hər kim, qaçan ki (haçan), hər kim ki, hər kəs, kim ki) bağlanıb. Bağlayıcı sözlər də əvəzliklə ifadə olunub. Əvəzliklərlə yanaşı gələn “ki” isə qüvvətləndirici ədatdır.
* Əvəzliklər söz yaradıcılığında passiv iştirak edir. Bunun səbəbi əvəzliklərin digər nitq hissələrini əvəz etməsi və ümumi məna bildirməsi ilə bağlıdır.
* İşarə əvəzlikləri tabeli mürəkkəb cümlələrin baş cümlələrində əvəzlik qəlib kimi, qarşılıq söz kimi işlənərək budaq cümlənin növünü müəyyənləşdirməyə kömək edir. Məsələn: Hər kimdən ki vəfa istədim, ondan cəfa gördüm. (M.F.) O da məlum idi ki, Nərimanın xətrinə dəymək istəmirdi. (M. Cəlal). Birinci cümlə tamamlıq budaq cümləsidir. Baş cümlənin xəbərindən sual veririk: Cəfa gördüm – kimdən? Ondan. Vasitəli tamamlıq substantivləşmiş işarə əvəzliyi ilə (ismin çıxışlıq halındadır) ifadə olunsa da, əlavə izaha ehtiyac duyulur. Yəni kimdən? Vəfa istədiyimdən. Buna baxmayaraq, “ondan” əvəzliyi budaq cümlənin növünü asanlıqla müəyyənləşdirir. İkinci cümlə mübtəda budaq cümləsidir, baş cümlənin mübtədası adlıq halda olan “o” əvəzliyi ilə ifadə olunmuşdur. Və bu fakt cümlənin hansı budaq cümlə olduğu fikrini söyləməyə əsas yaradır. Məlum idi – nə? O. Yəni nə? Nərimanın xətrinə dəymək istəməməyi.
* Əvəzliklərin lüğəvi mənası olur, cümlədə əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.
* Əvəzliklər bütün cümlə üzvü vəzifəsində çıxış edir. Məsələn: Mən (mübtəda) bir sönməz duyğuyam ki, ürəklərdə gəzərəm. (C.C.) Aşiqi-sadiq mənəm (xəbər), Məcnunun ancaq adı var. (M.F.) Qartal o (təyin) zirvədən belə düş, belə (yer zərfliyi), İnsanam, o (təyin) zirvədə mən (mübtəda) dayanmalıyam. (R.K.) Hamı (mübtəda) getdi fikirləşməyə. (C.M.) Əhliyyə ilk dəfə idi ki, kiməsə (tamamlıq) ürəkdən yanırdı. (Ş.A.) Elə bil otaqda nəyi isə (tamamlıq) axtarırdı, ancaq gözünə heç nə (mübtəda) dəymədi. (Ş.A.) Nədir (xəbər) gözlərindən yağan yağışlar, Nədir (xəbər) o (təyin) mənalı, dərin baxışlar, Nədir (xəbər) qəlbindəki payızlar, qışlar...? (S.R.) Görəsən, hansı (təyin) dağın çiçəyinin ətridir? (Ş.A.) Hər şeyi (tamamlıq) birdəfəlik həll etmək istədi. (Ş.A.) və s.
Bütün bu xüsusiyyətlərə görə əvəzlik müstəqil bir nitq hissəsi kimi qəbul olunur.