Əvəzliyin məna növləri Müasir Azərbaycan dilində əvəzliyin aşağıdakı məna növləri vardır:
Şəxs əvəzliyi. Şəxs məfhumunu ümumi şəkildə ifadə edən əvəzliyə şəxs əvəzliyi deyilir. Şəxs əvəzliklərində qayıdış və yiyəlik məzmunları da ifadə olunduğundan onları şərti olaraq üç yerə ayırmaq mümkündür: müəyyən, yiyəlik və qayıdış əvəzlikləri. Müəyyən şəxs əvəzlikləri hər üç şəxsin tək və cəmini ümumi şəkildə bildirən mən, sən, o (tək), biz, siz, onlar (cəm) əvəzliklərindən ibarətdir. Məsələn: Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm, Mən bir sönməz duyğuyam ki, ürəklərdə gəzərəm. (C.Cabbarlı) Qarı düşmən, bu yerlərə əl atma, Biz vətəndən, vətən bizdən ayrılmaz. (A. Mirzə) Çalış, sən həmişə öz əməyini ye, Haram mal yeməyə alışma, dilim. (A. Musa) Ay həzərat, gəlin sizə söyləyim, Bu dünyanın xəyanəti çıxıbdı. (A. Ə.) Şahim, onu gözünüzdən qoymayın bir an, O bir təhlükədir, aman, əlaman (S.V.) Onlar xoşbəxt ömür sürüb yüzü adladılar, görüm sizi də iki əlli yaşa dolasınız. (Az.nağılı)
Misallardan aydın oldu ki, isimlərin cəmi ilə şəxs əvəzliklərinin cəmi bir-birindən fərqlənir. Belə ki, isimlər müxtəlif vasitələrlə (həm morfoloji, həm də sintaktik) kəmiyyətcə çoxluq məzmunu qazanırdı. Şəxs əvəzliklərində isə təki ayrı, cəmi də ayrı sözlərlə ifadə olunur. Bəzi hallarda ümumiliyi nisbətən konkretləşdirmək üçün biz və siz sözlərini (baxmayaraq ki, bu əvəzliklər onsuz da cəmdir) bizlər, sizlər şəklində işlətmək mümkün olur. Biz, siz sözləri həm iki nəfəri, həm də yüzləri, milyonları da bildirir və ümumilik daha bariz şəkildə özünü büruzə verir. Bizlər, sizlər şəklində olanda bu ümumilik nisbətən konkretləşir, müəyyən bir toplumdan söhbət getdiyi məlum olur. Məsələn: Etmə bu qədər bizlərə azar, dilənçi, Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! (M. Ə.Sabir) Bizlərdə qaydadır, oğul, düşmən də olsa, qapıya gələni boş qaytarmarıq. (İ.Ş.) Dəxli nədir sizlərə, kim sizi qəyyum edib hökm edəsiz bizlərə (M. Ə.Sabir).
Biz, siz, onlar əvəzlikləri cəm şəkilçisi ilə birlikdə ismin bütün hallarında işlənir: bizlər (in, -ə, -i, -də, -dən); sizlər (-in, -ə, -i, -də, -dən); onlar (-ın, -a, -ı, -da, -dan).
Şəxs əvəzlikləri ilə ismin hallanması arasında fərq yoxdur. Lakin I şəxsin tək və cəmi yiyəlik halda (-im) şəkilçisini qəbul edir: mənim, bizim; III şəxsin təkində isə hal şəkilçisindən əvvəl -n bitişdirici samiti əlavə edilir (onun, ona).
Müəyyən şəxs əvəzlikləri isimlər kimi qoşmalarla işlənir: mənim kimi, sənin kimi, mənim üçün, onun tək, onun qədər, sizdən ötrü, onlardan başqa və s.
I və II şəxs əvəzlikləri heç bir isimlə əvəz edilə bilmir və hal-hərəkətin, prosesin subyektini ifadə edir. Şəxs əvəzlikləri ismin bir çox xüsusiyyətlərini daşısa da, mənsubiyyətə görə dəyişə bilmir, cümlə daxilində özündən əvvəl təyin qəbul etmir. Onlar, əsasən, mübtəda, tamamlıq və xəbər olur. Məsələn: Mən (mübtəda) Qacar nəsliyəm, şahlar şahıyam, (mübtəda), Mən də (mübtəda) yer üzünün bir allahıyam! (S.V.) İndi ki yeməyə yaramaz bu daş, Dünyada onunla (vasitəli tamamlıq) ucalarmı baş!? (N.G.) Kəşmirin şalı səndə (xəbər, üslubi tələbə görə xəbərin morfoloji əlaməti ixtisar olunub) ... Mən verdiyim nişana, Yadigar qaldı səndə (tamamlıq). (Bayatı)
Yiyəlik halda olan bizim və sizin əvəzlikləri mənsubiyyət şəkilçisi ixtisar edilmiş başqa bir ismin əvvəlində işləndiyi zaman həmin ismi təyin edir və təyinedici üzv kimi hansı? sualına cavab olur. Məs.: Göylə gedən beş durnalar, Bizim ellər yerindəmi?! (“Koroğlu”) Sizin camaat mərd və sözübütövdür. (danışıqdan) Bu cümlələrdə bizim ellər, sizin camaat birləşmələrinin tərəfləri parçalanır və 1-ci tərəfin sintaktik vəzifəsi təyin olur. Əgər birləşmələrin 2-ci tərəfindəki söz mənsubiyyət şəkilçisi ilə işlənərsə, onda tərəflər parçalanmır, mürəkkəb bir cümlə üzvü olur.