Kim sual əvəzliyi ancaq insanlara, nə sual əvəzliyi digər canlılara və cansızlara verilir.
Sual əvəzliklərinin içərisində kim, nə əvəzliklərinin bir sıra xüsusiyyətləri var:
* Kim sözü təsdiq bildirən feillərlə işləndikdə heç kəs məzmunun ifadə edir və inkar mənasını bildirir. Məs.: Ürəyimin ağrısını kim bilir? (danışıqdan) Kim bilir, bəlkə, onun da oğlu qanlı döyüşlərdədir. Kim bilir, bəlkə də, o, mənimlə bir dərddədir? (S.R.)
* Kim sözü inkar bildirən feillərlə işləndikdə hamı sözünü əvəz edir və təsdiq məzmunu yaradır. Onun nə yuvanın quşu olduğunu kim bilmir? (danışıqdan)
* Kim əvəzliyi tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayır. Məs.: Kim öyrənməyi bilməyirsə ar, Sudan dürr, daşdan da gövhər çıxarar. (N.G).
* Kim sözü yönlük halda heç kimə mənasını bildirir. Məsələn, Aləmə işıq saçmayan günəş, kimsəyə görünməyən gözəllik kimə və nəyə lazımdır? (C. Cabbarlı).
* Nə sözü təsdiq bildirən feillərlə inkar məzmunu ifadə edir: Mən nə bilim?
* Necə, nə üçün, haradan, hər şey, hər nə, necə, hansı, niyə mənalarında işlənir: Qara bağrın sarsılıbdır, “ağa” deyü nə (niyə, nə üçün) ağlarsan, nə bozlarsan? (KDQ) Nə (niyə, nə üçün) ağlarsan, nə sızlarsan, bir dərdi beş olan könlüm? (A.Tufarqanlı) O nə bilsin, başına gələcəkləri? (haradan) Onun evində nə yoxdur? (hər şey var mənasında) Bilinməyir yaşın sənin, Nələr (hər şey) çəkmiş başın sənin və s.
Sual əvəzlikləri dialekt və şivələrimizdə müxtəlif fonetik dəyişikliyə uğrayaraq tələffüz olunur. Bəzən də leksik dialektlərə də rast gəlinir. Məsələn, nə vaxt? mənasında havax; necə? mənasında nətəri, hancarı, nə təhər, nə tövr, nətörü; niyə?, nə üçün? mənasında qərb dialektində neyşə, nəyşə, Bakı şivəsində nöş, nöşün, Salyan şivəsində nöhün; kimdir?, nəçidir? sual əvəzliyinın yerində nəkarədir və s. sual əvəzliklərindən istifadə edilir. Bədii əsərlərin dilində də obrazı fərdiləşdirmək üçün belə məhəlli sözlərə, dialektizmlərə rast gəlmək mümkündür.