Düzəltmə kəmiyyət zərflərinə də dilimizdə çox az rast gəlinir. Bunlar şəkilçiləşməyə doğru gedən ilə qoşmasının müəyyən sözlərə əlavəsi ilə düzəlir: tamamilə, bütünlüklə və s.
Mürəkkəb kəmiyyət zərfi aşağıdakı qaydada yaranır:
1. Az sözünün təkrarı ilə: az-az. Çulu cırıq kəndliyəm mən də, Az-az uydururam yeri gələndə. (S. Vurğun)
2. Çox sözünün təkrarı ilə: Mehman daha həvəslə işə sarılır, çox-çox yüksəlmək, ona həqarətlə baxanlardan qisas almaq hissi ilə alışıb-yanırdı. (S.R.)
3. Az və çox sözlərinin birgə işlənməsi ilə: Dayısı onlara az-çox kömək edirdi.
4. Miqdar saylarının təkrarı ilə: bir-bir, iki-iki, on-on. Məs.:Qaraca, görünür, bu buyuruğa şad olaraq, cəld irəlilədi, ancaq babam razı olmayıb uzunboğaz çəkmələrini bir-bir özü çıxarıb kənara qoydu. (İ. Ə.) Komandir əsgərləri iki-iki düzmüşdü.
5. Bir sayının az, çox, xeyli, qədər, tikə, ağız, boy, damcı və s. sözlərlə birgə işlənməsi ilə: bir az danışmaq, bir boy qalxmaq, bir ağız oxumaq, bir qədər dincəlmək. Məsələn:
Yaxşı...Yaxşı...Bir-iki ağız de görək. Həbib pəsdən oxumağa başladı. (İ.Ə.) Günəş bir boy qalxmışdı, ancaq mən yerimdən durmaq istəmirdim. ...Bu, məndə özümə qarşı olan inamsızlığı bir az da artırırdı. (İ. Ə.) O, bir xeyli, guya dənizə baxırmış kimi dayandıqdan sonra yoldaşlarının yanına qayıdıb dedi. (İ. Ə.)
6. Müxtəlif sayların dəfə sözü ilə işlənməsi ilə: Yüz dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır (A.sözü) Ancaq gündə bir neçə dəfə bağlardan keçərək Fatma nənəmə dəyməyi unutmurdum. (İ. Ə.) O gündə üç dəfə namaz qılıb oğluna dua eləyirdi ( İ. Ə.)
7. O, bu işarə əvəzliklərinin qədər sözünə qoşulması ilə: bu qədər oxumaq, o qədər danışmaq və s. Məs.: O qədər dedim, yalvardım, ancaq sənin qəlbin yumşalmadı. Bu qədər böyüyüb, hələ heç nədən başı çıxmır... Bilmirəm, bunun axırı necə olacaq? (İ. Ə.)