1. Antonim mənalı iki sözün birləşməsi ilə: irəli-geri, dala-qabağa, sağa-sola, aşağı-yuxarı və s. Məs.: Zabitlər də aşağı-yuxarı qaçaraq hər şeyin öz yerində olmasına, əsgərlərin geyim-geciminə diqqət yetirirdilər. (İ. Ə.) Tora düşmüş maral balası sağa-sola çırpınır, getdikcə daha da çox ilişirdi. (Az. əfsanələri).
2. O, bu işarə əvəzlikləri ilə yan, tərəf, tay sözlərinin birgə işlənməsi ilə: o tay, bu tay, o yan, bu yan, o tərəf, bu tərəf və s. Məs.: Yönü o yana olduğu üçün mən onun üzünün indi də nə cür ifadə aldığını görmürdüm ( İ. Ə.)
3. Hər, heç sözlərinin yan, yer, tərəf sözləri ilə birgə işlənməsi ilə: hər yan, hər tərəf, heç yerdə və s. Məsələn: Birinci tilsim sınanda hər yer belə dümdüz olmayacaq. (Az. əfsanələri). Dördüncü nəsimdə göylərin qar yorğanı yerə enəcək, hər yana layla çalacaq. (Az. əfsanələri).
4. İkinci tərəfləri təklikdə işlənə bilməyən yörə, bərə sözlərinin yan, arada sözləri ilə birgə işlənməsi ilə: yan-yörə, arada-bərədə. Məs.: Arada-bərədə söz gəzirdi ki, Bayram bəyi pristav qoyacaqlar. (İ. Əfəndiyev)
5. Bir sözünün yan, tərəf sözləri ilə birlikdə işlənməsi ilə: bir yan, bir tərəfdə. Məs.: Alaçığın bir tərəfində beşik qoyulmuşdu və mən indi hər şeyi daha aydın dərk edirdim. (Ş. V.) Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya. (S. Vurğun)
Kəmiyyət zərfi hal və hərəkətin, əlamətin kəmiyyətini bildirir, neçə-neçə?, nə qədər? suallarına cavab verir. Quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə kəmiyyət zərfləri dilimizdə miqdarca azlıq təşkil edir: az, çox, xeyli. Bu sözlər həm qeyri-müəyyən miqdar sayı, həm də kəmiyyət zərfi kimi ikili xarakterə malikdir. Onları təyin etmək üçün əlaqəyə girdiyi, aid olduğu sözü müəyyənləşdirmək lazımdır. Məs.: Az danış, sözündən çıxmasın qələt. (kəmiyyət zərfi). (A.Ə.) Az (qeyri-müəyyən say) sözün inci tək qiyməti solmaz. (N.G.) Mən çox (kəmiyyət zərfi) maraqlanırdım ki, babam ondan soruşsun kimdir, nəçidir, buralarda nə gəzir? (İ. Ə.).