Nəgözlərim səni görsün,
Nə könlüm qübar eyləsin. (A. Tufarqanlı)
İnkarlıq bağlayıcısı ilə işlənən feillər, əsasən, təsdiq formada işlənir. Bəzən nə, nə də bağlayıcıları da, də bağlayıcılarını əvəz edir. Belə hallarda feil -ma (-mə) şəkilçisi ilə işlənir. Məsələn: Yanmır pərvanələr səhər də, axşam da, Analar öz balasına yandığı kimi. (V.Ə.) Əldən də qoymur, yardan da doymur (Nə əldən qoyur, nə yardan doyur).
İki inkarlıq ifadə edən bağlayıcı və şəkilçinin bir cümlədə işlənməsi əslində təsdiq məzmunu, müsbət çalar yaradır. İnkarlıq yaratmaq üçün feillərə deyil sözünü (lazım şəklində) də əlavə etmək mümkündür. Gələsi deyiləm.
Feillərdə təsirlilik kateqoriyası: təsirli və təsirsiz feillər 1936-cı ilə qədər yazılmış qrammatika kitablarında təsirli və təsirsiz feillərdən çox az bəhs edilmişdir. Təsirli feillər icbar növün tərkibində verilmişdir. Nəhayət, 1950-ci ildən sonra təsirli və təsirsiz feillər müstəqil bir kateqoriya kimi dərsliklərə daxil edilmişdir.
Təsirlilik kateqoriyası obyekt və subyekt arasında münasibətdə meydana çıxır. Bu münasibət zamanı feil özündən əvvəlki sözün ismin təsirlik halında olmasını tələb edir, yəni həmin sözü idarə edir. Təsirlik halında olan isim kimi?, nəyi?, haranı?, nə? suallarından birinə cavab verir.
Obyektə olan təsirin dərəcəsi eyni olmur, ya bu təsir tam qabarıq şəkildə, ya qismən özünü göstərir, ya da təsir nəticəsində obyekt meydandan yox ola bilir. Məsələn, daş yonaq, söz yazaq, əlini sıxır, işığı söndürdü, sükutu pozdu, xörəyi yedi və s. Bəzən də obyektə təsir zamanı yeni bir obyekt yaranır, obyekt yerini dəyişir: plan qurmaq, ev tikmək, körpü salmaq, kitabı vermək və s.
Təsirlilik kateqoriyası həm sözlərin öz leksik-semantik mənasında, həm də şəkilçilər vasitəsilə ifadə olunur. Müasir Azərbaycan dilində bir qrup feillər vardır ki, onlar həm təsirli, həm də təsirsiz kimi çıxış edir: başla, işlə, gəz, oxu və s. Məqaləni işlədim – parkda işlədim; Səni gəzdim – şəhərdə gəzdim; Kitabı oxuyuram – Ariflə bir sinifdə oxuyuram və s.
Qeyd etdik ki, təsirlilik anlayışı həm feillərin öz leksik-semantik mənasında, həm də şəkilçilər vasitəsilə ifadə olunur. Buna görə də təsirli və təsirsiz feilləri aşağıdakı kimi izah etmək olar:
1. Sadə və düzəltmə feil köklərinin bir qismi məlum növdə təsirli olur: anla, işlə, oxu, yaz, söylə və s. Bu feillər yalnız müstəqim obyekt tələb edir.
2. Sadə və düzəltmə feil köklərinin digər qismi məlum, qayıdış, qarşılıq növlərində xüsusi şəkilçi qəbul etməklə təsirli olur: uç – uçur, qaç – qaçır, yaşa – yaşat və s.
Müasir Azərbaycan ədəbi dilində təsirsiz feillərdən təsirli feil əmələ gətirən şəkilçilər aşağıdakılardır:
1. -t şəkilçisi. Aşağıdakı hallarda təsirli feil yaradır:
a) sonu saitlə qurtaran feillərə qoşulduqda: çürü – çürüt; quru – qurut; böyü- böyüt;
b) -la,-lə şəkilçili təsirsiz feillərdən təsirli feil yardır: irəlilə-t, gerilə-t;
c) sonu -a,-ə şəkilçili təsirsiz feillərdən təsirli feil yaradır: yaşa – yaşat;
ç) sonu -ı,-i,-u,-ü şəkilçili təsirsiz feildən təsirli feil yardır: bərki –bərkit, turşu – turşut və s.;
d) -ılda,-ildə,-ulda,-üldə şəkilçili sözlərin sonuna qoşularaq təsirsiz feildən təsirli feil yaradır: şaqqılda – şaqqıldat və s.
2. -ut, -uz şəkilçiləri ilə: qorx – qorxut (uz), hürk – hürküt (üz) və s.
3. -dır,-dir,dur,-dür: gül – güldür, yan – yandır, öl – öldür və s.
4. -ar,-ər : qop – qopar, çıx – çıxar və s.
5. -ır,-ir,-ur,-ür: qaç – qaçır, it – itir, bit – bitir, köç – köçür və s.
Bu şəkilçilərin böyük əksəriyyəti omonimdir.