Feillərin qrammatik məna növləri. Felin qrammatik məna növlərinin qısa xülasəsi və növləri: Məlum növ Felin növ kateqoriyası obyekt və subyekt arasında münasibətdə meydana çıxır. Obyekt üzərində iş icra olunan əşya, subyekt isə işi görən, icra edən şəxsdir. Onlar arasında qarşılıqlı münasibət feildə müəyyən qrammatik formalarla ifadə olunur. Bu qrammatik formalar felin qrammatik məna növlərini yaradır. Bəzən felin qrammatik məna növlərini təsirli-təsirsiz fellərin içərisində verməyə cəhd edilir. Lakin felin qrammatik məna növlərinin özünəməxsus morfoloji göstəricisi vardır. Eyni zamanda bunların hər biri dildə müstəqil kateqoriyalar kimi sabitləşmişdir. Həm də təsirlilik-təsirsizlik kateqoriyasının şəkilçiləri hərəkətin subyekt və obyekti arasındakı münasibəti dəyişmir. Bunu yalnız növ şəkilçiləri edə bilər.
İş, hal və hərəkətin icrasında subyektin fəal və qeyri-fəal iştirakı ola bilər. Subyektin fəal və qeyri-fəal iştirakı, obyektin üzərinə təsir edib-etməməsi, subyektin obyekti və obyektin subyekti əvəz etməsi, subyektlə obyekt arasındakı münasibət birbaşa feillərdə öz əksini tapır. Bu baxımdan feli aşağıdakı məna qruplarına ayırmaq mümkündür: 1. Məlum (aktiv) növ. Məlum növdə iş görən (subyekt) məlum olur. Yəni bu feillər subyektin müstəqil söz şəklində cümlədə iştirak edib-etməməsindən asılı olmayaraq, felə qarşı münasibətin fəal olduğunu göstərir. Məlum növ feillər təsirli və təsirsiz olur. Məsələn, Leylək (subyekt) yuvasını (obyekt) uçurdu (feil). Məlum növ feillər təsirsiz olduqda isə işin icrasında subyekt və feil olur. Məsələn, Şair, nə tez qocaldın (feil) sən (subyekt).
Yuxarıda qeyd etdiyimiz kimi, məlum növdə subyekt fəal iştirak edir. Bu növdə olan feillərdə subyektin iştirakı aşağıdakı şəkildə özünü göstərir: a) Bəzən subyekt söz şəklində iştirak etmir. Lakin bu zaman subyekt şəxs sonluqları ilə ifadə olunur. Məs.: Ovçuluğa meyil saldım, Gecə-gündüz çöldə qaldım... (S.V.)
b) Əksər vaxtlarda işin icrasında subyekt söz şəklində iştirak edir. Məsələn: El bilir ki, uşaqlıqdan o naxələf olmayıb, Ürəyimə damıb ki, oğlum tələf olmayıb. (S.R.) Sən çıxdın qarşıma duzla, çörəklə. (S.R.)