İstifadə edilmiş ədəbiyyat
1. R.Hümmətova. Ana dili –II. Bakı 2019
2. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 2007
3. B. Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I-II hissə.
Bakı, 2000-2003
4. Kazımov Q. Müasir Azərbaycan dili (morfologiya). Bakı, 2010
V Mövzu: Feil haqqında məlumat. Felin qrammatik məna növləri
Plan:
1. Feil haqqında məlumat.
2. Təsdiq, inkar, təsirli və təsirsiz feillər
3. Felin quruluşca növləri
4. Felin qrammatik məna növləri: məlum növ feillər
5. Məchul və qayıdış növ feillər
6. Qarşılıq-müştərək, şəxssiz və icbar növ feillər
Azərbaycan dilində istər leksik, istərsə də qrammatik cəhətdən zəngin olan nitq hissələrindən ən əsası feildir. Feil ərəb mənşəli söz olub “hərəkət” anlamını bildirir. Felə xas olan xüsusiyyətlər aşağıdakılardır:
1. Feil digər nitq hissələrindən daha zəngin və həcmcə böyükdür.
2. Feil çoxkateqoriyalı əsas nitq hissədir. Həmin kateqoriyalar bunlardır: təsirlilik, növ, tərz, zaman, şəxs, inkarlıq, şəkil və s. Təsir, növ, zaman, şəkil, tərz kateqoriyaları yalnız felə xas olan kateqoriyalardır.
3. Felə məxsus olan kateqoriyaların hər birinin formal əlaməti, morfoloji göstəricisi iki kateqoriyaya xidmət edir. Məs.: yazış felində -ış şəkilçisi həm təsirsizlik yaradır, həm də qarşılıq növün şəkilçisidir, yazdırdı felində -dır həm təsirlilik yaradan şəkilçi kimi, həm də icbar növ yaradan şəkilçi kimi işlənir.
4. Feil milli xüsusiyyətləri ilə dilimizin saflığını qoruyan nitq hissəsidir.
5. Feli zəngin edən xüsusiyyətlərdən biri onun təsriflənməyən formalar sisteminə malik olmasıdır. Hansı ki ikili xüsusiyyət daşıyan feli sifət, məsdər, feli bağlama da məhz feillə əlaqədardır.
6. Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində feillərin çox mühüm rolu vardır. İstər feillərdən digər nitq hissələri yaranır, istərsə də digər nitq hissələrindən çoxlu sayda feillər düzəlir.
7. Azərbaycan dilində omonim, sinonim və antonimlərin yaranmasında feillərin rolu böyükdür: almaq-vermək, gəlir-gedir, yaşamaq-ölmək, sarı (yaranı sarımaq – fel), sarı (köynək – sifət), sarı (dağa sarı – qoşma) və s.
8. Feillərdəki çoxmənalılıq da onu digər nitq hissələrindən fərqləndirir. Feillərin tarixi qədim olduğu kimi, onların məna tutumu da çoxdur. Məsələn, almaq, vermək, çəkmək, vurmaq və s. kimi feillərin 40-dan çox məna variantları vardır.
9. Cümləni şərtləndirən predikativlik, modallıq kimi əsas əlamətlər məhz feil üzərində cəmləşir.
Feillərin xarakterini daha dərindən açmaq üçün ona xas olan qrammatik kateqoriyaların mahiyyətini dərindən araşdırmaq lazım gəlir.
Dostları ilə paylaş: |