Nitq mədəniyyəti. Nitq mədəniyyəti dedikdə ünsiyyət zamanı qarşıya qoyulan məqsədə çatmaqdan ötrü seçilən dil vasitələrindən müasir nitq normaları daxilində ən mükəmməl şəkildə istifadə başa düşülür.
Nitq mədəniyyəti ədəbi dilin iki mərhələsindən keçməlidir:
nitqin düzgünlüyü – yəni şifahi və yazılı ədəbi dil normalarına yiyələnmə;
nitq məharəti – ədəbi dil normalarına yiyələnməklə kifayətlənməyib, şəraitdən, məzmundan və məqsəddən asılı olaraq ən düzgün nitq strukturunu seçməkdir.
Şifahi nitq zamanı pedaqoq bir sıra ifadə vasitələrindən istifadə etməlidir:
müəllim seçdiyi təlim modelinə uyğun danışıq tonu seçməlidir: sakit, mehriban, maraqlı;
şagirdlərin yaşından, təlim səviyyəsindən, öyrəniləcək materialın çətinlik dərəcəsindən asılı olaraq nitq tempindən istifadə;
ünsiyyət şəraitindən asılı olaraq səsin gücünü seçmək;
intonasiyadan, pauzadan və məntiqi vurğudan yerində istifadə etmək;
mimika və jestlərdən düzgün istifadə etmək.
Nitq mədəniyyəti ünsiyyət zamanı əlaqə funksiyasını yerinə yetirdiyindən müəllim aşağıdakılara da fikir verməlidir:
yaranmış mübahisə və ya diskussiyaya taktiki yanaşma bacarığı;
şagirdin nitqindəki qüsurlara operativ, amma nəzakətlə yanaşmaq;
nitqdəki sözlərin aydın, orfoepik qaydalara uyğun tələffüzü.
Ünsiyyət tonu. Ünsiyyət zamanı nitqin tonuna (tonallığına) səs, intonasiya, nitqin axıcılığı, həm də nə deyildiyi və necə deyildiyi daxildir.
Şagirdlər bəzən müəllimin iradının məzmunundan deyil, iradın səslənmə tonundan inciyirlər. Xüsusilə müəllim şagirdin müəyyən səhvini düzəldərkən bu hala diqqət yetirməlidir.
Ünsiyyət tonallığının xarakterik xüsusiyyətləri aşağıdakılardır:
şagirdlərin nailiyyət və uğurlarında maraqlı olmaq.
Xeyirxahlıq – sadəcə əlaqə yaratmaq, nəzakətli olmaq yox, həm də ünsiyyət zamanı nitqdə həssas tonun olması zəruridir.