Nitqin intonasiya tərzi. Ünsiyyətin tonallığı ilə bərabər müəllimin nitqində intonasiya tərzi də mühüm rol oynayır. İntonasiya tərzinə nitq zamanı frazanın deyiliş manerası daxildir. Bu manera ictimai-mədəni mühitin, linqvistik ətrafın, təbii və şəxsi xüsusiyyətlərin, müəllimin rolu barədə fərdi təsəvvürlərin təsiri ilə formalaşır.
Standart intonasiya mövcud deyildir. Real şəraitdən asılı olaraq o həmişə konkretdir. A.S.Makarenko qeyd edirdi ki, səsin intonasiyasından insanın insana münasibəti bilinir. Makarenko “bura gəl” ifadəsini 15-20 çalarda işlədirdi. Bernad Şou qeyd edirdi ki, “hə” deməyin, eləcə də “yox” deməyin 50 qaydası vardır.
“Oho!...” var dağa qaldırar, “oho!...” var dağdan endirər”.
Ünsiyyətdə etiket normaları. Danışıq etiketi
Cəmiyyətdə insanların danışıq vərdişləri ümumi sosial normalara, danışıq mədəniyyəti isə cəmiyyətin ümumi mədəni səviyyəsinə uyğun olur. Danışıq etiketi danışıq mədəniyyətinin mühüm tərkib hissəsidir.
Danışıq etiketi.Müsahiblər arasında əlaqə qurmaqdan ötrü cəmiyyət tərəfindən qəbul edilmiş ünsiyyətin milli xüsusiyyətlərə uyğun, stereotip xarakterli, sabit formalarının sistemidir.
Danışıq etikası əxlaqi normalara, milli-mədəni ənənələrə əsaslanan zəruri danışıq qaydalarıdır. Hər bir cəmiyyətin özünəməxsus etik normaları olur. Bu normalar insanlar arasında ünsiyyətin müxtəlif anlarına da təsir göstərir.
Etik normalar (yaxud danışıq etiketi) birinci növbədə insanlara müraciətdə özünü göstərir: “ay qardaş”, “ay bacı”, “ a bəy”, “ay xanım”, “sən”, “siz”, “müəllim”, salamlaşmaq və ya xudafizləşməkdə: “salam”, “salamun əleykum”, “xoş gördük”, “sağ ol”, “salamat qalın”, “hələlik” və s.
Danışıq ünsiyyətinin bir sıra qaydaları mövcuddur:
Uğurlu danışıq ünsiyyəti zamanı əməl olunmalı şərtlər: müsahibinə xeyirxah münasibət, danışanı maraqla dinləməyi nümayiş etdirmək, öz rəyini səmimi şəkildə ifadə etmək və s.
Xüsusi danışıq formullarına əməl etmək:
salamlamaq, müraciət.
sözarası etiket formulları, frazalar (xahiş etmək, təbrik üçün, dəvət üçün etiketlər). “Bağışlayın, şələmi qaldırmağa kömək edərsinizmi?” “İndi dərsdəyəm. Bir az gözləyə bilərsinizmi ki, daha ətraflı söhbət edək?”