Müasir dövrdə müəllimin danışıq məharətini təkmilləşdirməsi barədə çoxsayılı metodikalar mövcuddur. Onların əksəriyyəti məşğələlərə səs aparatı üzərində işləməkdən başlamağı (diksiya, intonasiya, nitqin melodikliyi, məntiqi vurğudan düzgün istifadə) məsləhət görür. Heç sözsüz, nitq texnikası müəllimin peşə fəaliyyətində böyük rol oynayır. Amma nitqin bir çox keyfiyyətini əvvəlcədən “ehtiyat kimi” yığıb saxlamaq mümkün deyildir. Bu keyfiyyətlər konkret pedaqoji situasiyalarda danışan şəxsin yaradıcı improvizasiyaları əsasında baş verir.
Müəllimin fəaliyyətində etiket dialoqu böyük rol oynayır. Bunu, adətən, stimul-replikası (parol) və reaksiya replikası (cavab) adlandırırlar:
Xoş gördük, Əli müəllim! (parol)
Sizi görməyimə şadam İsmayıl müəllim! (cavab)
Etiket dialoqlarının müxtəlif tipləri olur:
sosial əlaqə dialoqları (üzr istəmək, təşəkkür, təbrik);
vadaredici danışıq aktları (xahiş, məsləhət, təklif, komanda vermək, əmr, tələb);
cavab (reaktiv) xarakterli danışıq aktları: razılıq, narazılıq, rədd etmək, icazə vermək.
Öz nitqinizə diqqət edin, yadda saxlayın ki, nitq Sizin pedaqoq kimi şəxsiyyətinizi əks etdirir. Danışıq etiketinin aşağıdakı qaydalarını yadda saxlayın:
danışığınızda normadan kənar leksikadan istifadə etməyin: jarqonlar, arqotizm (kiçik bir qrupa aid şərti jarqon);
şagirdlərin danışıq xətalarını təkrar etməyin;
öz danışığınızın savadlı olmasına çalışın (sözlərin düzgün tələffüzü, vurğunun düzgün qoyulması, yerinə düşən gərəkli sözdən istifadə);
“parazit sözlərdən” istifadə etməyin;
nitqin tempinə fikir verin;
nitqdə intonasiyaya xüsusi fikir verin
Şagird kollektivində danışıq ünsiyyəti mədəniyyətinin formalaşdırılması
Müəllimlər şagirdlərin danışıq vərdişləri üzərində də işləməlidirlər. Bunun üçün aşağıdakılara xüsusi fikir verilməlidir:
zəngin leksik ehtiyatın olması;
nitqin obrazlı və düzgün olması;
sözlərin dəqiq qavranılması və nitqdəki əsas fikirlərin müsahibə tam çatdırılması;
məsələnin qoyuluşunda nəzakətli olmaq;
cavabların qısa və dəqiq olması;
fikirlərini məntiqli qurmaq və çatdırmaq bacarığı.
Məktəb pedaqoji kollektivi bu işi müəyyən cəmiyyətdə mövcud olan ümumi mədəni normalar əsasında yerinə yetirir. Nitq ünsiyyəti şagirdlərin tərbiyəsi və inkişafı üçün əsas vasitələrindən biridir. Bunun üçün şagirdləri “danışıq etiketi” anlayışı, onun priyomları və müvafiq tələbləri ilə tanış etmək lazımdır.
Bu sahədə iş kiçik məktəbyaşı dövründən başlamalıdır. Şagirdlərə başa salınmalıdır ki, danışıq ünsiyyətinin özünəməxsus qanunlarına hamı əməl etməlidir. Kiçik məktəbyaşlı şagirdlər danışıq ünsiyyətinə aid bəzi anlayışları bilməlidirlər: nəzakətli, mədəni insan nə deməkdir? Danışıq etiketinin bəzi formulları: salam, sabahınız xeyir, sağ olun, buyurun, zəhmət olmasa və s.
Danışıq mədəniyyəti formalaşdırılmasında əsas tələblərdən biri müsahibinə diqqət yetirmək, hörmət etmək, başqasının vaxtına qənaət qayğısına qalmaqdır. Məktəbliləri həmçinin bu anlayışlarla da tanış etmək lazımdır:
nəzakət – başqalarına hörmətin ifadə forması, onların yaxşı keyfiyyətlərini qəbul etmək;
ünsiyyətdə xeyirxahlığın sirlərindən biri tanışlarının, dostlarının adlarını yadda saxlamaqdır;
danışıq hərəkətləri repertuarına malik olmaq (“Mənim adım Nərimandır, Sizinlə tanış olmaq istəyirəm: “İcazə verin Sizi Gülçöhrə ilə tanış edim”. Cavablar: “Tanış olmağıma şad oldum”, “Sizinlə görüşmək xoşdur...” və s.
Danışıq zamanı davranış qaydaları:
eşidən tərəf öz baxışları və mimikası ilə diqqətli olduğumu, səmimiliyini göstərir. Danışanın nitqini kəsmir, lazım gəlsə, nəyisə dəqiqləşdirmək istəyir.
danışan tərəf müsahibinə xoş nəzərlərlə baxır, sözlərini maraqla və sakitcə deyir, müsahibinin onun danışığına reaksiyasını izləyir. Qısa və yalnız əhəmiyyətli olanlardan danışır
ünsiyyətdə qadağalar (tabu) – gözlənilməlidir.
danışığın tonu kəskin, hayküylü və sərt olmamalıdır;
danışıq zamanı istifadə edilən söz və ifadələr kobud, təhqiredici, kinayəli və qəti olmamalıdır;
danışıq hədə-qorxu, müsahibinin sözlərini təhrif etmə, kəskin reaksiyaya səbəb olacaq nəticələrlə müşayət olunmamalıdır.