Məktəb kollektivində konfliktlərin olması da təbiidir. Bu hal adətən, kollektivdə qarşılıqlı anlaşmanın zəif olması ilə bağlı yaranır. Analşılmazlıqlara misal olaraq bir-birinə hörmət etməmək, hər kəsin ancaq özünü haqlı sayması, həmçinin “kollektiv həmişə haqlıdır” qənaətini və s. göstərmək olar. Buna görə də, hər şeydən əvvəl konflikti yaradan səbəblər aşkarlanmalıdır.
Pedaqoji kollektivdə konfliktləri iki qrupa ayırmaq olar:
Obyektiv şərtlərdən (vəzifələrin düzgün bölünməməsi) doğan konfliktlər;
Subyektiv səbəbdən (motivlərin, baxışların toqquşması, müəyyən bir statusa iddia etmək və s.) yarananlar.
Qeyd olunmalıdır ki, kollektivdə konfliktlərin olmaması da arzu olunan hal deyildir.
Pedaqoji kollektivdə konflikt yaradan amillər bunlardır:
ünsiyyətdə peşə etikasına əməl etmək bacarığının olmaması.
Bəzən mübahisə və diskussiyalar zamanı kəskin mülahizələrə və sözlərə haqlı olaraq yer verilir. Bu konflikt zamanı mübahisənin məzmununa, tənqidin yerində olmasına fikir verilməlidir ki, sözlərin kəskinliyi, sərtliyi kobudluğa çevrilməsin, əsəbilik yaranmasın, insan ləyaqəti təhqir olunmasın.
Bütün peşə fəaliyyəti boyu səhv etməyən insan yoxdur, eləcə də həmişə ancaq uğur qazanmaq mümkün deyildir. Çalışmaq lazımdır ki, həmkarlarla münasibətlərdə hər cür xoşagəlməz hala sakit yanaşmaq, onu aradan qaldırmaq mümkün olsun.
Həmkarlarla ünsiyyət zamanı aşağıdakı tövsiyyələrdən istifadə etmək olar:
əvvəlcə özünüzü dərk edin: uğur və çatışmazlıqlarınızı bilin;
həmkarınızın işində səhv görən kimi onu tənqid etməyə tələsməyin, səhvi aradan qaldırma yolları üzərində düşünün;
əgər bir təklif irəli sürürsünüzsə, onun həqiqətən də təlim-tərbiyə prosesində fikirləşdiyiniz qədər dəyərli olduğunu yəqin edin;
ünsiyyət zamanı peşə etikası və mədəniyyətinə əməl edin.