Yoxlama sualları və tapşırıqlar “Nitq mədəniyyəti”, “düzgün nitq”, “danışıq ustalığı” anlayışlarını izah edin
Müəllim öz nitqində hansı ifadə vasitələrindən istifadə etməlidir?
Hansı etiket normaları və danışıq ünsiyyəti qaydalarını öyrənmisiniz?
Öz danışıq məharətinizi necə təkmilləşdirə bilərsiniz?
VII MÖVZU: PEDAQOJİ KOLLEKTİVDƏ ETİK-PSİXOLOJİ MÜNASİBƏTLƏR Plan İşgüzar ünsiyyətin ümumi etik prinsipləri və xarakteri.
Pedaqoji kollektivdə ünsiyyətin xüsusiyyətləri: ünsiyyətin rəsmi və qeyri-rəsmi formaları
Pedaqoji kollektivdə konfiliktlər: əxlaqi-etik aspekt
Təhsil müəssisəsi rəhbərinin pedaqoji kollektivlə qarşılıqlı münasibətlərində etika
Ədəbiyyat Həmzəyev M., Əmiraslanova Ş. Ünsiyyətin psixologiyası. Bakı, 2007
Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, 1992
Müəllimlərin etik davranış qaydaları. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 №-li əmri
Nağıyeva L. Pedaqoji etika. Bakı, 2013
İşgüzar ünsiyyətin etik prinsipləri və xarakteri
İşgüzar ünsiyyətin etikası insanların peşə fəaliyyəti prosesində davranış və münasibətlərini nizamlayan əxlaqi norma, qayda və təsəvvürlərin məcmuyudur.
İşgüzar ünsiyyət etikası aşağıdakı münasibətlərdə təzahür edə bilir:
pedaqoji müəssisəsinin rəhbəri və kollektiv arasında;
müəllimlər arasında
İşgüzar ünsiyyət prinsipləri cəmiyyətin ümumi əxlaqi prinsiplərinə uyğun olmalıdır. Yəni işgüzar ünsiyyət etikasının əsasında ünsiyyətdə olan bütün tərəflərin hərəkətlərinin koordinasiyası və imkan daxilində, kollektivin bütün üzvlərinin maraqları durmalıdır.
İşgüzar ünsiyyət zamanı buraxıla biləcək bəzi səhvlərin qarşısını almaq üçün bir sıra qaydalar mövcuddur:
başqalarının etik səhvləri zamanı “milçəkdən fil düzəltmək” lazım deyil, öz səhvlərindən söhbət gedəndə isə əksinə davranmaq lazımdır;
başqalarını tərifləyib özünə irad tutmağı bacar;
ətrafdakıların bizə əxlaqi münasibəti bizim özümüzdən asılıdır
İşgüzar münasibətlərin üç növü vardır:
“yuxarıdan aşağı” işgüzar ünsiyyət etikası. “Tabeliyində olana rəhbərindən sənə göstərməyi arzuladığın kimi münasibət göstər: Müəyyən cəmiyyət üzvlərinin əxlaqi etalonları və davranış nümunələri də bu səviyyədə formalaşır. Onların bir neçəsi belədir:
öz təşkilatınızı ünsiyyətin yüksək əxlaqi prinsipləri əsasında möhkəm kollektiv kimi formalaşdırmağa çalışın;
hər hansı əməkdaşa irad tutarkən etik normalara uyğun davranın;
tabeliyinizdə olanlarda şəxsi ləyaqət hissini möhkəmləndirin;
əməkdaşlarınıza inanın və öz səhvlərinizi etiraf edin;
özünüzə rəva bildiklərinizi digər əməkdaşlara da aid edin.
İşgüzar ünsiyyət etikasının “aşağıdan yuxarı” növü
Bu əlaqənin əsas qaydası belədir: tabeliyinizdə olanların sizə necə münasibət bəsləməsini istəyirsinizsə, rəhbərinizə o cür münasibət göstərin. Bu və ya digər etik normalardan istifadə etməklə rəhbərinizi öz tərəfdaşınıza və ya özünüzə qarşı qüvvəyə çevirə bilərsiniz. Rəhbərlə işgüzar ünsiyyət zamanı istifadə edilə bilən etik normalara bir neçə misal:
rəhbərə öz fikirlərinizi qəbul etdirməyə və ya hökm etməyə çalışmayın. Öz təkliflərinizi və ya qeydlərinizi nəzakətlə, taktiki müraciətlə söyləyin;
rəhbərlə qəti tonda, həmişə ancaq “bəli”, “xeyr” deməklə danışmayın. Daim “hə” deyən rəhbəri bezdirir, həmişə “yox” deyən adam isə qıcıqlandırır, əsəbləşdirir.
Sədaqətli və etibarlı olun, amma yaltaqlıq etməyin. Öz xarakteriniz və prinsipləriniz olsun.
rəhbərinizin “baş üstündən” iş tutmayın.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 №li əmrində işgüzar ünsiyyət etikasının “yuxarıdan aşağı” və “aşağıdan yuxarı” növləri “Rəhbərliklə münasibət” başlığı altında bu cür ümumiləşdirilmişdir:
Rəhbərliklə münasibət
4.3.1. Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2. Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3. Müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.5. Təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl etməsinə birbaşa məsuliyyət daşıyır.
4.3.6. Rəhbərliyin müəllimlərlə münasibəti qarşılıqlı hörmət əsasında qurulmalıdır.
4.3.7. Rəhbərlik tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.
4.3.8. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.
4.3.9. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir.
4.3.10. Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11. Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır.