Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif
meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir
(5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət
meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəbləri də çoxballı qiymət
sisteminə keçmişdir. Qiymətləndirmə «Tələbələrin biliyinin qiymətləndirilməsinin
çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə təhsil
nazirinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur).
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymətləndirilərkən müvafiq
meyarlardan istifadə olunur. Qiymət balları müxtəlif göstəricilər əsasında verilir.
Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin həcmi (proq-
ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu,
yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə dərəcədə başa düşür, cavabı
düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?); c) biliyin
tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin
ifadə olunması (tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və
yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş
sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.