4) Erkən orta əsrlərdə sosial-iqtisadi, mədəni həyat. Etnogenezis: Xilafət dövründə və ondan çox əvvəllər olduğu kimi, Azərbaycan əhalisi oturaq həyat sürür, başlıca olaraq kənd təsərrüfatı ilə məşğul olurdu. Əhali əkinçilik və bağçılıqla məşğul olurdu. Kotanla şumlanan torpaqlarda taxıl və digər dənli bitkilər yetişdirilirdi. Bu dövrdə ipəkçilik inkişaf etmişdi. Əhali Şəkidə, Şirvanda, Bərdə ətrafında, habelə ölkənin digər ərazilərində ipəkqurdu yetişdirmək məqsədilə tut ağacı bağları salmışdı. Bu dövrdə Bərdə, Şabran, Təbriz, Ərdəbil, Dərbənd, Tiflis böyük şəhərlər sayılırdı. Ərəb səyyahları o zamankı Azərbayanın şəhərləri içərisində Bərdənin rolunu xüsusi qeyd edirlər. İbn Havqəl Bərdəni Azərbaycanın «başlıca şəhəri» adlandıraraq Bağdadla eyniləşdirmiş, şəhərin “Kürkü” bazarından bəhs etmişdir. IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etməkdə idi. Bu dövrdə cəmiyyətin əsas istehsalçısı qüvvəsi kəndlilər idi. IX-XI əsrlərdə Azərbaycan kəndliləri başlıca olaraq iki hissəyə bölünürdülər: 1. Uluc kəndlilər. Feodallardan asılı vəziyyətdə olan kəndlilər uluclar adlanırdı. 2. Azad kəndlilər. Azad kəndlilər başlıca olaraq, dağ rayonlarında yaşayırdılar. İstər azad kəndlilər, istərsə də uluclar dövlətə vergi ödəməyə borclu idilər. IX-XI əsrlərdə 2 mühüm amil Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır: 1. Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda baş vermiş siyasi dirçəliş. 2. Müstəqil dövlətlərin yaranması, iqtisadi tərəqqi. Ərəb xilafətinin süqutundan sonra Azərbayaycanda başlamış siyasi oyanış (dirçəliş) sənətkarlıq və ticarətin tərəqqi etməsinə, şəhərlərin inkişaf edərək mədəniyyət mərkəzlərinə çevrilməsinə və Azərbaycan mədəniyyətinin daha yüksək nailiyyətlər əldə etməsinə şərait yaratdı. Bu dövrdə əsas ünsiyyət dili - rəsmi dil ərəb dili idi. Təhsil ocaqları bu dilin öyrədilməsi ilə məşğul olurdu. Azərbaycanda çoxlu məktəb və mədrəsələr fəaliyyət göstərirdi. İslamın türklər tərəfindən qəbulu türk-islam birliyini yaratdı. Vahid dinin qəbulu dövlətçiliyin inkişafına müsbət təsir göstərərək onun yüksəlişinə səbəb oldu. Beləliklə, xalqın adət-ənənələri və mədəniyyəti islam dəyərləri ilə birləşərək türk-islam mədəniyyətini formalaşdırdı. Azərbaycanda İslam dilinin qərarlaşması memarlığın inkişafına öz təsirini göstərdi. İslam mədəniyyətinə uyğun olaraq məscid və minarələr, saraylar inşa olunurdu. Bəhs edilən dövrdə Azərbaycanda aşağıdakı tarixi abidlər inşa olunmuşdur: 1) Naxçıvanda Əlincə qalası (IX-X əsr), 2) Şamaxının Sündü kəndində günbəzli məscid (920-ci il) 3) Araz çayı üzərində Xudafərin körpüsü (1027-ci il) 4) Gəncədə qala qapıları (1063-cü il). «Kitabi-Dədə Qorqud» dastanı VII-IX əsrlərdə şifahi şəkildə el sənətkarlarının — ozanların dili ilə şimallı-cənublu bütün ölkə ərazisində yayılmışdı. «Kitabi-Dədə Qorqud» dastanı türk dilində, ərəb əlifbası ilə yazıya alınmışdır. 1300 il bundan əvvəl türklərin yaşadıqları bütün torpaqlarda yayılmış “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın ana qaynağıdır. “Kitabi-Dədə Qorqud” dastanında cərəyan edən hadisələr tarixi Azərbaycan torpaqlarında baş vermişdir. Dastana görə, Oğuz türkü üçün Vətən, Yurd ən müqəddəs anlayış idi. Dastan onun yayıldığı geniş ərazidə vahid dildə - türk dilində danışan böyük bir xalqın yaşadığını sübut edir. Etnogenezis “etnos-xalq, genezis-formalaşma, təşəkkül” deməkdir. Azərbaycan xalqının təşəkkülü (formalaşması) prosesi, xalqın formalaşması üçün zəruri olan şərtlər:Hər bir xalqın formalaşması zəruri olan şərtlər yarandıqda mümkün olur. Həmin şərtlər bunlar idi: 1. Ərazi birliyi. 2. Dil birliyi. 3. Mədəniyyət birliyi. 4. İqtisadi əlaqələrin ümumiliyi. 5. Milli-mənəvi dəyərlərin eyni olması. QEYD: Din birliyi bu şətlərə daxil deyildir. Ərazi birliyi. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri ərazi birliyidir. Azərbaycan qədimdən geniş əraziyə malik idi. Ərəblər dövründə Azərbaycanda sərhədlər dəqiqləşdirildi. Bu dövrdə Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şəhəri müəyyən edildi. Dil birliyi. Qədim tayfaların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri də dil sayılır. Dil qədim tayfaların etnik mənşəyini sübut edən əsas amillərdən biridir. Xalqımızın və müasir Azərbaycan dilinin formalaşmasında ölkəmizin ən qədim sakinləri olan çoxsaylı türk tayfalarının yüksək rolu olmuşdur. Azərbaycan ərazisində məskunlaşmış tayfalar içərisində türk tayfaları üstünlük təşkil edirdi. Türk etnoslarının Azərbaycana etnik axınlarının 3 əsas mərhələsi var: 1-ci etnik axın E.ə. VII əsrdə kimmer, iskit, sak tayfalarının Azərbaycanda məskunlaşması, 2-ci etnik axın I-V əsrlərdə hun tayfalarının başçılığı ilə xəzər, sabir, oğuz, bulqar və b. tayfaların Azərbaycanda məskunlaşması, 3-cü etnik axın X-XI əsrlərdə Səlcuq türklərinin başçılığı ilə türk tayfalarının Azərbaycanda məskunlaşması. Azərbaycanda yaşayan tayfaları birləşdirən ümumi xüsusiyyətlər aşağıdakılardı: • I xüsusiyyət - tayfaların eyni ideologiyanın təsiri altında olması idi. Müxtəlif dövrlərdə bu tayfalar bütpərəstliyin, Zərdüştliyin, xristianlığın və nəhayət, İslamın ayinlərini icra etməli olmuşdular. • II xüsusiyyət – tabe olduqları imperiyanın milli əsarətinə qarşı birlikdə mübarizə aparmışdılar. • III xüsusiyyət - yadelli istilaçıların hücumlarına qarşı birlikdə müqavimət göstərirdilər. QEYD: IV-VII əsrlərdə Cənubi Qafqaz və bütünlükdə Azərbaycan əvvəlcə Sasani və Bizans imperiyalarının, sonralar isə Xəzər xaqanlığı və Xilafətin maraq dairəsinə düşmüşdü. Bu zaman həmin tayfalar işğalçılara birlikdə müqavimət göstərmişdilər. Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq İslamın prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslam dininin təsir dairəsindən kənarda qaldı. Xalqımızın təşəkkülü prosesi hələ eramızdan çox əvvəl başlanmış, Əhəməni işğalları dövründə də davam etmişdi. E.ə. IV əsrdə Atropatena və Albaniya dövlətlərinin yaranması ilə bu proses sürətlənmiş, sasani, ərəb işğalları və İslam dininin yayılması dövründə isə başa çatmaqda idi. XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının yaranması Azərbaycanda tarixi hadisələrin gedişinə ciddi təsir etdi. Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz tayfaları səlcuqlarla eyni soykökdən idilər. Cənubi Qafqazın müsəlman əhalisi Bizans və erməni-gürcü təcavüzünə qarşı mübarizədə səlcuq türklərinə müttəfiq kimi baxırdılar. Səlcuq türklərinin ölkəmizə axını xalqımızın formalaşması prosesini qəti olaraq başa çatdırdı. Oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Xalqımızın dili ümumi ünsiyyət vasitəsinə çevrildi.