Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə23/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   90
60 saatlıq mühazirələr 2021-2022

5) Azərbaycan və Səlcuqlar: XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş bir ərazidə Böyük Səlcuq imperiyası (1038-1157) yarandı. Səlcuqların adı oğuz türklərinin Qınıq tayfasından olan və X əsrdə islam dinini qəbul edən türk sərkərdəsi Səlcuqla bağlıdır. Qəznəlilər tərəfindən sıxışdırılan Səlcuqlar XI əsrdə qərbə doğru hərəkət etməli oldular. Bu zaman onların əsas hədəfi Bizans idi. Səlcuqların başçısı Toğrul bəyin 1015-ci ildə verdiyi əmrlə qardaşı Çağrı bəy kəşfiyyat yürüşünə çıxaraq Bizans qoşununa qalib gəldi. Bu qalibiyyət nəticəsində Van gölü hövzəsi, Naxçıvan və ətrafındakı Azərbaycan torpaqları nəzarət altına alındı.  Xorasanda məskən salan Səlcuqlar 1038-ci ildə paytaxtı Nişapur olan ilk Səlcuq dövlətini yaratdılar. I Toğrul (1038-1063) 1040-cı ildə sultan elan edildi. O, 1040-cı il 23 mayda Mərv yaxınlığında Səlcuqlarla Qəznəlilər arasında baş verən Dəndənəkan döyüşündə qalib gəldi. Həmin ildə keçirilən Mərv qurultayında qərbə və şərqə doğru yeni hərbi yürüşlərə başlamaq qərara alındı. Səlcuqlar dövlətinin paytaxtı 1043-cü ildə Nişapurdan Reyə köçürüldü. Azərbaycan ərazisi Səlcuqların yürüş etdiyi istiqamətlərdən biri oldu. Qərbi İranı və Azərbaycanın cənub ərazilərini İbrahim Yınalın başçılıq etdiyi qüvvələr tabe etdi. Sərkərdə Kutalmış isə öz qoşunu ilə Xəzərin cənubu ilə hərəkət edərək, Araz çayını keçdi və Arana daxil oldu. Bundan sonra Şəddadilərlə birləşən Kutalmış Bizans ordularına qarşı uğurlu əməliyyata başladı. 1048-ci ildə Səlcuq-Azərbaycan qoşunu Şərqi Anadoluda uğurlu əməliyyatlar həyata keçirərək Bizansa ciddi zərbə vurdu. Rəvvadi hökmdarı Vəhsudan müqavimətin əhəmiyyətsiz olduğunu görüb 1054-cü ildə Səlcuqlara tabe oldu. Azərbaycan şəhərlərinin - Xoy və Salmasın əhalisinin müqaviməti heç bir nəticə vermədi. Şəddadi hökmdarı Əbüləsvar Şavur səlcuqlarla saziş imzaladı. Bu sazişin şərtlərinə görə Şəddadilər Səlcuq türkləri ilə birlikdə Bizansa və erməni-gürcü feodallarına qarşı mübarizə aparmalı idilər. Azərbaycan ərazilərinin asanlıqla Səlcuqlar tərəfindən tutulmasının bir neçə səbəbi var idi. İlk növbədə, Azərbaycanda yaşayan əhali Səlcuqların soydaşları idi, yəni hər ikisi türk idilər. Bundan başqa, Səlcuq türklərinin Azərbaycana yürüşü zamanı burada vahid dövlət yox idi. Yerli əhali Bizans-erməni-gürcü feodallarına qarşı mübarizədə Səlcuqlara uğurlu müttəfiq kimi baxırdı. Rəvvadi və Şəddadilərin Səlcuqlara tabe olmasından sonra Azərbaycan ərazisində müstəqil xarici siyasət yeridən yeganə dövlət Şirvanşahlar idi. Səlcuq sərkərdəsi Qaratəkin 1066-cı ildə Şirvanşahlar üzərinə hücuma keçdi və I Fəribürzü asılı hala salıb onu Şirvanşah titulu daşımaqdan məhrum etdi. Bununla da Azərbaycan bütövlükdə Səlcuq imperiyasının tərkibinə qatıldı. Azərbaycan torpaqlarını işğal etmək üçün hərəkətə keçən Bizans imperiyasının çoxsaylı ordusunu 26 avqust 1071-ci ildə məşhur Malazgird döyüşündə darmadağın edən və imperator Diogeni əsir alan Sultan Alp Arslan (1063-1072) Azərbaycanı və Kiçik Asiyanı Bizansın hücum təhlükəsindən xilas etmişdi. Məlikşahın (1072-1092) dövründə Səlcuq imperatorluğu Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, İran körfəzindən Dərbənd keçidinədək olan çox böyük əraziləri əhatə edirdi. Səlcuq türklərinin Cənubi Qafqaza gəlməsi Bizansın bu torpaqlarda möhkəmlənmək cəhdlərinin qarşısını aldı. Bizansa arxayın olub Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan gürcü və ermənilərin qəsbkarlıq planları puça çıxdı. Bununla da türk və islam amili Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qəti olaraq möhkəmləndi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin