IV Mühazirə: IX-XII əsr Azərbaycan feodal dövlətləri
Plan Şirvanşahlar dövləti. Dərbənd əmirliyi.
Saci, Salari, Rəvvadi, Şəddadilər dövləti. Tiflis müsəlman əmirliyi.
Slavyanların yürüşü.
Erkən orta əsrlərdə sosial-iqtisadi, mədəni həyat. Etnogenezis.
Azərbaycan və Səlcuqlar.
Azərbaycanda Atabəylər dövləti.
Şirvanşahlar XI-XIV əsrlərdə.
İntibah mədəniyyəti.
1) Şirvanşahlar dövləti. Dərbənd əmirliyi: Şirvanşahlar dövlətinin ərazisi Dərbənddən Kür çayına qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi. Azərbaycanın şimal-şərqində yaranmış bu dövləti ərəb mənşəli Məzyədilər sülaləsi idarə edirdi. Onları bura vaxtilə ərəb xəlifələri canişin qismində göndərmişdilər. Məzyədilərin görkəmli nümayəndələrindən biri Yezid ibn Məzyəd idi. O, böyük nüfuza malik idi. Arranda mərkəzi Bərdə olan yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdır. Onun oğlu Məhəmməd 859-cu ildə iqamətgahı Gəncəyə köçürdü. Bu, Məzyədilərin nüfuzunu artırdı. Onlar Azərbaycanda möhkəmləndilər. 861-ci ildə Heysəm ibn Xalid (861-908) Şirvanı müstəqil elan edərək, “Şirvanşah” titulunu qəbul etdi. Beləliklə, Şirvanşahlar dövləti (861-1538) yarandı. İlk paytaxtı Şirvan şəhəri idi. Şirvanşah Əbu Tahir 917-ci ildə Lahicanşahlığı dövlətinə birləşdirdi, 918-ci ildə əlverişli mövqedə yerləşən Şamaxını bərpa edib, paytaxtı bura köçürtdü. Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif dövrlərdə 981-983-cü illərdə Qəbələ, Bərdə, Şabran, 988-ci ildə Dərbəndi və digər ərazilər də Şirvanşahlar dövlətinə tabe edildi. Ərəblər Azərbaycanı işğal etdikdən sonra Dərbəndi Bab ül-Əbvab (Qapılar-qapısı)adlandırdılar. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların əsas vəzifəsi şimaldan olan hücumların qarşısını almaq idi. IX əsrin ortalarına qədər bu vəzifə yerinə yetirilirdi. Lakin 869-cu ildə Xilafətin mərkəzində türklərin qiyamından istifadə edən Haşim ibn Suraka Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. Onun adı ilə dövləti idarə edənlər Haşimilər sülaləsi adlandı. İri feodallar da Dərbənd hakimini müdafiə edirdilər. Hakimiyyət irsən keçirdi. 988-ci ildə Dərbənd əmirliyi Şirvanşahlar dövlətindən asılı vəziyyətə düşsə də, daxili müstəqilliyini qoruyub saxlamışdı. 1075-ci ildə Şirvanşah I Fəribürzün dövründə Dərbənd əmirliyi Şirvanşahlar dövlətinə birləşdirildi.