Xilafət dövründə dövlət quruluşu, köçürtmə siyasəti, torpaq mülkiyyət formaları və vergilər.
Xürrəmilər hərəkatı. Babək.
1) Azərbaycanın ərəblər tərəfindən işğalı. Ərəb işğalları ərəfəsində Azərbaycanda vəziyyət belə idi: Artopatena Sasanilərdən tam asılı vəziyyətdə idi. Sasani mərzbanları tərəfindən idarə olunurdu. İqtisadi və siyasi vəziyyət ağır idi. Ölkənin inkişaf ahəngi pozulmuşdu. Albaniya isə daxili müstəqilliyini saxlayırdı. Yerli hökmdarlar tərəfindən idarə olunurdu. İqtisadi və siyasi vəziyyət nisbətən yaxşı idi. Xəzərlərin hücumlarına məruz qalırdı. Xəlifə Əbu Bəkrin hakimiyyəti dövründə, 633-cü ildə ərəb qoşunları İraq və Şam ərazilərinə daxil oldu. Ərəblərin məqsədi yeni ölkələri özlərinə tabe etməklə yanaşı, həm də islam dinini yaymaq idi. Beləliklə, bir çox xalqların, o cümlədən azərbaycanlıların həyatında köklü dəyişikliklərin əsası qoyuldu. 642-ci ildə Nəhavənd və Həmədanı ələ keçirən ərəblər üçün Sasani dövlətinin Xəzərsahili vilayətlərinə, o cümlədən Azərbaycana hücum etmək imkanı yarandı. Vac-ruz adlı yerdə (Həmədanla Qəzvin arasındakı vadi) ərəblərin qalib gəldiyi bir vuruşmada azərbaycanlı döyüşçülərə Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. 643-cü ildə isə ərəb qoşunları Azərbaycana daxil oldular. Ərdəbil yaxınlığında Cərmidan dağı yanındakı döyüşdə ərəblər qalib gəldi. Ərəblərin daha bir qələbəsindən sonra İsfəndiyaronlarla sülh müqaviləsi bağlamalı oldu. Həmin müqaviləyə görə, Azərbaycan əhalisi “imkanları daxilində” can vergisi - cizyə ödəməli idi. Ərəblər Azərbaycanın bütün əhalisinə, onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlara, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman verməyi öhdəsinə götürürdü. 644-645-ci illərdə azərbaycanlılar ərəblərə qarşı üsyan qaldırdılar. Xəlifə Osmanın göndərdiyi qoşun Azərbaycanın cənub hissəsini tabe etdi və köhnə müqavilə bərpa edildi. Cərmidan döyüşü ərəblərin şimala-Albaniyaya, Qafqaza yolunu açdı.Ərəblər Bab ül-Əbvab (“Qapılar qapısı”) adlandırdıqları, mühüm strateji əhəmiyyətə malik Dərbəndin üzərinə elə həmin il hücuma keçdilər. Dərbənd hakimi və Sasanilərin şimal sərhədlərinin mərzbanı olan Şəhriyar mənasız qırğına yol vermədən ərəblərlə danışıqlara girdi. O, keçidin müdafiəsində duran yerli sakinlərin Xilafət ordusunda xidmət etdiklərinə görə cizyə vergisindən azad edilmələri şərti ilə ərəblərə tabe oldu. Muğan əhalisi 644-cü ildə bağlanmış müqaviləyə görə, ərəblərin hakimiyyətini qəbul etdi. Ət-Təbəri yazır ki, bu müqavilənin şərtlərinə görə, “gərək hər həddi-büluğa çatan bir dinar və ya onun dəyərində cizyə ödəməli, müsəlmana qarşı səmimi olmalı, [azanda] ona yolunu göstərməli, bir gün-bir gecə evində saxlamalı idi. Lakin onlar üz döndərib əhdi pozsalar, axırıncı fitnəkaradək hamını təslim etməsələr, onlara aman olmayacaqdı”. Lakin ərəblərin Azərbaycana 643-644-cü illərdəki ilk yürüşü, onların xəzərlərəməğlub olmaları ilə başa çatdı. Bu yürüş nəticəsində ərəblər tarixi Azərbaycan ərazisinin cənubunu və Xəzərin qərb sahillərinin yalnız Dərbəndə qədər olan hissəsini tuta bildilər. 644-cü ildən etibarən Tiflis də Xilafətin tərkibinə daxil oldu və müsəlmanların tabeliyinə keçdi. Ərəblər Dərbəndə qədər olan torpaqları tutduqdan sonra 653-cü ildə Bələncər yaxınlığında xəzərlərə məğlub oldular. On ildən artıq müqavimət göstərməsinə baxmayaraq Azərbaycanın şimal hissəsi də Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Bütün Azərbaycanı özlərinə tabe etmiş ərəblər ilk illər yalnız vergilərin alınması ilə kifayətlənir, ölkənin daxili həyatına elə də çox müdaxilə etmirdilər. Məsələn, 722-ci ildə ərəblər xəzər şəhəri Bələncəri tutmuş, 731-ci ildə isə xəzərlər yürüş edərək Cənubi Azərbaycandakı Savalan dağı yaxınlığında qələbə çalmışdılar. Xəzərlərin Azərbaycan ərazisinə bir əsrdən çox arası kəsilməyən yürüşlərinə yalnız VIII əsrin sonlarında son qoyuldu. Ərəblərə istər yeni torpaqları tutmaqda, istərsə də yeni dini yaymaqda silahdan daha çox islam ehkamları xidmət etmişdir. İslamın yayıldığı ilk dövrlərdə müsəlmanlar tutduqları torpaqların sakinlərinə kifayət qədər xoş münasibət bəsləyirdilər. Bu xüsusiyyətlər onları demək olar ki, tarixin bütün işğalçılarından xeyli fərqlənirdi. Buna görə də ərəblərin ilk yürüşləri zamanı islam ehkamlarına sadiqlikləri müxtəlif ölkələrlə yanaşı, Azərbaycanın əhalisinin də onlara nisbətən az müqavimət göstərmələrinin səbəbi kimi qiymətləndirilməlidir.