Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Saci, Salari, Rəvvadi, Şəddadilər dövləti. Tiflis müsəlman əmirliyi



Yüklə 315,92 Kb.
səhifə20/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   90
60 saatlıq mühazirələr 2021-2022

2) Saci, Salari, Rəvvadi, Şəddadilər dövləti. Tiflis müsəlman əmirliyi:

Saci dövləti: Xilafətin zəiflədiyi zaman türk mənşəli, «Afşin» titullu Əbu Sac Divdad (879-998) 879-cu ildə Sacilər sülaləsinin (879-941) əsasını qoymuşdu. Dövlətin əsasını Əbu Sac Divdadın oğlu Məhəmməd ibn Sac (989-900) qoymuşdur. Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərini məğlubiyyətə uğradıb, özlərindən asılı vəziyyətə salmışdılar. O, 893-cü ildə Marağa hakimliyini Dəbili dövlətinə birləşdirdi, Gürcüstana uğurlu yürüşlər etdi. Böyük qənimətlə geri qayıtdı. Bu qələbələr Məhəmmədin şöhrətini artırdı, qonşu dövlətlər ondan çəkinməyə başladılar. O, öz adına pul da kəsdirdi. Məhz bu tədbirlərinə görə Sacilər dövlətinin yaranması onun adı ilə bağlanılır. Paytaxtı Marağa, sonra Ərdəbil şəhərləri olan Sacilər dövlətində hakimiyyət başına gələn Yusif ibn Sac 912-ci ildən etibarən Xilafət xəzinəsinə göndərdikləri xəracı dayandırdı. O, Şirvanşahlar dövlətini də Sacilər dövlətindən asılı hala salıb Həmədan və Zəncandan Dərbəndə qədər, qərbdə AniDəbil, şərqdə Xəzər dənizinədək uzanan bütün Azərbaycan torpaqları ilk dəfə vahid dövlət şəklində Sacilər dövlətinin ərazisinə birləşdirdi. Dövlətin sərhədlərini möhkəmləndirmək üçün Yusif Dərbənd səddini təmir etdirdi. 917-ci ildə Yusif ibn Əbu Sac müstəqil siyasət yürütməsi səbəbilə xəlifənin ona qarşı göndərdiyi ordunu məğlub etdi. O bu qələbədən sonra öz adına pul kəsdirərək Xilafətdən asılı olmadığını bir daha nümayiş etdirdi.

Salari dövləti: Salari sülaləsinin (türk mənşəli) nümayəndəsi Mərzban ibn Məhəmməd (941-957) sonuncu Saci hökmdarı Deysəmə qalib gəldi. O, 941-ci ildə Sacilərin paytaxtı Ərdəbili tutub yeni dövlətin əsasını qoydu (941-981). Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə saldıqdan sonra Dərbəndi ələ keçirdi. Şərqi Gürcüstanı özünə tabe etdi. Dövlətin sərhədləri bir az da genişləndi. Xəzər dənizində ticarət gəmiləri üzməyə başladı. Azərbaycan torpaqları yenidən vahid dövlət halında birləşdirildi. Mərzban ibn Məhəmməd feodal özbaşınalıqlarının qarşısını almaq məqsədilə Qanunnamə hazırladı, vergi işində qayda qanun yaratdı. Vilayətlərdən alınan vergini nizama saldı, maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə əsasən aşağıdakı vergilər toplanırdı: 1-torpaq və əmlak vergisi; 2-asılı ölkələrin hakimlərindən alınan illik xərac. 957-ci ildə Mərzban ibn Məhəmməd öldü. Onun ölümündən sonra oğlanları və qardaşı Vəhsudan (957-962) arasında hakimiyyət uğrunda gedən mübarizə nəticəsində Salarilər dövləti zəiflədi və parçalandı. Mərzbanın oğlu İbrahimin (962-981) dövründə səltənətin əvvəlki şöhrətini bərpa etmək cəhdləri özünü doğrultmadı.

Rəvvadi dövləti: 981-ci ildə Marağa, Təbriz, QaradağƏhərin irsi hakimi olan ərəb mənşəli Rəvvadi nəslindən olan Əbülhica axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan saldı və Rəvvadilər dövlətinin (981-1054) əsasını qoydu. Paytaxtı əvvəl Ərdəbil, sonradan Təbrizə köçürüldü. Rəvvadilər ərəb mənşəli olsalar da, artıq türkləşmişdilər. Onların dövründə yerli türk tayfalarının mövqeyi gücləndi. Hətta 1028-ci ildə Rəvvadi Vəhsudan (1020-1059) sultan Mahmud Qəznəvi tərəfindən məğlub edilmiş oğuzlardan 2000 ailəni dostcasına qəbul etdi. Onun bu addımı regionda Azərbaycan türklərinin mövqeyini daha da gücləndirdi. 1042-ci ildə Təbrizdə güclü zəlzələ nəticəsində bir çox binalar və qalalar dağıldı, 40 mindən artıq adam öldü, şəhərin müdafiə qabiliyyəti zəiflədi. 1054-cü ildə Sultan Toğrulun başçılıq etdiyi səlcuq türkləri Təbrizə hücum etdilər. Hücuma hazır olmayan Vəhsudan müqavimət göstərə bilmədi. Ərəb tarixçisi İbn əl Əsirin yazdığına görə, səlcuq hakimi Sultan Toğrul bir sıra qələbələrdən sonra 1054-cü ildə Təbrizi tutdu. Səlcuqlara tabe olan Rəvvadilər tədricən faktiki (real) müstəqilliklərini itirdilər. 1065-ci ildə səlcuq sultanı Alp Arslan Rəvvadilər dövlətinin formal (rəsmi) varlığına son qoydu.

Şəddadi dövləti. Tiflis müsəlman əmirliyi: Türk mənşəli olan Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbili tutdu və müstəqil əmirlik yaratdı. Onun ölümündən sonra böyük oğlu Əli Ləşkəri (971-978) 971-ci ildə Salari hökmdarı İbrahimin Gəncədəki naibini qovaraq burada hakimiyyəti ələ keçirdi və Şəddadilər dövlətinin əsasını (971-1054) qoydu. Ləşkəri az müddət ərzində Bərdəni və Şəmkiri öz dövlətinə birləşdirdi. Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti daha da gücləndi. O, Gəncə ətrafındakı feodal mülklərini ləğv etdi, Beyləqanı Şəddadilər dövlətinə birləşdirməklə mərkəzi hakimiyyəti gücləndirdi. Gürcü və xəzərlərə qarşı uğurlu müharibələr apardı. Fəzl ibn Məhəmməd Şirvanşahlar dövləti ilə qohumluq əlaqəsi, Azərbaycanın cənubunda hökmranlıq edən Rəvvadilərlə və Tiflis müsəlman əmirliyi ilə dostluq əlaqələri saxlayırdı. Ticarət və hərbi məqsədlə Araz çayı üzərində Xüdafərin körpüsünün (1027) salınması da onun adı ilə bağlı idi. Əbüləsvar Şavurun (1049-1067) dövründə dövlət daha da gücləndi. Şavur iqtisadi, ictimai həyatda və xüsusilə orduda bir sıra faydalı islahatlar keçirərək Gürcüstanla və Şirvanşahlarla müharibələr apardı. O, 1062-ci ildə alanların yürüşündən müdafiə olunmaq məqsədilə Gəncənin ətrafına xəndək qazdırıb qala divarları çəkdirdi. Onun tapşırığı ilə İbrahim Osmanoğlu 1063-cü ildə Gəncənin qala qapılarını düzəltdirdi. Lakin siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Şavur hakimiyyətinin sonunda Səlcuq dövlətinin vassalığını qəbul etməyə məcbur oldu. 1054-cü ildə faktiki (real) müstəqilliklərini itirən Şəddadilər dövlətinin axırıncı əmiri olan III Fəzlin dövründə (1074-1088) Səlcuq dövləti ilə münasibətlər kəskinləşdi. Səlcuq türkləri Şəddadilərin daxili müstəqilliyini özləri üçün təhlükə hesab edirdilər. Ona görə də Səlcuq sultanı I Məlikşah öz sərkərdəsi Buğanı qoşunla Gəncəyə göndərdi. Buğa 1088-ci ildə Gəncəni tutdu və Şəddadilər dövlətinin tarixi sona çatdı. I Məlikşah Gəncəyə öz əmirini hakim təyin etdi. Az sonra Şəddadilərin bütün ərazisi ələ keçirildi. Əvvəllər bütün Şərqi Gürcüstan Tiflis əmirinə tabe idi. Sonralar Xilafətin zəifləməsi nəticəsində buradakı ərəb əmirliyinin ərazisi Tiflis və ətraf ərazilərə məhdudlaşdı. IX əsrdən etibarən əmirliyin müstəqillik uğrunda mübarizəsi başlandı və 80-ci illərdə onlar buna nail oldular. 1121-ci ildə baş vermiş Didqori döyüşü nəticəsində 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edilərək Gürcüstan dövlətinin tərkibinə qatıldı. Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 sülalənin - Şüeybilər, Şeybanilər və Cəfərilər sülalələrinin əlində cəmləşmişdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin