Güclü təsirli zəhərləyici maddələrlə zəhərlənmələr, göstərilən ilk tibbi yardım Kimyəvi təhlükəli obyektlərdə partlayış zamanı boğucu təsirli, ümumi zəhərləyici təsirli,
neyrotrop təsirli və onların qarışıq formalı zəhərlənmələrinə rast gəlinir.
Boğucu təsirli zəhərləyici maddələr qrupuna tənəffüs orqanlarına təsir göstərən maddələr aiddir.
Kliniki gedişi ağciyərlərin kəskin ödemi ilə müşahidə olunur. Bu maddələr 2 qrupa bölünür: 1. Tez təsiredici xlor, üçxlorlu fosfor, fosfor oksixloridi-ağciyərlərdə iltihabi- nekrotik dəyişikliklər
əmələ gətirir, gizli dövrü yoxdur.
2. Ləng təsiredici -fosgen, kükürd xloridi-gizli dövrü var və kliniki əlamətlər ləng inkişaf edir.
Xlor - sarımtıl-yaşıl rəngli, kəskin qoxulu qazdır, havadan 2,5 dəfə ağırdır. Zədələnmənin
xüsusiyyəti konsentrasiyadan asılıdır. İlk simptomlar (orta konsentrasiyada): göz, burun və boğazda
qıcıqlanma elementləri yaranır, tənəffüs çətinləşir, səthidir, ağrılıdır. Zərərçəkən həyəcanlanır. 2-3
saatdan sonra ağciyər ödemi başlayır. Yüksək dozalarla zəhərlənmə zamanı tənəffüs və damar
mərkəzlərinin iflici nəticəsində qısa müddətdə ölüm (ildırımvari ölüm) baş verir.
Üçxlorlu fosfor - kəskin qoxulu rəngsiz mayedir. Tənəffüs zamanı burunda və boğazda
göynəmə, ağrı, döş nahiyəsində sıxıntı, öskürək, zökəm, afoniya olur. Göz ağrısı, gözlərin sulanması,
konyuktivit baş verir. Bəzi hallarda görmə qabiliyyəti tam itir. Zəhərin uzun müddətli təsiri nəticəsində
yuxarı tənəffüs yollarında iltihabi-nekrotik dəyişikliklər və ağciyər ödemi olur.
Fosgen - çürük alma iyli, rəngsiz qazdır. Gizli dövrü 1 -24 saat davam edir. Bu dövrün sonunda
tənənffüs tezləşir, səthiləşir və ağciyərlərin ödemi başlanır. Təngənəfəslik çoxalır, bəlğəmli öskürək
olur. Dəri və gözlə görünən selikli qişalar göy rəng alır. Xəstənin vəziyyəti ağırlaşdıqca dəri boz rəng
alır (boz hipoksiya).