Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 75
MÖVZU 36 Qanitirmə Qanaxmadan sonra DQH (dövr edən qanın həcmi) azalması nəticəsində baş verən hipoksiya ilə
əlaqədar orqanizmdə gedən patoloji prosseslərə qanitirmə deyilir.
Qanitirməyə ilkin reaksiya kimi xırda damarların spazmı və vegetativ sinir sisteminin tonusunun
artması olur. Buna görə həm kiçik, həm böyük qanitirmə ləng olarsa, A/T normada qalır və vaxtında
yardım göstərilərsə, letallığın qarşısı alına bilər. Qanitirməyə həssaslığı yorğunluq, soyuqlama, qızma,
travma, şok, ionlaşdırıcı şüalanma artırır. Şərti olaraq hesab edilir ki, bud sümüyü sınığında qanitirmə
1000-1500 ml, baldır sümüklərinin sınığında 600-700ml, bazu sümüyünün sınığında 300ml, said
sınığında 100-200ml, çanaq sınığında 1500-2000ml təşkil edilir.
Qanitirmənin dərəcəsini Alqover (şok əmsalı) əmsalı ilə müəyyənləşdirmək mümkündür. Bu
nəbzin sistolik təzyiqə nisbətinə bərabərdir. A/T normada A=60/120=0,5
I dərəcəli qanitirmə (kiçik) A=100/100=1 (DQH-nın 15-20%)
II dərəcəli qanitirmə (orta) A=120/80=1,5 (DQH-nın 25-45%)
III dərəcəli qanitirmə (böyük) A=140/70=2 (DQH-nın 50%)
IV dərəcəli qanitirmə (massiv, ölümcül) A=2 (DQH-nın 70% və daha çox)
Nəzərə alsaq kişilərdə qanın həcmi təxminən 5200ml, qadınlarda 3900ml, qanitirmənin kritik
nöqtəsini müəyyən etmək olar. Bu zaman terminal vəziyyət, aqonal tipli tənəffüs və ölüm baş verir.
Qanitirmənin fəsadı kimi hemorragik şok simptomları meydana çıxır. Kəskin massiv qanitirmə
zamanı yaralılar başağrısından, gözlərin qaralması və baş gicəllənmədən, ürəkbulanmadan,
susuzluqdan və çox əsnəməkdən şikayət edirlər. Müayinə zamanı: dəri və gözlə görünən selikli
qişaların avazıması, soyuq yapışqan tər, tezləşmiş tənəffüs, tez və zəif nəbz qeyd olunur. Yaralının
vəziyyəti ağırlaşdıqca, A/T enir, huş pozulur, bəbəklər genəlir, patoloji tənəffüs müşahidə olunur.