Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 88
Elektrik zədələnmələri Bu cür zədələnmələr mərkəzi sinir sisteminə elektrik cərəyanı təsir edərkən baş verir. Yüngül
zədələnmə qısa müddətli özündəngetmə halı ilə xarakterizə olunur. Ağır zədələnmə zamanı adam
huşunu itirir, onun nəfəsi və ürək fəaliyyəti zəifləyir. Belə vəziyyətə düşmüş adam bəzən meyidə
oxşayır. Bədənin elektrik məftilinə toxunan səthində ortası bir qədər əzilmiş sarımtıl ləkə müşahidə
edilməsi mümkündür. Qısaqapanma zamanı adam termik yanıqlara da məruz qala bilər. Tibbi yardım
göstərərkən ilk tədbir – adama elektrik cərəyanının təsirini kəsməkdir. Yardım göstərən şəxs elektrik
cəryanı mənbəyini şəbəkədən açmalıdır. Əgər mümkün olmursa, onda cərəyan altında olan məftili
zədələnən adamdan kənar etməlidir. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik cərəyanı altında
olan adamın özü də cərəyan keçiricisinə çevrildiyinə görə, ona çılpaq əllə toxunmaq olmaz. Cərəyanın
təsirindən xilas edilməmiş adamı ancaq rezin əlcəklərlə və ya ələ quru əsgi sarıyıb, onun paltarının
quru hissəsindən yapışıb, yaxud quru taxta üzərində dayanaraq və belə taxtanı zədələnmiş adamın
altına itələyərək cərəyan məftilindən ayırmaq lazımdır. Metal əşyalardan istifadə etmək olmaz. Bundan
sonra, huşsuz halda olan adamı arxası üstə uzadır, köynəyinin yaxasını və bel kəmərini açır, ona
naşatır spirti iylədirlər. Nəfəsi və ürək fəaliyyəti dayandıqda süni tənəffüs verir və ürəyi xaricdən
massaj edirlər. Bədənin elektrik cərəyanından zədələnmiş sahəsinə steril sarğı qoyurlar.
Günvurma Orqanizmin həddən artıq qızması zamanı adamlarda günvurma və ya istilikvurma baş verə bilər.
Bu xəstəliklərin əsas əlamətləri bədənin hərarətinin 40-41ºC-yə yüksəlməsi, nəbzin dəqiqədə 150-170
və tənəffüsün dəqiqədə 30 dəfəyədək tezləşməsi, sifətin kəskin sürətlə qızarması, bəzən isə avazıması,
çox güclü tərləmə, başın gicəllənməsi və baş ağrılarıdır.
İlk tibbi yardım göstərərkən zərərçəkəni kölgəli yerdə uzadır, paltarın yaxasını və bədəni sıxan
digər yerlərini açıb boşaldır, başa və sinəyə yaş dəsmal qoyur, su içirdirlər. Adam huşunu itirdikdə
gicgahlarına naşatır spirti sürtür, nəfəsi kəsildikdə süni tənəffüs verilir , ürəyin fəaliyyəti dayandıqda
xarici ürəyin massajı aparılır.
İlanvurma Zəhərli ilan adamı vurduqda onun zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra zəhərli ilanların
zəhəri insan həyatı üçün olduqca təhlükəlidir və vaxtında yardım göstərilməzsə ölümə səbəb ola bilər.
İlan vuran zaman ilk tibbi yardım göstərərkən dərhal ilanın dişlədiyi yerdən yuxarıda turna
qoyurlar. Sonra yara yerinə banka qoymaqla və ya yardım götərən adamın ağız boşluğu sağlamdırsa
zəhəri sormaqla kənar edirlər. İlan vurmuş yeri 1%-li kalium-permanqanat məhlulu ilə yuyur, həmin
yerə buz qoyurlar. Zədələnmiş şəxsi dərhal ən yaxın tibb müəssisəsinə aparırlar. Ən təsirli profilaktika
və müalicə vasitəsi-ilan zəhəri əleyhinə serum vurmaqdır.