MÖVZU 3. İQTİSADİ İNKİŞAFIN EKOLOGİYALAŞDIRILMASININ ƏSAS İSTİQAMƏTLƏRİ VƏ DAVAMLI İNKİŞAF
1. Ekoloji-iqtiadi sistem. İqtisadi inkişafın ekologiyalaşması
2.İqtisadi inkişafda davamlı inkişaf
3.Azərbaycanın davamlı inkişafa keçid konsepsiyası
1. Ekoloji-iqtiadi sistem. İqtisadi inkişafın ekologiyalaşması
Ekonomika və ekologiya sözləri arasındakı dərin əlaqə adlarından da görünür. Ekologiya yunancadan hərfi tərcümədə ev, iqtisadiyyat isə ev təsərrüfatının idarə edilməsi mənasını bildirir. İqtisadiyyat müasir anlamaya görə istehsal şəraitini və onun formalarını, əmtəə mübadiləsini, o cümlədən onun paylanmasını əhatə edir. İstənilən ölkənin iqtisadiyyatı çox böyük sistem olub, müxtəlif sahələrdən ibarətdir. İqtisadiyyatın hər bir halqası sistemin komponenti kimi başqalarından nə isə almaqla mövcud ola bilər. İqtisadiyyat özünün inkişafına görə daha qədim olmasına baxmayaraq müəyyən inkişaf mərhələsində ətraf mühitə təsiri güclənmişdir. Xüsusi ilə sənayenin və kənd təsərrüfatının sürətli inkişafı ətraf mühitə külli miqdarda tullantıların atılmasına şərait yaratmışdır. Həmin tullantıları aradan qaldırmaq üçün ekologiya elminin nailiyyətlərindən istifadə olunmaqla ətraf mühitin mühafizəsi üçün əlverişli şərait yaranır. Bu cəhətdən iqtisadiyyatla ekologiya bir-biri ilə bağlı kateqoriya olub, vəhdət təşkil edir. Lakin ilk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat ekoloji göstəricilərlə müqayisədə nisbətən sərbəst inkişaf etmişdir. Bununla yanaşı cəmiyyət bütün tarixi dövrlərdə təbii ehtiyatlardan asılı vəziyyətdə olmuş və ondan istifadə etməklə öz tələbatını ödəmişdir. İqtisadiyyatla ekologiya arasında əlaqə insanın dəyişdirdiyi təbii aləmin onun təsərrüfatına əks təsiri aydın olandan sonra dərk olunmağa başlanmışdır. Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi sayılan işçi qüvvəsinin sağlamlığı üçün təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalıdır. Eyni zamanda iqtisadiyyat yalnız gəlir mənbəyi deyil, ümumi ekoloji hadisələri özündə cəmləşdirməklə onların həllinə şərait yaradır. Müxtəlif növ təbii ehtiyatlardan istifadə, həmçinin ayrılıqda iqtisadi sahələrin formalaşmasına zəmin yaradır. İqtisadi sahələrin meydana gəlməsi özü ilə bərabər müəyyən dərəcədə çirklənmə mənbəyi yaradır. İqtisadi amillərin təsiri altında yaranan ekoloji problemlər iqtisadi sahələrdən əldə olunan gəlirlər vasitəsilə həll olunur.
Dostları ilə paylaş: |