Bütün təbii sərvətlər – torpaq, su, meşə, bitki örtüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən istehlak dəyərinə malikdir və buna görə onlar pul ifadəsində qiymətləndirilə bilər.
İqtisadi qiymətləndirilmənin əsas göstəricisini mineral xammal ehtiyatlarının istehlak dəyəri və onlardan alınan məhsulların qiyməti təşkil edir. Qiymət isə istehsal prosesində bu və ya digər məhsula çəkilən zəruri əməyin meyarı kimi çıxış edir.
İqtisadi qiymətləndirmə istər mineral xammal sərvətlərinin, istərsə də ictimai əməyin məhsuldarlığına və qənaətinə təsir edən və müxtəlif keyfiyyətli istehsal vasitələrinin faydalılığını göstərən iqtisadi kateqoriyadır.
Təbii sərvətlərin qiymətinin və istifadə prosesində səmərəsinin müəyyən edilməsi bir qədər mürəkkəbdir. Belə ki, müxtəlif keyfiyyətli sərvətlərdən alınan məhsulun həcmi onlara qoyulan vəsaitlərin həcmindən asılı deyildir. Buna görə ictimai zəruri əmək məsrəfləri ilə müəyyən şəraitdən asılı olan fərdi məsrəflərin arasındakı fərq differensial gəliri (rentanı) təşkil edir. Daha əlverişli təbii şəraitdə yerləşən keyfiyyətli sərvətlərin istismarı dövründə əlavə gəlir (renta) alınmasını təmin edir.
Torpaq, su, meşə sərvətlərinin, eləcə də faydalı qazıntı mədənlərinin qiymətləndirilməsinin əsası kimi sərf edilmiş canlı və maddiləşmiş əməyin, əsaslı vəsait qoyuluşlarının yüksək səmərəsini müəyyən etmək mühüm məsələ kimi həll edilməlidir.
İstifadə edilən bu və ya digər təbii sərvətlərin qiymətləndirilməsinin əsas göstəricisi – onlara olan cari və perspektiv tələbatı təmin etmək, ən az ictimai əmək və xərc məsrəfləri şəraitində daha çox məhsul almaq, ekoloji mühitin, biosferin mühafizəsinə nail olmaqla təbii sərvətlərin kompleks və səmərəli istifadə edilməsidir. Komplekslilik və səmərəlilik meyarının əsasını ən az xərclə istehsalın inkişafında həmin sərvətlərin rolunu əks etdirən məcmu-təsərrüfat səmərəsi təşkil edir. Məhsuldar qüvvələrin səmərəli yerləşməsində ilkin və təkrar xammal sərvətlərinin iqtisadi qiymətləndirilməsi meyarını, istehsalın inkişafında özünü göstərən kəmiyyət və keyfiyyət göstəriciləri təşkil edir. Burada məsrəflərin səmərəliliyi nəzərə alınmaqla, əldə edilən son məhsulun həcminin müəyyən edilməsi də zəruri amil kimi çıxış edir. Mühüm göstəricilərdən biri də ilkin və təkrar xammalın hər vahidinə görə məhsul alınması və ya komplekslilik (son məhsulun ilkin xammala nisbəti) əmsalıdır.
Müasir dövrdə belə bir hal geniş yayılmışdır ki, müəssisələr çox vaxt zəngin filizlərdən istifadə edirlər və tərkibi nisbətən kasıb olan xammalı tullayırlar. Müəy-yən sərvətlərə nəzarəti həyata keçirən qurumların mövcudluğuna baxmayaraq, dağ-mədən sənayesi müəssisələri mineral sərvətlərin səmərəli istifadəsinə sadəcə inzibati məsuliyyət daşıyırlar. İlkin xammal sərvətlərindən istifadə üçün haqq olmadığına görə mineral sərvətlərinin səmərəli istifadəsində ayrı-ayrı müəssisələrin məsuliyyəti zəifləyir, nəticədə, külli miqdarda sərvət itirilir, əmək məhsuldarlığı aşağı düşür.
Sənayenin ilk və təkrar xammal sərvətlərilə planlı təmin olunması iqtisadiyyatın optimal inkişafının ayrılmaz ünsürüdür. Buna görə mineral xammal ehtiyatının səmərəliliyini, müəyyən məhsulun istehsalına sərf edilən biləcək son hədd məsrəflərilə müəyyən edilməsi əsaslı hesab edilə bilər.
İstehsalda təbiətin insanlara bəxş etdiyi xammal ehtiyatlarından səmərəli istifadə etmək üçün yaradılan geniş imkanlardan hələlik kifayət qədər istifadə olunmur. Dağ-mədən və emal prosesində çox hallarda külli miqdarda xammal itkisinə yol verilir ki, bu da ictimai zərərdən başqa ətraf təbii mühitin çirklənməsinə səbəb olur, insanların səhhətinə mənfi təsir edir.
Dostları ilə paylaş: |