AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
“Menecment” kafedrası
ƏTRAF MÜHİTİN İQTİSADİYYATI
(mühazirələr)
i.ü.f.d., İsmayılova H.Q.
Bakı – 2022
MÖVZU 1.
“ƏTRAF MÜHİTİN İQTİSADİYYATI” FƏNNİNİN PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
“Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış;
2.”Ətraf mühitin iqtisadiyyatı” elminin predmeti, məqsəd və vəzifələri.
3. “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi problemləri və metodları
4. Ətraf mühit və təbiətdən istifadə barədə ümumi məsələlər
1. “Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində insan cəmiyyəti yeni sivilizasiya fəzasına qədəm qoymuşdur. Insan cəmiyyətinin bütün tarixi inkişaf dövründən XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, yavaş-yavaş yeni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə əvəz olunmağa başlamışdır.
Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıqlı sosial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tapmaqdadır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf mühit arasında daha harmonik qarşılıqlı əlaqə təşkil edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına cavab verən və ətraf mühitin təbii-ehtiyat potensialının keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iqtisadiyyat formalaşdırılmalıdır.
Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələcək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət arasında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlərinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehtiyatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qarşısının alınması və ya onun mənfi təsirlərinin aradan qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin aktivləşdirilməsi məsələsi gündəmə gəlir.
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı, öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhətli problemlərlə üzləşir. Ona görə də, bu problem mərhələlərlə həll olunmalıdır.
“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və ictimai ixtisas verən Universitetlərdə və onların fakültələrində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatının ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanunauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsullarının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mühitin iqtisadiyyatı” kursuna dair mühazirələr oxunması və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil işi bu proqrama müvafiq olaraq keçirilir.
Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların iqtisadı və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiətdən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqtisadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən səmərəli variantlarının seçilməsi və təbiəti mühafizə xərclərinin mütləq və nisbi səmərəliliyinin qiymətləndirilməsi, təbiəti mühafizə fəaliyyətinin və ətraf mühitin mühafizəsinin maddi stimullaşdırılmasının idarə edilməsinin iqtisadi üsullarının öyrənilməsidir.
Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatına dair biliklərin tələbələrə ən yeni materiallar və faktlar əsasında öyrənilməsini aşılamaqda başlıca mənbədir. Tələbələrdə elmi işə həvəs aşılamaqlada bu kursun əhəmiyyəti böyükdür. Ona görə də, icmal mühazirələrdən sonra, onun öyrənilməsi baxılan məsələlərin məşğələlərdə müzakirə yolu ilə də ola bilər. Bu tədbirlər tələbələrdə müstəqil tədqiqat elementlərini aşılamaq üçün də faydalıdır. Xalq təsərrüfatı sahələrinə aid praktiki dərslər gələcək mütəxəssislərin təcrübi məlumatlarını artırır və əldə edilən bilikləri möhkəmlədir.
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə “Ətraf mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sahəyə tələb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öyrənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması yollarını müəyyən etməkdən ibarətdir.
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkündür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də yiyələnirlər.
Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji məsələlərinə dair müstəqil fənlər: “Ekoloji menecment”, “Ekoloji audit”, “Ekoloji marketinq” və s. mövcuddur. Bu dərslikdə yuxarıda adı çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-metodiki məsələlər əhatə olunmuşdur.
Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsaslar ətraf mühit məsələsində xüsusi yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır.
“Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox məsələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf mühit və təbiətdən istifadənin tədqiqində yeri; ekoloji-iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyəti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırılması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; maliyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə edilməsi və s.
Dostları ilə paylaş: |