Hissələrin xromlanması. Avtotəmir istehsalında qalvanik proseslərdən ən geniş tətbiq olunanı xromlamadır. Xromlamadan yeyilmiş hissələrin bərpasında, antikorrozia və dekorativ örtüklərin çəkilməsində istifadə edilir.
Xromlama səthi yüksək bərkliyə, yeyilməyə – davamlığa malik olan az yeyilmiş hissələri (pluncer cütlərini, porşen barmaqlarını, silindrləri və s.) bərpa etmək üçün istifadə edilir. Elektrolitik xrom yüksək turşuya və istiliyə davamlı olmaqla bərabər, həm də istənilən metalla möhkəm birləşmə qabiliyyətinə malikdir.
Xrom örtüklərinin xüsusiyyətləri xromlama recimindən, xüsusilə cərəyanın sıxlığından (Dk) və elektrolitin temperaturundan asılıdır. Bu parametrləri dəyişməklə müxtəlif xüsusiyyətə malik üç növ xrom örtüyü almaq olar: boz, parlaq və ağ rəngdə.
Xrom örtüklərinin çəkilməsi hissələrin yorulma möhkəmliyini 20-30% azaldır, buna səbəb daxili gərginliyin əmələ gəlməsidir.
mövzu 22. lehimləmə ilə hissələrin bərpası
Hissələrin bərk halda əridilmiş köməkçi (aralıq) metal və ya ərinti ilə birləşdirilməsi prosesinə lehimləmə deyilir. Köməkçi metalın ərimə temperaturu, birdəşdirilən metalların ərimə temperaturlarından aşağı olur.
Hissələri birləşdirən köməkçi metal və ya ərintiyə lehim deyilir. Lehimin ərimə temperaturundan asılı olaraq lehimləmə prosesi iki əsas növə bölünür:
1) asanəriyən (yumşaq) lehimlərlə (alçaq temperaturlu – ərimə temperaturu 4500S qədər) lehimləmə;
2) çətinəriyən (bərk) lehimlərlə (yüksək temperaturlu – ərimə temperaturu 4500S-dən böyük) lehimləmə.
Birləşdirilən hissələrin qızdırılmış materialları və əriyən lehimin qarşılıqlı diffuziyası nə qədər çox olarsa lehimləmə möhkəmliyi bir o qədər yüksək olar. Diffuziyanın dərəcəsi lehimin və əsas metalın xüsusiyyətlərindən, birləşdirilən hissələrin səthlərinin təmizliyindən, lehimləmə temperaturundan və bu temperaturda saxlama müddətindən asılıdır. Lehimləmə möhkəmliyinə həmçinin birləşdirilən hissələr arasındakı ara boşluğu böyük təsir göstərir. Onun qiyməti tikişin ölçüsündən asılı olaraq 0,05-0,2 mm hədlərində dəyişir.
Avtomobillərin təmiri zamanı lehimləmədən radiatorları, yanacaq baklarını və borularını, karbüratorları, elektrik avadanlığını, kabinaları və s. bərpa etmək üçün istifadə edilir.
Lehimləmə ilə bərpa üsulunun aşağıdakı üstünlükləri vardır: proses sadə və yüksək məhsuldarlığa malikdir, hissənin forma və ölçüləri, eləcə də kimyəvi tərkibi dəyişmir, asan əriyən lehimdən istifadə etdikdə metalın strukturu və mexaniki xassələri dəyişmir. Bərpadan sonra birləşməsinin emalı asan olur, bərpa xərcləri kiçik olur.
Asan əriyən lehimlə bərpanın nöqsan cəhətlərinə ərimə temperaturunun aşağı olmasını, birləşmənin möhkəmliyinin həmişə təlabata uyğun gəlməməsini (qaynaq birləşməsinə nisbətən zəif olmasını) aid etmək olar.
Lehimləmə zamanı lehim kimi təmiz metaldan və onların ərintilərindən istifadə edilir.
Lehimlərə aşağıdakı texnoloji tələblər qoyulur: lehimin ərimə temperaturu birləşdirilən hissələrin ərimə temperaturundan aşağı olmalıdır; lehim birləşməsi mexaniki möhkəmliyi, korroziyaya qarşı davamlığı, elektrik keçiriciliyi və digər xüsusiyyətləri təmin etməlidir; yüksək maye axıcılığa və birləşdirilən səthləri yaxşı islatma qabiliyyətinə malik olmalıdır, lehimin və birləşdirilən metalların termiki genişlənmə əmsalları bir – birinə yaxın olmalıdır.
Asan əriyən lehimlər əlvan metalların ərintilərindən ibarət olur. Asan əriyən lehimlərin ən geniş yayılan növü qalay – qurğuşun lehimləridir. Onların ərimə temperaturu 2800S-dən çox olmur.
POS-18, POS-30, POS-40, POS-50 və POS-61 markalı qalay – qurğuşun lehimləri daha geniş tətbiq olunur.
Rəqəmlər lehimdə qalayın faizlə miqdarını göstərir. Bu lehimlər əksər metalların səthlərini yaxşı isladır və yüksək plastikliyə malikdir.
Ərimə temperaturunun kiçik olması sadə lehimləyicilərlə lehimləmə aparmağa imkan verir. Lehimdə qalayın miqdarı çox olduqda birləşmənin mexaniki möhkəmliyi və korroziyaya davamlığı yüksəlir, lakin lehimin qiyməti artır.
Qurğuşun lehimin plastikliyini artırır.
R200 A və R250 A tipli tez əriyən qalay – sink lehimlərindən alüminium və onun ərintilərini, eləcə də misi lehimləmək üçün istifadə olunur.
Çətin əriyən lehimlər təmiz əlvan metallardan və yaxud onların ərintilərindən ibarətdir. Çətin əriyən lehimlərə mis – sink əsaslı lehimlər daxildir. Bu lehimlərin ərimə temperaturu 825-9050 S təşkil edir və tərkibində 36-65% mis (qalanı – sink olur) vardır. Bu lehimlər yüksək korroziyaya qarşı möhkəmliyə malikdir və birləşmənin möhkəmliyini 300-350 MPa qədər təmin edir.
Mis – sink qarışığından olan çətin əriyən lehimlərin nöqsan cəhətlərinə sinkin buxarlanmasını göstərmək olar. Sinkin buxarları intensiv olaraq oksidləşir. Sinkin buxarı işçilərin sağlamlığı üçün zərərlidir.
Mis – sink lehimləri polad və çuqun hissələrin, eləcə də misin, tuncun, bürüncün və onların ərintilərinin lehimlənməsində istifadə olunur.
PMS-36, PMS-48, PMS-54, L-62, L-68 markalı mis – sink lehimlərində rəqəmlər lehimdə misin faizlə miqdarını göstərir. Bu lehimlərdə sinkin miqdarını artırdıqda onun möhkəmliyi azalır, kövrəkliyi artır, lakin sink lehimin ərimə temperaturunu aşağı salır. Buna görə də bürüncü PMS-36, polad və çuqunu isə L-62 və L-68 lehimləri ilə bərpa etmək yaxşıdır.