Plan
10.1 İstehlakcıların həvəsləndirilməsi.
10.2 Vasitəcilərin həvəsləndirilməsi.
10.3. Satış heyətinin həvəsləndirilməsi.
10.1 İstehlakcıların həvəsləndirilməsi.
Satışın həvəsləndirilməsi alıcını və ya vasitəçiləri məhsulu almağa həvəsləndirən qısamüddətli tədbirlər kompleksi və ya məhsulun alınmasına görə verilən mükafatdır.
Satışın həvəsləndirilməsinin geniş yayılması aşağıdakı amillərlə izah edilir:
- alıcılıq qabiliyyəti aşağı olan istehlakçılar məhsulun qiymətinə çox həssasdırlar və buna görə də satışın həvəsləndirilməsi tədbirlərinə müsbət yanaşırlar. İstehlakçı baxımından istənilən həvəsləndirmə tədbiri son nəticədə öz əksini məhsulun qiymətinin aşağı düşməsində tapır;
- satışın həvəsləndirilməsi tədbirləri məhsulun qiymətini aşağı saldığından və istehlakçıları məhsulları almağa həvəsləndirdiyindən pərakəndə tacirlər istehsalçıdan həvəsləndirmə tədbirlərinin həyata keçirilməsini tələb edirlər;
- müasir dövrdə rəqabət mübarizəsi kəskinləşdiyindən ayrı-ayrı müəssisələr rəqabət üstünlüyü əldə etmək məqsədilə satışın həvəsləndirilməsinə çəkilən xərclərin həcmini artırırlar;
- reklamla müqayisədə satışın həvəsləndirilməsi tədbirləri satışın həcminin artırılmasına birbaşa və qısa müddət ərzində təsir edir, həmçinin onun satışın həcminin artırılmasına təsirini daha asan müəyyən etmək olur;
Satışın həvəsləndirilməsi prosesində 3 kateqoriya alqı-satqı iştirakçıları: istehlakçılar (alıcılar), vasitəçilər və satış heyəti (satıcılar) həvəsləndirilir.
İstehlakçıların (alıcıların) həvəsləndirilməsinin məqsədi müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirməklə və ya alıcılara, istehlakçılara müxtəlif mükafatlar təklif etməklə onları daha çox məhsul almağa, istehlakın həcmini artırmağa sövq etməkdir.
İstehlakçıların həvəsləndirilməsində konkret situasiyadan asılı olaraq kuponların verilməsi, qiymət güzəştləri, məhsul nümunələrinin pulsuz paylanması, lotereyalar, istehlakçılar arasında müsabiqələrin keçirilməsi, məhsulların kreditə verilməsi, bonus paketləri, istifadə edilmiş məhsulların əvəzinə yeni məhsulların verilməsi (qiymət fərqi ödənilməklə) və s. metodlardan istifadə edilir.
Kupon məhsulun satın alınması anında alıcıya qiymət güzəşti hüququ verən sertifikatdır. Kuponlar istehlakçı tərəfindən əvvələr satın alınmış və ya istifadə edilmiş məhsulların satışında onun üçün yeni olan məhsulların satışına nisbətən daha effektlidir.
Kuponlar istehsalçının və ticarət müəssisələrinin kuponlarına bölünürlər. İstehsalçının kuponları istehsalçı tərəfindən təklif edilən və həmin markanın satıldığı istənilən mağazada alıcıya qiymət güzəşti hüququ verən kuponlardır. Ticarət müəssisələrinin kuponlarına isə distribütorlar və ya pərakəndə ticarət müəssisələri tərəfindən buraxılan və yayılan kuponlar aiddir. Həmin kuponlardan yalnız onu buraxan topdansatış və ya pərakəndə ticarət müəssisələrindən məhsul almaqla istifadə etmək olar.
Satışın həvəsləndirilməsinin qiymət güzəştləri formasında müəyyən edilmiş həcmdə və ya kampaniyanın keçirildiyi müddət ərzində məhsul alan alıcılara müəyyən məbləğdə güzəştlər edilir.
Məhsul nümunələrinin pulsuz paylanması yeni məhsulların istifadə prosesində sınaqdan keçirilməsi məqsədilə həyata keçirilən tədbirlərdir. Bu tədbirlər, adətən, ucuz və tez-tez istifadə edilən məhsulların satışında istifadə edilir. O, müvəqqəti olaraq sınaq satınalmalarının sayını artırır.
Satışın həvəsləndirilməsinin kompensasiya forması məhsul satın alındıqdan sonra onun dəyərinin müəyyən hissəsinin alıcıya qaytarılmasını nəzərdə tutur və adətən, bir satınalmaya tətbiq edilir.
Lotereyalar istehlakçıya müəyyən bir prizi və ya müəyyən məbləğdə pulu udmağa imkan verən həvəsləndirmə tədbiridir.
Müsabiqələr və oyunlar mahiyyətcə lotereyaların oynanılması ilə eynidir, yəni qaliblərə müəyyən məhsullar və ya pul uduşu verilir. Fərq yalnız ondan ibarətdir ki, bu tədbirin iştirakçıları müəyyən biliklərə (müəssisə və ya onun məhsulu haqqında) və qabiliyyətə malik olmalıdırlar. Müsabiqənin iştirakçısı ən azı bir dəfə həmin tədbiri keçirən müəssisənin məhsulunu alan və ya xidmətindən istifadə edən şəxs ola bilər. İştirakçı verilən suallara düzgün cavab verməlidir.
Hədiyyələr müəyyən məhsulların alınmasına və ya təkrar satın alınmasına görə alıcılara müəyyən məhsulların pulsuz verilməsi və ya nisbətən ucuz qiymətə satılmasıdır. Bu həvəsləndirmə formasından, adətən, baha və çox az hallarda satın alınan məhsulların satışında istifadə edilir.
Bonus paketləri alıcıya a) daha çox miqdarda məhsul yerləşən qablardan (taralardan) istifadə edilməsi və ya b) güzəştli qiymətlərlə daha çox miqdarda məhsul təklif edilməsi hesabına istehlakçıları daha çox məhsul almağa təhrik edilməsi üzrə həvəsləndirici tədbirdir [11, s. 379]. Bu tədbirin sayəsində istehsalçı (satıcı) faktiki olaraq məhsul vahidinin qiymətini aşağı salır və istehlakçılarda daha çox məhsul almağa maraq yaradır.
Dostları ilə paylaş: |