10.3.Satış heyətinin həvəsləndirilməsi.
Bu həm istehsalçı müəssisənin, həm də ticarət müəssisələrinin satış heyətinin alıcılara yüksək keyfiyyətli xidmətlər göstərməsində və bunun sayəsində alıcılarda məhsula və ya müəssisəyə müsbət münasibət yaradılmasında və satışın həcminin artırılmasında həlledici rol oynayır.
Satış heyətinin həvəsləndirilməsində ən geniş istifadə edilən həvəsləndirmə metodu onlara satışın həcminin artırılmasına görə əmək haqlarına müəyyən faiz həcmində əlavələr verilməsi və birdəfəlik mükafatların verilməsidir. Mütəxəssislər satıcının əmək haqqının 80%-nin maaşdan, 20%-nin isə əmək haqqına əlavələrdən ibarət olmasını təklif edirlər.
Satış heyətinin həvəsləndirilməsində həmçinin əlavə məzuniyyətlərin, müsabiqələrin və konfransların keçirilməsi, işçilərin şəkillərinin şərəf lövhəsinə vurulması, işçilərin ziyafətlərə və yubileylərə dəvət edilməsi, pulsuz putyovkaların verilməsi və digər həvəsləndirmə metodlarından istifadə edilir.
Satışın həvəsləndirilməsində ən vacib problemlərdən biri onun təşkili prosesidir. Onun təşkili aşağıdakı 6 mərhələni əhatə edir.
Məsələnin qoyuluşu. Bu mərhələdə hər bir məqsəd bazarında müəssisə qarşısında duran əsas vəzifələr və bu vəzifələrin yerinə yetirilməsində həvəsləndirmənin rolu və yeri müəyyənləşdirilir, bunun əsasında satışın həvəsləndirilməsinin məqsədi və strategiyası formalaşdırılır.
Həvəsləndirmə subyektlərinin müəyyənləşdirilməsi. Bu mərhələ müəyyən edilmiş məqsəd və strategiyaya uyğun olaraq hansı kateqoriya alqı-satqı iştirakçılarının, yəni kimlərin həvəsləndiriləcəyinin müəyyənləşdirilməsini əhatə edir.
Həvəsləndirmə metodlarının seçilməsi. Kimlərin həvəsləndirilməsi müəyyənləşdirildikdən sonra onların həvəsləndirmə metodları seçilir.
Həvəsləndirmə proqramlarının hazırlanması. Həvəsləndirmə proqramlarının hazırlanması hansı tədbirlərin nə vaxt, kim tərəfindən həyata keçiriləcəyini, onların məsuliyyətinin müəyyənləşdirilməsini, həvəsləndirməyə sərf ediləcək xərclərin məbləğinin hesablanmasını əhatə edir.
Həvəsləndimə proqramlarının realizasiyası. Bu mərhələdə həvəsləndirmə proqramlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir, zəruri hallarda bu proqramlara düzəlişlər edilir.
Həvəsləndirmənin nəticəsinin qiymətləndirilməsi. Həvəsləndirmənin nəticəsinin qiymətləndirilməsi faktiki göstəricilərin müəyyən edilmiş tapşırıqlarla müqayisə etmək yolu ilə həyata keçirilir.
Dostları ilə paylaş: |