10.2.Vasitəçilərin həvəsləndirilməsi. Vasitəçilərin həvəsləndirilməsinin məqsədi onları müəssisənin məhsullarının daima satışda olmasını təmin etməyə, onların yayımını və satışını yüksək effektlə həyata keçirməyə, bu məhsulların satış ərazilərini və istehlakçılarını genişləndirməyə stimullaşdırmaqdır.
Vasitəçilərin həvəsləndirilməsində ən çox məhsul partiyasının həcminə görə qiymət güzəştləri, bonus paketi, məhsula görə kompensasiya, yerə görə haqq ödənilməsi, metodlarından istifadə edilir.
Vasitəçilərin həvəsləndirilməsində ən geniş yayılmış həvəsləndirmə metodu məhsul partiyasının həcminə və təkrar satınalmalara görə onlara edilən qiymət güzəştləridir. İstehlakçılara edilən qiymət güzəştlərindən fərqli olaraq vasitəçilərə edilən qiymət güzəştlərinin səviyyəsi çox yüksək olur.
Məhsula görə kompensasiya istehsalçının məhsulun mağazadaxili himayəsi, məsələn, vitrinlərin və ya mağazadaxili göstəricilərin tərtibi məqsədilə pərakəndə tacirlərə ödədiyi ödənişlərdir .
Yerə görə haqq ödənilməsi istehsalçının məhsulun mağazada, topdansatış ticarət müəssisələrində olmasının, onların vitrinlərdə və ya piştaxtalarda yerləşdirilməsinin təmin edilməsində vasitəçiləri maraqlandırmaq məqsədilə ödədiyi ödənişlərdir.
İstehsalçıların vasitəçilərin həvəsləndirilməsində istifadə etdiyi həvəsləndirmə metodlarından biri də onlarla birgə reklam kampaniyalarının, sərgilərin və yarmarkaların təşkilidir. Bu məqsədlə istehsalçılar vasitəçilərin həyata keçirdikləri reklam kampaniyalarına yardım edir və ya onu maliyyələşdirir, yaxud da qeyd edilən tədbirlərin həyata keçirilməsi məqsədilə birgə fondlar yaradırlar. Məsələn, ABŞ-da qablaşdırılmış məhsul istehsalçıları reklam və satışın həvəsləndirilməsinə ayırdıqları vəsaitin 50%-ni pərakəndə tacirlərə sərf edirlər .
İstehsalçılar ticarət müəssisələrinin kuponlarının ödənilməsi məqsədilə də onlarla müştərək fondlar yaradırlar.
Vasitəçilərin həvəsləndirilməsində istifadə edilən həvəsləndirmə metodlarından biri də satılmayan məhsulların istehsalçıya qaytarılması metodudur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, istehsalçı öz məhsulunun satılmayacağı təqdirdə onun geri götürülməsinə və məhsulun haqqının yalnız məhsul satıldıqdan sonra ödənilməsinə dair vasitəçiyə zəmanət verir. Bununla, istehsalçı öz məhsulunun satışa qəbul edilməsində vasitəçinin marağını artırır. Çünki, bu halda vasitəçi məhsulun satılmaması ilə əlaqədar olan risklərdən azad olur və heç nə itirmir, məhsul satıldıqda isə əlavə gəlir əldə edir. Bu həvəsləndirmə metodu müəyyən mənada konsiqnasiya əsasında satışın oxşarıdır.
Dostları ilə paylaş: |