Q. Epidemiya, epizootiya, epifitotiya
Kəskin yoluxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında yayılmasına epidemiya, heyvanlar arasında yayılmasına epizootiya, bitkilərə yoluxmasına isə epifitotiya deyilir. Epidemiya və epizootiyalar həqiqi təbii fəlakət xarakteri daşıya bilər. Epifitotiya və müxtəlif zərərvericilərin külli surətdə yayılmasının da fəlakət dərəcəli olması mümkündür. Yoluxucu xəstəliklərin törədiciləri mikroblardır; onlar bu növlərə ayırd edilir: bakteriyalar, viruslar, riktersiyalar və göbələkciklər.
Epidemik xəstəliklər ilkin yoluxma ocaqlarından ətrafa müxtəlif yollarla və vasitələrlə geniş yayıla bilər. Yoluxcu (ineksion) xəstəliklərin yayılmasına insanların həyat şəraiti, immuniteti, əhalinin ümumi sanitariya mədəniyyəti səviyyəsi, əhali arasında xəstəliklərin yayılmasının qarşısının alınmasına yönəldilən müalicə-profilaktika və sanitariya-profilaktika işlərinin keyfiyyəti, ilin fəsli və digər amillər təsir göstərir. İnfeksion xəstəliklər törədən mikroblar aşağıdakı əsas xüsusiyyətlərə malikdirlər:
xəstə adamdan sağlam adama keçməklə insanlar arasında geniş sirayət etmək və kütləvi yoluxmalar törətmək; gizli inkişaf (inkubasiya) dövrünə malik olmaq;
xəstəliyin aşkar edilməsi və diaqnostikası prosesinin çətin olması və xeyli vaxt tələb etməsi; bir sıra törədicilərin ərzaq məhsullarında, suda, torpaqda, müxtəlif əşyaların və paltarın səthində, eləcə də həşəratın orqanizmində uzun müddət qala bilməsi.
Xəstəliklər müxtəlif yollar və vasitələrlə keçir (yayılır):
tənəffüz orqanları vasitəsilə;
yoluxmuş ərzaq məhsullarından, alafdan və sudan istifadə edərkən;
yoluxmuş əşyalara toxunarkən;
xəstə adamlar və heyvanlarla təmasda olarkən;
xəstəlik daşıyıcı həşərat və gənələr dişləyərkən;
İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.
Epizootiya - rayonda və ya ölkədə, bəzən isə bütün qitədə heyvanlar arasında xəstəliyin geniş yayılmasına deyilir. Həmçinin zərərvericilərin geniş yayılması da xalq təsərrüfatına, xüsusən də meşə və kənd təsərrüfatlarına ciddi ziyan vurur.
Epifitotiya - bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə səciyyəvidir: dənli bitkilərin pas xəstəliyi; çəltiyin göbələkcik xəstəliyi (pikularioz); fitoftoroz, yaxud kartof çürüməsi-kartofun yarpaq, budaq və kökünü çürüdən ən zərərli göbələkcik xəstəliyi və s.
Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə edilməməsi nəticəsində də bitkilər məhv ola və ya xəstəliklərə məruz qala bilər.
Dostları ilə paylaş: |