Məhsulun fərqləndirilməsi (differensasiyası). Bertran modeli firmaların tamamilə yekcins məhsul buraxmasını nəzərdə tutur. Lakin, əgər firmaların məhsulları fərqləndirilibsə, onda duopolistik qiymət rəqabəti heç də qiymətlərin, Bertran modelində olduğu kimi, son hədd xərclərinədək aşağı salınmasına gətirib çıxarmaya bilər. Bu halda qiyməti aşağı salan firma rəqibin bazar payını özü üçün heç də mütləq şəkildə təmin etmiş olmur.
Dinamik rəqabət. Bertran modelinə əsasən firmalar yalnız bir zaman anında rəqabət aparırlar, yəni qiymət bir dəfə, amma həmişəlik təyin olunur. Firmalardan birinin qiyməti məqsədyönlü şəkildə aşağı salmasının gözlənilən nəticələrindən biri budur ki, rəqib firma da buna cavab olaraq qiyməti aşağı sala bilər ki, bu da qiymət savaşlarına gətirib çxara bilər. Bu halda qiyməti aşağı salan firma, çətin ki, rəqibin bütün bazar payını əlindən ala bilsin, hətta müəyyən qədər pay götürə bilsə də. bu müvəqqəti ola bilər. Bertran modeli statik olduğundan, o, əvəzçıxma imkanını nəzərə almır.