Oliqopoliya modelləri: mahiyyəti və təsnifləşdirilməsi. Əvvəlki mövzuda artıq qeyd olunduğu kimi, oliqopoliya bazarının səciyyəvi əlamətlərindən biri istehsalçı/satıcı firmaların qərar və davranışlarının bir-birindən qarşılıqlı asılılığıdır. Hər bir oliqopolist firma nəzərə alır ki, müəyyən qiymətə onun sata biləcəyi məhsulun miqdarı və əldə edəcəyi mənfəətin miqdarı həm də rəqiblərinin davranışlarından (qəbul edəcəkləri qərarlarından) asılıdır. Buna görə də oliqopol firmaların strateji davranışlarını (qərarlarını) öytənmək üçün xüsusi iqtisadi modellərdən istifadə olunur ki, bunlar da oliqopoliya modelləri adlandırılır. Başqa sözlə, oliqopoliya modelləri – müxtəlif situasiyalarda oliqopol firmaların strateji davranışlarını (qərarlarını) proqnozlaşdırmaq üçün istifadə olunan xüsusi iqtisadi “oyun” modelləridir.
Bazarda olan rəqiblərin davranışlarının xarakterindən və qərarvermə şərtlərindən asılı olaraq oliqopoliya modelləri müxtəlif cür təsnifləşdirilir.
Oliqopolist firmaların qəbul etdikləri qərarlarının qarşılıqlı razılaşdırılıb-razılaşdırılmaması xarakterindən asılı olaraq koopertativ və qeyri-kooperativ modellər fərqləndirilir:
qeyri-kooperativ modellərdə firmaların bir-birinin qərarlarından xəbəri olmadan, lakin rəqiblərin güman olunan optimal reaksiyalarını nəzərə alaraq qərarlar verdiyi situasiyalar nəzərdən keçirilir (Kurno modeli, Ştekelberq modeli, Bertran modeli və s.) ;
kooperativ modellərdə isə oliqopolist firmalar arasında məxfi (gizli) və qeyri-aşkar sövdələşmə hallarında firmaların strateji davranışları öyrənilir (kartel modeli, qiymət liderliyi modeli və s.)
Oliqopoliya modelləri həm də strateji dəyişilənlərə görə fərqləndirilir:
oliqopoliyanın miqdar modellərində firmalar məhsulun istehsal/satış həcmi (miqdarı) ilə bağlı strateji qərar verirlər (Kurno modeli, Çemberlin modeli, Ştakelberq modeli);
oliqopoliyanın qiymət modellərində isə firmalar məhsulun qiyməti ilə bağlı strateji qərarlar verirlər (Bertran modeli, Ecuort modeli).
Firmaların qərarları qəbul etməsinin zaman müəyyənliyi baxımından oliqopoliya modelləri statik və dinamik olur:
statik modellərdə firmalar qərarları eyni anda və birdəfəlik verirlər (Kurno və Bertran modelləri);
dinamik modellərdə isə firmalar qərarlarını ardıcıl olaraq (növbə ilə) qəbul edirlər və hər birinin qərarı digər firmanın qərarına reaksiya xarakteri daşıyır (Ştakelberq və Ecuort modelləri).
Dostları ilə paylaş: |