Bi-Zet – iysiz, dadsız, ağ kristallik maddədir.
Toksiki xassələri: Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər.
Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 3060 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
İlk yardım: Zəhərlənənlərə tibbi yardım ancaq tibb müəssisələrində göstərilə bilər, çünki müalicə üçün zəhərlənmənin dəqiq diaqnozu qoyulmalıdır ki, zəruri olan dərman preparatlarından istifadə edilsin.
DLT- dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristal maddədir. Suda yaxşı həll olur.
Toksiki xassələri: DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs aldıqda, dəri və yara vasitəsi ilə qana keçdikdə insan psixikasına təsir göstərir. DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu. Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. İnsan orqanizminə DLT daxil olduqdan 15-20 dəq. sonra yorğunluq, həyəcan, baş gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, əllərin soyuması və titrəməsi əlamətləri baş verir. Eyni vaxtda dərinin qızarması, yaxud solğunlaşması, istilik yaxud soyuqluq hissləri, tərləmə, güclü selik axması və ürəkbulanma əlamətləri müşahidə olunur. Göz bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə zəifləyir. Başlanğıc faza dozanın miqdarından və DLT-nin orqanizmə daxil olma yollarından asılı olaraq 40 dəqiqədən 1,5 saata qədər davam edə bilər.
Psixoz faza zəhərlənmiş insanın emosional əhvalının dəyişməsinə və özünü aparmasına təsir edir. Bəzi insanlarda əhvalın pis olması, vahimə hissi, iradənin zəifləməsi, depressiya, digərlərində isə yüksək hal-əhval, səbəbsiz gülüş, yersiz danışıqlar və aqressiv hərəkətlər meydana çıxır. Bu hisslər 5-8 saat davam edir.
Sonuncu fazada somatik və vegetativ pozğunluqlar yox olur. Bu faza 16-18 saat, hərdən 1,5-2 sutkayadək davam edir.
Psixoloji təsir edən minimal doza 0,0005 mq/kq.
İlk yardım: Hazırda psixokimyəvi zəhərləyici maddələrin orqanizmdə əmələ gətirdiyi biokimyəvi dəyişikliklər lazımi qədər öyrənilməmişdir. Əgər psixokimyəvi zəhərləyici maddələr mədəyə düşərsə, onu yaxşı yuduqdan sonra 10-15 qram aktivləşdirilmiş kömür verilir.